Azərbaycanda milli dözümlülük Böyük İpək yolu dövründən
zəmanəmizə qədər mövcud olan yaşam tərzidir

Azərbaycanda milli dözümlülük Böyük İpək yolu dövründənzəmanəmizə qədər mövcud olan yaşam tərzidir
 

Prezident İlham Əliyev: "Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi
dəyərlərini qoruyub və İslami dəyərlər də, bu dəyərlərin tərkib hissəsidir"

 Son zamanlar dünyanın multikulturalizim mərkəzi kim dəyərləndirilən və bir çox beynəlxalq təbdirlərin keçirildiyi məkana çevrilən Azərbaycan heç şübhəsiz ki, həm də daim nüfuzlu media qrumlarının da diqqət mərkəzindədir.

Dünyada multikulturalizmin iflasa uğradığını iddia edən bəzi Avropa dövlətlərindən fərqli olaraq, Azərbaycan bəşəriyyətin xilasını və birgəyaşayışın ən yüksək formasını multikulturlizmin inkişafında gördüyünü öz əməli fəaliyyəti ilə sübüt edir. Bu da əlbətdə ki, dünya mediasının diqqətindən qaçmır. Bu baxımdan İtaliyanın "Notizie Geopolitiche", "Agenparl", "Eurasianews" analitik və xəbər portallarında dekabrın 21-də Bakıda keçirilən "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfrans və Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr barədə dərc etdiyi məqalələr diqqət çəkir.

Bu məqalələrdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğu qeyd olunur, o cümlədən dekabrın 21-də Bakıda keçirilən konfrans haqqında geniş məlumat verilir. Məqalələrdə bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Media məqalələrində konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə xüsusi yer ayırıb. Məqalədə dövlət başçımıza  istinadən qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub və İslami dəyərlər də bu dəyərlərin tərkib hissəsidir. Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəni gücləndirən amillərdəndir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilib. Azərbaycan ISESCO çərçivəsində də çox uğurlu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci il üçün isə Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülüb.

Məqalələrdə qeyd olunur ki, Prezident İlham Əliyev ölkə daxilində İslam həmrəyliyinin tam təmin olunduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin eyni, bərabər hüquqlara malik olduğunu və heç bir ayrı-seçkiliyə məruz qalmadığını bildirməklə, İslam həmrəyliyinin bir şüar deyil, Azərbaycan üçün bu sahədə əsas fəaliyyət istiqamətlərdən biri olduğunu vurğulayıb.

Bu da danılmaz həqiqətdir ki, Azərbaycan Avropa ilə Asiya arasında siyasi və coğrafi cəhətdən körpü rolunu oynayır. Bu səbəbdən də ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün ideal məkan olduğunu dəfələrlə sübut edib. Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi də buna əyani sübutbur. Azərbaycan həm Avropa, həm də İslam ölkələri ilə əla münasibətlərə malikdir. Bunun nəticəsidir ki, Azərbaycan 2015-ci ildə Birinci Avropa

Oyunlarına və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Azərbaycan həm də ilk dəfə 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına dəvət etməklə sonradan ənənə kimi davam etdirilən "Bakı Prosesi"ni təşəbbüskarıdır.

İtaliya mətbuatında dərc olunan məqalələrdə qeyd olunur ki, Prezident İlham Əliyev konfransdakı çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan keçən 26 il ərzində əldə etdiyi uğurlar, iqtisadi sahədə qazandığı nailiyyətlərdən danışıb, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Qəzetlərdə konfrans zamanı İran Prezidenti Həsən Ruhani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Konstantinopol Patriarxı I Varfolomey, Moskva və bütün Rusiyanın patriarxı Kirill, Ümumgürcüstan katolikos-patriarxı II İlya və Müqəddəs Taxt-Tacın nümayəndəsinin müraciətlərinin səsləndirildiyi diqqətə çatdırılır. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri şeyxülislam Allahşükür Paşazadənin "İslam Həmrəyliyi İli" çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi beynəlxalq tədbirlərə dair hesabatının iştirakçılara təqdim olunduğu qeyd edilir. Bundan başqa, dünya müsəlmanları adından konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin öz çıxışında Azərbaycanın İslam həmrəyliyi, o cümlədən dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki rolunu xüçuçsi vurğuladığı diqqətə çatdırılır.

Məqalələrdə qeyd olunur ki, bu konfransla Azərbaycan bir daha yüksək səviyyəli beynəlxalq tədbirlər həyata keçirmək bacarığını nümayiş etdirib. Azərbaycan dünyaya bir sıra əhəmiyyətli təşəbbüslər üçün bələdçi rolunu oynayan mədəni müxtəliflik modeli təqdim edir və bunu, həmçinin 2017-ci ildə Venesiya Biennalesində "Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti" adlı pavilyonla təmsil olunmaqla nümayiş etdirib. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bütün təşəbbüslər sadəcə olaraq şüar kimi irəli sürülmür, əməli olaraq həyata keçirilir. Bunu Azərbaycanda qonaq olan bir çox siyasilər, din və dövlət xadimləri, eləcə də beynəlxalq münasibətlər sahəsində çalışan dünyanın bir çox tanınmış ekspertləri də öz çıxışlarında dəfələrlə etiraf ediblər.

Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya" mövzusunda panel sessiyasındakı çıxışında qeyd edib ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan bir sıra digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün də doğma ev kimidir. Azərbaycanda milli azlıqlara hörmət və dözümlülük, Böyük İpək yolu dövründən zəmanəmizə qədər mövcud olan ən mühüm yaşam tərzidir.

Diqqətinizə çatdıraq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, professor Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən bu sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən İsrailli ekspert Arye Qut  qeyd edib ki, qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə rəğmən, dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir: "Hətta 26 il bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlamaqda davam edirdi. Bu gün Azərbaycan güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan çoxvektorlu müstəqil xarici siyasət yürüdür".

Ekspertin sözlərinə görə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir. İsrailli ekspert deyib: "Prezident İlham Əliyevin beynəlxalq arenada mühüm, güclü və müstəqil faktora çevrilən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlik səylərini İsraildə yüksək qiymətləndirirlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir. İsrail artıq 26 ildir Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində real və həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini nümayiş etdirir".

Bütün qeyd olununlar ona dəlalət edir ki, bu gün bəşəriyyətin nicatı multikulturalizmdən keçir. Multikulturalizmin Azərbaycan modeli isə bu prosesdə bütün sivil cəmiyyətlər üçün nümunə ola bilər.

Prezident İlham Əliyev bu günlərdə ölkəmizdə yaşayan xristin icmasını Milad bayramı münasibətiylə təbrik edib. Təbrikdə Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilir. "Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik".

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.03312087059021