Ramazan orucu Allahın tərbiyə proqramıdır - VI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - VI yazı
 

Siracəddin Hacı:

Bəqərə surəsinin 183-cü ayəsi buyurur ki, oruc sizdən ÖNCƏKİLƏRƏ də yazıldı. Oruc bir ilahi tərbiyə proqramıdır, o, insanlıqla yaşıddır. Bu gün oruc tutan bir insan insanlıqla yaşıd olan oruc karvanına qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən başlayaraq bütün Elçilərə, onların ümmətlərinə fərz qılınmışdır, hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir.

Qeyd edək ki, ayədəki “ÖNCƏLİKLƏR” sözünü xristianlar, İsrail oğulları, Kitab əhli anlamında oxuyan alimlər də var. Oruc ibadəti səmavi dinlərin ortaq nöqtələrindən biridir. Bu ibadət zaman-zaman təhrif olundu, bir biçimdə son Elçiyədək gəldi. Qurani-Kərim nazil oldu, oruc ibadətini təhriflərdən təmizlədi, onu fitrətinə qovuşdurdu, son biçimini verdi.

Biz bilirik ki, Allah Rəsulunun mənsub olduğu Qureyş qəbiləsinə bağlı olanlar Aşura günü oruc tuturdular. Son Elçi Məkkədən Mədinəyə hicrət etdi, yəhudilərin də eyni gün oruc tutduğunu gördü. Allah Rəsulu bunun səbəbini soruşdu, dedilər ki, bu gün Allahın hz.Musanı xilas etdiyi gündür. O buyurdu ki, bizim hz.Musa ilə haqq bağımız sizinkindən daha çoxdur. Elçi o gün oruc tutdu, möminlərin də oruc tutmasını istədi. Bir il sonra Ramazan orucu fərz qılındı (oruc ayəsi Mədinədə, hicrətin ikinci ili nazil olmuşdur), Allah Rəsulu aşura orucu üçün bu sözləri söylədi: istəyən tutsun, istəyən tutmasın, beləliklə, aşura orucu bəyənilən ibadət hökmündə oldu (Buxari, “Savm”, 69; Təfsir, 2/24; Müslim, “Siyam”, 132-137).

İsrail oğulları il başından on gün sonra (onların il başı oktyabr ayına uyğun gəlirdi) gün batandan ertəsi günün gün batımınadək (iyirmi dörd saat fasiləsiz) oruc tuturdular. Onlar bu günün günahların bağışlandığı gün olduğuna inanır, ona “kipur” adı verirdilər. Bu oruc fərz hökmündə idi. Bununla birlikdə, İsrail oğulları ilin fərqli günlərində də fərz, nafilə oruc tuturdular (bu ənənə davam edir). Xristianlarda isə Tövratda olandan başqa oruc yoxdur. Hz.İsa Ona elçilik gəlməzdən öncə qırx gün oruc tutduğu üçün xristian din adamları bu orucu da ibadət kimi qəbul etmişlər (İbn Aşur, c.I, s. 157; Matta, 6/16).

Allah Rəsulu buyurur: “Allahın ən çox sevdiyi oruc Davudun orucudur. O, bir gün açar (yeyər), bir gün oruc tutardı” (Buxari, “Savm”, 56; Müslim, “Siyam”, 181-20). Bu hədis orucun öncəki Elçilərə, onların ümmətlərinə də fərz qılındığını göstərir.

Dedik ki, Qurani-Kərimin nazil olmasınadək olan dövrdə oruc ibadəti təhrif olunmuşdu, məsələn, İsrail oğulları oruc tutulan günlərin sayını azaltmışdılar, xristianlar isə biçimini, məzmununu dəyişmiş, orucu pəhrizə çevirmiş, günlərin sayını artırmışdılar.

Ayədəki “oruc sizdən öncəkilərə də fərz qılınmışdı” cümləsi bu mənaları da əhatə edir:

- elə bir ümmət yoxdur ki, oruc fərz qılınmasın;
- oruc dinin təməl ibadətlərindən biridir;
- oruc tutmaq çox önəmlidir;
- “öncəkilər” sözü insanları oruc tutmağa təşviq edir;
- oruc tutmaq çətin ibadətdir, çətin bir ibadət hamıya aid olanda onu yerinə yetirmək asan olur;
- Allah birdir, dinin sahibi Odur, Onun dini də birdir, Elçiləri də eyni mesajı təbliğ etmişlər;

Ardı var...

Paralel.az

 

0.03201699256897