Siyasət: “Şahmat taxtası", ya “Qumar masası”?!

Siyasət: “Şahmat taxtası
 
 
Məntiqi analiz
Bilirəm, “Qul psixologiyası” dövründə yaşayırıq. Bizim oxucunu yazının dadı yox, yazanın adı maraqlandırır. Məsələn, mən gecə-gündüz fikirləşirəm, mükəmməl bir pritça dünyaya gətirirəm, maksimum 30 nəfər oxuyur, bəyənir. Amma adi bir deputat (lap keçmiş olsun!) axmaq bir status yazır, azı 300 adam baxır, “layk” edir. Bəli, mən bunları bilirəm, amma yenə də öz fikirlərimi bölüşmək istəyirəm. Qoy, ”Qul psixologiyası”nın daşıyıcıları mənim qeydlərimi oxumasınlar. Onsuz da, oxusalar da, ağızlarını büzəcək, “sən kimsən?!” deyəcəklər... Həzrəti İsanın bir hədisi var, deyir sən toxumları səp, daşa da düşəcək, suya da düşəcək, torpağa da düşəcək... Daşa düşənlər quruyacaq, suya düşənlər çürüyəcək, amma torpağa düşənlər göyərəcək...
Deməli, bilənlər bilir, bilməyənlər üçün deyirəm ki, Zbiqnev Bıezinski (1927 – 2017) adlı Polşa əsilli, amerikalı bir siyasət adamı, mütəxəssisi vardı. İndi bizdə belələrinə politoloq deyirlər, internet TV-lərə çağırıb xoruz kimi döyüşdürürlər. Bir-birini söyənlər, hətta döyənlər də olur. Amma bu, belələrindən deyildi, dünya şöhrətli bir alim idi. Bir vaxtlar ABŞ Dövlət Departamentində babat bir vəzifə də tutmuşdu, amma azad fikir sahibi olduğundan, dövlət işindən uzaqlaşmışdı. Xarici siyasət sahəsində müstəqil tədqiqatlara aparmağa, kitab yazmağa başlamışdı. Təsəvvür edin ki, Bjezinskinin siyasi araşdırmaları ABŞ-da və bütün dünyada Sidni Şeldonun (dünyada ən çox oxunan və satılan yazıçıdır) dedektiv romanlarından yaxşı satılırdı. Bəli, həmin bu Bjezinski ağsaqqal yaşında “Böyük Şahmat taxtası” adlı məşhur bir kitab yazmışdı və orda dünya siyasətini şahmat taxtası ilə müqayisə etmişdi.
Əvvəlcədən deyim ki, mənim bu kitabın mahiyyəti, orda verilən siyasi proqnozların əhəmiyyəti ilə işim yoxdur. Doğrudur, Bjezinskinin siyasi proqnozları Vanqa qarının tarixi öncəgörmələrindən fərqli və dəyərlidir, amma hazırkı qeydlərin mövzusu deyildir. Mənim məqsədim siyasətin “şahmat taxtası” yox, “qumar masası” olduğunu sübut etməkdir. Bəli, Bjezinski deyir ki, dünya siyasəti “Şahmat taxtası”dır, mən isə deyirəm ki, yox, “Qumar masası”dır. ”Qul psixologiyası”nın daşıyıcıları, əlbəttə, Bjezinskinin adını dəstəkləyəcəklər. Mən isə obyektiv oxuculara, yazının dadını axtaranlara (Allaha şükr, az da olsa, belələri var!) müraciət edirəm, fikirlərimi davam etdirirəm... Gəlin baxaq, görək qumarla şahmatın əsas fərqləri n nədir:
1.Şahmat, məlum olduğu kimi, pulların yox, intelektlərin oyunudur, qumarı isə ancaq pulla oynayırlar.
2.Şahmatı ancaq bu oyunu oynaya bilənlər oynayır, qumarı isə, bildi-bilmədi, az-çox pulu olan hamı oynayır.
3.Şahmatda ancaq daha ağllılar, peşəkarlar, qumarda isə ancaq daha pullular və imkanlılar qalib gəlir.
4.Şahmatda təzə başlayanın udması nonsensdir, qumarda isə, bir qayda olaraq, təzə başlayanın əli gətirir.
5.Şahmatda uduzan udanın əlini sıxır, dost kimi ayrılırlar. Qumarda isə uduzan udanı şuler hesab edir, düşmən olurlar.
6.Şahmat oyun, qumar isə, narkotikdir. Odur ki, qumar həmişə asılılıq yaradır, şahmat isə həmişə yaratmır...
Əlbəttə, mən bu siyahını davam etdirə bilərəm, amma oxucuları yormaq istəmirəm, həm də düşünürəm ki, kifayətdir. İnsafla deyin, şahmat taxtasında Donald Tramp səviyyəli, amma pullu adam qalib gələ bilərdimi?! Heç vaxt və heç yerdə qalib gələ bilməzdi. Sadəcə olaraq, şahmatda “blef” etmək, yəni pulla “xox” etmək, rəqibi qorxutmaq, qalib gəlmək olmur. Nə qədər varsan, necə varsan, osan. Bəli, Tramp yalnız qumar masasında qalib gələ bilərdi və qalib gəldi. Çünki arxasında milyardlar vardı, hamını və hər şeyi satın almaq olardı. Axı, uzağa, Amerikaya niyə gedək, elə öz regionumuza – Cənubi Qafqaza diqqət edək. Əlinizi ürəyinizin üstünə qoyun, düzünü deyin: Şahmat taxtasında Elçibəy, Qamzaxurdiya, Koçaryan kimi qeyri-peşəkarlar qalib gələ bilərdimi?! Təbii ki, qalib gələ bilməzdi. Onlar yalnız qumar masasında qalib gələ bilərdilər və gəldilər... Xalqlarını nə günə qoydular, hansı fəlakətlərə səbəb oldular – bunlar bir ayrı yazının mövzusudur...
Diqqətli oxucu deyə bilər ki, bu axırıncıların pulu da yox idi. Bəli, yox idi, axı, bunlar heç qumar (oxu: siyasət) masası arxasında əvvəlcədən oturmamışdılar. Pullu adamlar, xarici havadarlar bunları meydanlardan tutmuşdular, ikiqat pul verib oyunun ortasında “SK”-ya (qumarda böyük uduş məqamıdır) oturtmuşdular. Burda da bunların əli gətirmişdi, “bank” aparmışdılar, küçədən gəlib “prezident” olmuşdular. Şahmat taxtasında bu, mümkün olardımı, qeyri-peşəkar seçkidə ölkə çempionu olardımı?! Əlbəttə olmazdı, heç yaxına da durmazdı. Burda mən yuxarıdakı 6 müddəadan ancaq birinə - ücüncüyə istinad edirəm. Amma bu da siyasətin şahmat taxtası yox, qumar masası olduğunu deməyə imkan verir. Gəlin 6-cı müddəaya (qumar narkotikdir) müraciət edək...
Məlum olduğu kimi, Belorus Prezidenti Lukaşenko, az qala, 30 ildir ki, hakimiyyətdədir. Arada xalq ona qarşı qalxdı, küçələrə çıxdı, bütün dünya (Rusiyadan başqa) dirəndi, Lukaşenkonun hakimiyyətdən getməyini istədi. Amma Lukaşenko getmədi, getmək istəmədi. Axı, Lukaşenko da Stalin kimi, dünya malında gözü olan adam deyil. Bütün dünya axtarır, bir bankda Lukaşenkonun, bir milyard nədir, bir milyon oğurluq pulu tapılmır. Yaxşı, Lukaşenko nə istəyir, niyə getmir? Düşünürəm ki, o, sadəcə olaraq, gedə bilmir, çünki narkomandır, siyasi narkomanıdır, hakimiyyətdən (oxu: siyasətdən) getsə, ölər. Yeri gəlmişkən, o, özü də bu haqda deyib ki, mən öləcəyəm, amma hakimiyyətdən getməyəcəyəm. Yaxşı, Lukaşenko siyasət şahmatçısı olsaydı, belə edərdimi?! Təbii ki, etməzdi, uduzduğunu başa düşər, üzü sulu hakimiyyətdən gedərdi. Amma getmir, gedə bilmir, çünki siyasət, hakimiyyət qumardır - narkotikdir...
Hörmətli oxucu, əgər Siz “Qul psixoloxologiyası”nın daşıyıcısı deyilsinizsə, ədalətli olun, kişi kimi deyin, kim haqlıdır: Heç kimin tanımadığı, yazılarını yalnız Feyzbukda verən müstəqil jurnalist Qalib Arif, ya dünya şöhrətli politoloq, kitabları Sidni Şeldonun dedektiv romanlarından yaxşı satılan Zbiqnev Bjezinski? Müxtəsəri, siyasət “şahmat taxtası”dır, ya “qumar masası”?!
Qalib ARİF
0.022742986679077