Rusiya Ukraynanı niyə işğal etdi ? - II yazı

Rusiya Ukraynanı niyə işğal etdi ? - II yazı
 

Siracəddin Hacı: 

Birinci yazımızda Rusiyanın Ukraynaya münasibətinin tarixi köklərinə işarə etdik, bu ölkənin Rusiya üçün önəmini vurğuladıq. Əsas tezisimiz bu idi: Rusiya Ukraynanı işğal edəcəyinə öncədən qərar vermişdi. Bu ölçünü əsaslandırmağa davam edirik:

- Putin Rusiyanın iç bütünlüyünü və hakimiyyətinin davamlığını təmin etmək üçün ölçü qoydu: azadlıq Rusiyanı dağıdar. O, azadlıq təhlükəlidir ölçüsünü gerçəkləşdirmək üçün rus xalqını – rusiyalıları hakimiyyətin mənbəyi olmaq imkanından məhrum etdi. Böyük Rusiya şüarı ilə şovinist duyğuları körüklədi, cəhalət, qorxu və Rusiya dağılar siyasəti ilə toplumu susdurdu, öz ətrafında səfərbər etdi, bu yolla ölkədə sabitlik bərqərar oldu, xəstəliyi müalicə etməsə də, ağrını sakitləşdirdi. Hakimiyyətin mənbəyi olmaq imkanından məhrum edilən xalq siyasi həyatdan uzaqlaşdı, hakimiyyətə nəzarət onu dəyişmək imkanını da itirdi;
- sabit Rusiya və hakimiyyətin bütün qollarını öz əlində toplamış Putin hədəfi gerçəkləşəndən sonra Rusiyanı böyütmək, əski gücünə qovuşdurmaq siyasəti gücləndi;
- Putin SSRİ-nin himnini bərpa etdi, iddia və hədəflərini ortaya qoydu;
- dedi ki, SSRİ-nin dağılması XX yüzilin ən böyük faciəsidir – proqramını açıqladı;
- Putin deyir ki, Rusiyanın sınırı yoxdur, Rusiya yoxdursa, dünya da olmasın;
- Lenini tənqid etdi, dedi ki, SSRİ-nin tərkibində olan Respublikalara ittifaqı tərk etmək haqqı vermək tarixi xəta idi;
- Putin Stalini tərifləyir – o, Rusiyanı böyütdü, ancaq ona da tənqidləri var: Respublikaların ittifaqdan çıxmaq haqqını ləğv etmədi;
- Putin hədəflərini gerçəkləşdirmək üçün slavyan birliyi ideyasını təbliğ edir, ölçü qoyur: ruslar, ukraynalılar, belaruslar bir xalqdır, bir dövlətdə birləşməlidirlər;
- Putin Ukrayna ilə bağlı bir böyük məqalə (kitabça) yazdı, məqalənin əsas tezisləri bunlardır: Ukrayna adlı xalq, dövlət yoxdur, Ukrayna Rusiyaya birləşməlidir;
- Putin Rusiyanı III Roma sayır, Kremlin yanındakı böyük kilsə bu anlayışın simvoludur. O, Ukrayna kilsəsinin Rusiyadakı mərkəzi kilsədən ayrılmasına sərt etiraz edir, təbii ki, dindar olduğuna görə etmir, səbəblər bunlardır:
1) kilsənin bölünməsi çarın – Putinin hakimiyyətinin bölünməsidir – kilsə bölünməz hakimiyyətin bir parçasıdır;
2) III Roma anlayışı sıradan çıxır – bu anlayışda kilsənin birliyi əsasdır;
3) slavyan birliyi siyasəti pozulur;
4) müstəqil kilsə Ukrayna xalqına fərqli kimlik qazandırır – Putin bu kimliyi rədd edir;
- Putin üçün Ukraynanın NATO-ya üzv olmasından daha qorxulu bir məsələ var: Ukraynanın azad, ədalətli, xalqın iradəsinə bağlı dövlət olması. O, bu halı Rusiya və hakimiyyəti üçün təhlükə sayır;
- Putin hədəfini gerçəkləşdirmək üçün yaxın ətraf siyasəti tətbiq edir:
1) SSRİ-yə daxil olmuş Respublikalarda özünə uyğun rejimlər yaradır;
2) yaxın ətrafda hakimiyyətin azad seçkilərlə formalaşmasına imkan vermir;
3) bu Respublikalarda özünün yaratdığı münaqişə ocaqlarını qızışdırır, sonra da ordusunu bu Respublikalara yerləşdirərək onları özündən asılı vəziyyətə salır;
4) heç bir xalqın müstəqil, azad yaşamaq haqqını tanımır, deyir ki, sizin bircə haqqınız var, o da Rusiyanın köləsi olmaqdır;
- Putin hədəfini gerçəkləşdirmək üçün Krımı işğal etdi, Donbas və Luqanskı faktik olaraq Ukraynadan ayırdı;
- Putin Ukraynanı işğaldan öncə müzakirə görüntüləri formalaşdırdı, dövlət başçıları ilə görüşdü, ancaq bu müzakirələrdən işğalını əsaslandırmaq üçün istifadə etdi: hamısı ilə görüşdüm, Rusiyanın təhlükəsizlik tələblərini qəbul etmədilər, Ukraynanı işğaldan başqa yolum qalmadı;
- məsələ Putinin dediyi kimi deyil, üç örnək verirəm:
a) Ərdoğan savaşdan öncə Ukraynaya getdi, bu məsələləri Zelenski ilə razılaşdırdı: Ukraynanın NATO-ya daxil olması təxirə salınsın, Donbas və Luqansk məsələləri Minsk anlaşması çərçivəsində həll olunsun. Ərdoğan Putinlə görüşdü, o, bu təklifləri qəbul etmədi;
b) Makronun Ukraynanın NATO-ya qəbulu 10 il təxirə salınsın təklifini Zelenski qəbul etsə də, Putin istehza ilə qarşıladı;
3) Olaf Şoltz Ukraynaya Finlandiya statusu – tərəfsiz ölkə statusu verilsin təklifinə Zelenskinin razılığını alsa da, Putin bu təklifi də Rusiyanın mənafeyinə uyğun saymadı – indi deyir ki, Ukrayna tərəfsiz ölkə olmalıdır;
- Putin savaşdan öncə Ukrayna sərhəddinə 150 minlik ordu yığdı, 2 mesajı var idi:
a) ey Ukrayna, Rusiyanın köləliyini dinc yolla qəbul et;
b) yoxsa, savaş yolu ilə səni köləliyə məcbur edəcəyəm;

NƏTİCƏ

Sual var: Rusiyanın işğalının qarşısını almaq imkanı var idimi? Cavablarımız bunlardır:

a) Ukrayna Rusiyanın təsir – ağalıq məkanında qalmaq tələbini,Rusiya ağa, Ukrayna kölədir ölçüsünü qəbul etsə idi, silahlı işğal deyil, siyasi işğal gerçəkləşərdi – Ukrayna bu tələbi rədd etdi;

b) sıraladığımız səbəblərlə Rusiya öncədən Ukraynanı işğal qərarı vermişdi, Ukraynanın təkbaşına bu işğalın qarşısını almaq imkanı yox idi;

c) NATO savaşdan öncə Ukraynaya ciddi yardım etsə idi, Rusiyanı işğaldan çəkindirmək mümkün ola bilərdi – NATO-nun yanlış addımları Rusiyanın Ukraynanın işğalının yolunu açdı;

 Paralel.az         

0.022700071334839