“Gecə yuxuda başımı sıxdılar, səhər gördüm Ərəb əlifbasını oxuyuram...”

 

“Gecə yuxuda başımı sıxdılar, səhər gördüm Ərəb əlifbasını oxuyuram...” 
 

“İnsan enerjisinə görə Allahdan sonra ikinci qüdrətli varlıqdır...”  başlıqlı yazımda insanda olan sirli nöqtələrdən bəhs etmişdim. Qeyd etmişdim ki,  bu nöqtələri sıxmaqla hər bir insan  paralel aləmə çıxa və öz enerjisini istənilən ünvana yönəldə bilər. Yazı oxucular arasında maraqla qarşılandığından bu mövzuda rastlaşdığım daha bir əhvalatı diqqətinizə çatdırıram.

Belə ki, Ağdaş rayonunun Xosrov kəndində tədqiqat apararkən, Sovet dönəmində həmin kənddə Rus dili müəllimi işləmiş, hazırda isə,  mollalıq edən Məhərrəm müəllimlə tanış oldum. Ondan Ərəb əlifbasını kimdən öyrənməsini soruşanda başına gələn maraqlı bir əhvalatı danışdı.  Dedi Sovet dönəmində mən də hamı kimi dini yasaqlara riyayət etmirdim. Buna baxmayaraq, qəlbimdə Allaha, dinə qarşı bir sevgi, maraq vardı. Bir gün qəribə bir yuxu gördüm. Yuxuda iki nəfər  məni çağırıb harasa bir otağa apardılar. Otağın başındakı taxtda bir nəfər nurani kişi əyləşmişdi. Məni aparan iki nəfərdən biri o mötəbər şəxsə ərz etdilər ki, dediyin adamı gətirmişik. Mən yaxınlaşıb ədəblə salam verdim və dizi üstə taxtın qabağında oturdum.  Taxtda oturan nurani qoca məndən soruşdu ki, niyə Quran oxumursan? Dedim axı mən Ərəb əlifbasını bilmirəm. Dedi bundan sonra oxuya  biləcəksən. Belə deyib, taxtdan qalxdı. Gəlib oturduğum yerdə başımın üstündə dayandı. İki əlini başıma qoydu. Barmaqlarının ucu ilə başımın müxtəlif yerlərinə toxundu. Dedi sabah mənim qəbrimin üstünə gedərsən, orada bir heybə asılıb, içərisində Quran var, götür bax, oxuyacaqsan. “Mənim qəbrimin üstünə get” deyəndə baş düşdüm ki, bu kəndimizdə günbəzi olan Şeyx Hacı Bulud babadır. 

Səhər yuxudan oyandım, gördüyüm yuxunun təsirindən çıxa  bilmirdim. Maraq məni götürdü: görəsən mən Ərəb əlifbasın oxuya bilərəmmi? Günbəzə getməyə də ürək etmirdim. Övliyaya inamım olsa da, heç vaxt ora tək getməmişdim. Darvazanın qabağına çıxdım. Bu anda gördüm qonşu qadınlar həmin pirə ziyarətə gedirlər. Onlardan xahiş etdim ki, günbəzin içərisindəki heybədə Quran var, onu mənə gətirin. Tərəddüd etdiklərini görüb, dedim bu gecə Bulud baba özü yuxuma girib tapşırıb ki, o Quranı götür. 

Beləliklə, qadınlar Quranı mənə gətirdilər. Açdım, başladım yavaş-yavaş oxumağa. Amma, dəqiq bilmirdim ki, düz oxuyuram, yoxsa səhv oxuyuram. Dərsdə oturanda da stolun üstündəki qəzetin qıraqlarına ərəbcə sözlər yazırdım. Bunların da düz, yoxsa səhv olduğunu dəqiqləşdirə bilmirdim. 

Kəndimizdə Molla Zaman  vardı, bir gün getdim onun yanına, dedim bax gör bu yazdığım, oxuduğum düzgün Ərəbcədirmi? Yoxladı, dedi hamısını düz yazmısan, bunları sənə kim öyrədib? ...

Əziz oxucu! Bu cür hadisə tək Məhərrəm müəllimin başına gəlməyib. Mətbuatda buna bənzər bir çox hadisələr barədə xəbərlər verilibdir. Məsələn:

1. 1987-ci ildə Tula vilayətində təqaüdçü Gennadi Sergeyeviç Smirnov yük maşını ilə hasarın arasında qalıb, başından ciddi zədə alır. Növbəti gün alman dilində danışmağa başlayır.

2. 1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumer dilidir.

3. Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edir. Məlum olur ki, bu Cənubi Afrika ləhcəsidir. Halbuki, qadın oralarda heç zaman olmayıb.

4. 1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcuzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 avropa dilində sərbəst danışmağa başlayır.

Və s.

Oxucuda sual yaranacaq ki, bütün bunlar necə baş verir?  Bu sualın cavabını yuxarıda linkini qoyduğum məqalədə izah etmişəm: insan bədənində (yaxud başında) elə nöqtələr var ki, onlara toxunduqda insan beynindəki yatmış (istifadə edə bilmədiyimiz) şöbələr oyanmağa başlayır və insan indiyədək bacarmadığı işləri bacarır. Bunu kompyuterdəki müxtəlif  proqramlara bənzətmək olar. Kompyuterdəki sirləri nə qədər çox bilsən, o qədər çox proqramlarla işləyə bilərsən.

Az bildikdə kompyuterdə olan proqramlardan istifadə etmək mümkün olmur. 

Elm sübut edir ki, insan öz beyninin imkanlarından çox cüzi şəkildə istifadə edə bilir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yaxın bir dövrdə  insanlar kamillik mərhələsini keçməyə başlayacaqlar. Bu mərhələni keçəndən sonra onların beyinlərində indiyədək istifadə etmədikləri şöbələr  (oxu: proqramlar) aktivləşdiriləcək və bununla da insanlar elmin yüksək mərtəbələrini fəth edəcəklər. Artıq bəşəriyyət bu fazaya daxil olub...

Paşa Yaqub – psixoloq

Paralel.az

0.33059501647949