Dağ yəhudilərini Azərbaycanın
tolerant ölkə olması özünə cəlb edib

Dağ yəhudilərini Azərbaycanıntolerant ölkə olması özünə cəlb edib
 

Onlar ölkəmizin siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edirlər

 Azərbaycan elə unikal ölkələrdən biridir ki, demokratiyanın səviyyəsinə görə dünyanın öndə gedən ölkələrindən bir qədər geri qalsa da, milli, dini və irqi tolerantlığa görə hər bir ölkəyə örnək ola bilər. Bir çox, politoloqların fikrincə isə səmimi demokratiya tolerantlığa və multikulturalizmə gətirib çıxarmalıdır.

Lakin biz hələ də bunun şahidi ola bilmirik - ya bizim ənənəvi olaraq qəbul etdiyimiz demokratiya o inkişaf səviyyəsinə gəlib çatmayıb, ya da bizim şahidi olduğumuz demokratiya səmimi deyil, kimlərinsə siyasətinə stimul vermək üçün vasitəyə çevrilib. Ancaq çox maraqlıdır ki, Azərbaycandakı demokratiyanı bəyənməyən demokratlar buradakı tolerantlıq və mültikulturalizmə valeh olurlar.

Belə bir multikultralizm məkanda yaşayan millətlərdən biri də dağ yahudiləridir. Uzun illərdir ki, alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, burada yaşadıqları dövürdə hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırmağa çalışırlar. Çünki bütün bu suallara cavab verəcək yazılı mənbələr demək olar ki, yox dərəcəsindədir. Müasir dövrdə meydana gələn yazılı mənbələrdə isə yəhudilərin tarixi barədə müxtəlif fikirlər söylənilir. Bir qism alimlər Qafqaz dağlarında yaşayan dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşib. Əsrlər boyu şimali Azərbaycanda və Dağıstan ərazisində məskunlaşan xəzərlərin adı tarixdə tez-tez ərəb işğalçıları ilə mübarizədə hallanır.

Digər bir qism alimlərin böyük hissəsi isə indiki dağ yəhudilərinin əcdadlarının eramızdan əvvəl VII-VI əsrlərdə Assuriya və Babil işğalçıları tərəfindən əsir götürülmüş yəhudilər olduğunu iddia edirlər. Həmin alimlərin istinad etdikləri "Şahlıqlar kitabı"nda göstərilir ki, Samirə şəhərinin Assuriya şahı Sarqon tərəfindən işğalından sonra yəhudi əhalisi əsir götürülərək Assuriyanın Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında, yəni hazırki Cənubi Azərbaycan ərazisində yerləşdirilib. Ancaq ilk yəhudi sakinlərinin Şərqi Qafqaz ərazisində məskunlaşma tarixi barəsində hər zaman qızğın mübahisələr meydana çıxır.

Bir çox tarixçilərin fikrlərinə görə, dağ yəhudilərinin əcdadları bu ərazilərdə hələ 15 əsr bundan əvvəl peyda olublar. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilib. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərb ləhcəsində danışıblar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki, eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də təsdiqlənib. Əvvəllər ibri və aramey dillərində danışan İudey sakinləri eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq "İkiçayarası"nda (Mesopotamiya) yaşamağa başlayıblar. Yəhudilər müasir İran və İraq ərazisində məskunlaşdıqları dövr ərzində fars dilini mənimsəməklə yanaşı, öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar. Bu da öz növbəsində dağ yəhudilərinin dilinin mənbəyinin ibri və ya aramey dili olduğunu sübuta yetirir.

Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin deyə, öz aralarında hərdən "zuhun imromi" adlanan sirrli dildən də istifadə edirlər ki, həmin dil daha çox arameyə bənzəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İudey ərazisində yaşayan, sonradan Mesopotomiya ərazisində yerləşdirilən insanlar olublar. Eramızın VI əsrinin əvvəllərində isə onlar şimali Azərbaycan və Dağıstan ərazilərinə köçürülüblər. Düzdür, onda belə bir sual yaranır: necə ola bilər ki, 1100 il İran torpaqlarında yaşayan yəhudilər doğma ibri dilini unudub fars dilində danışmağa başladıqları halda, Azərbaycanda yaşadıqları 1500 il ərzində öz dillərini qoruyub saxlaya biliblər? Məsələ burasındadır ki, şimal-şərqi Qafqaz ərazisində təkcə yəhudilər deyil, məzdəkilər hərəkatını dəstəkləyən xeyli sakin fars dilinə yaxın dialektlərdə danışırdı. Bu amil onların fars dilini mənimsəmələrində böyük rol oynayıb. Həqiqətən də, Xəzərin qərb sahillərində - Dərbənddən İranın cənub sərhədlərinə qədər olan ərazidə məskunlaşan əhalinin hamısı demək olar ki, farsdillidir.

 Dağ yəhudiləri anlayışının yaşı isə o qədər də çox deyil. Məlumdur ki, yəhudilər tarixən özlərini cuhur adlandırıblar. Y.Murzaxanov qeyd edir ki, dağ yəhudiləri sözü ilk dəfə XIX əsrin birinci yarısında, Qafqaz ərazisi Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra işlənməyə başlayıb. Ruslar bununla dağ yəhudilərinin Avropadakı aşkenaz yəhudilərindən xeyli fərqləndiyini göstərməyə çalışırdılar. Rəsmi məlumatlara görə, XIX əsrin sonlarında, daha dəqiq desək 1886-cı ildə Rusiya imperiyası ərazisində 34 yəhudi icması mövcud olub.

Müasir Azərbaycanın dağ yəhudilərinin tarixi Yakov Aqarunovun "Kiçik xalqın böyük tarixi" adlı kitabında ətraflı şərh olunub. Qeyri-rəsmi məlumatlara görə, dünyada dağ yəhudilərinin sayı 200 min nəfərdən artıq deyil. Hazırda onlar İsrail, ABŞ və Almaniyada immiqrant həyatı yaşayırlar.

Keçmiş Sovet respublikaları arasında yalnız Azərbaycanda yəhudi icmaları normal fəaliyyət göstərir. Bu, Azərbaycanın tolerant ölkə olması və burada bütün xalqların nümayəndələrinə eyni şəraitin yaradılmasından irəli gəlir. Təsadüfi deyil ki, Qubada "Krasnaya Slobada" (Qırmızı qəsəbə) adlanan ərazi Avropada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə məkandır. Dini icma rəhbərlərinin məlumatlarına görə, hazırda Azərbaycanda 20 mindən artıq yəhudi yaşayır. Onların 14 min nəfərə yaxını dağ yəhudiləridir.

Hələ 1919-cu ildə Bakının Sabunçu qəsəbəsində və Korqanov küçəsində Şirvan dağ yəhudilərinin sinaqoqları tikilib. Həmin vaxtlar Bakıya gələn dağ yəhudiləri ilə burada yaşayan aşkenazlar bir-birinə qaynayıb-qarışır və nəticədə onların intellektual inkişafı başlayır. Çar hökuməti devrildikdən sonra Bakıda Yəhudi Xalq Universiteti təşkil olunub. Sonralar yəhudi dilində məktəb açılıb, Bakının və Rusiyanın Moskva, Rostov şəhərlərinin ali təhsil ocaqlarında yəhudi gəncləri üçün müsabiqədənkənar yerlər ayrılıb. Dağ yəhudilərinin ziyalı təbəqəsinin ilk nəsli formalaşıb.

Beləliklə də, qısa müddət ərzində tamamilə savadsız olan bir xalq, ölkənin qabaqcıl xalqları sırasına qoşulur. Öz yazılarını formalaşdıran dağ yəhudiləri doğma dillərində dərsliklər, bədii ədəbiyyat və dövrü nəşrlər çap etdirməyə başlayıblar. Onların arasından savadlı həkimlər, yazıçılar, alimlər və iş adamları çıxıb. Bir sözlə, dağ yəhudiləri Azərbaycan elminə, mədəniyyət və incəsənətinə öz töhfələrini verirlər.

Həmin vaxtlar dağ yəhudiləri Bakının neft və qaz sənayesində də fəal iştirak etməyə başlayırlar. Müharibədən sonrakı illərdə Bakıdakı dağ yəhudiləri cəmiyyətinin üzvlərinin sayı 20 mindən artıq olub. Onlar ölkənin siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edirdilər. Hazırda yəhudilərin kütləvi şəkildə öz vətənlərinə qayıtmaları ilə əlaqədar Bakıda 6 mindən artıq dağ yəhudisi qalıb. Onlar öz adət-ənənələrini, mədəni dəyərlərini qoruyub saxlamaqla yanaşı, Azərbaycanın sosial-siyasi həyatında da fəal iştirak edirlər.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Quba rayon Gənclər və İdman İdarəsi, eləcə də Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə "Bir günəşin zərrəsiyik"-multikulturalizmin Quba modeli" adlı layihəyə çərçivəsində Quba rayonunun Qırmızı qəsəbə yaşayış massivində yaşayan dağ yəhudilərinin mədəniyyət festivalının keçirilməsi ölkəmizdə mövcud olan multikulturalizmin bariz nümunəsidir.

Layihənin əsas məqsədi Prezident İlham Əliyev tərəfindən elan edilən "Multkulturalizm ili" çərçivəsində təşkil olunan tədbirlərə dəstək vermək, Quba rayonunda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsi olub. Tədbirin Qırmızı qəsəbədə təşkil edilməsinin əsas məqsədlərindən biri də, burda yaşayan yəhudilərin daim dost, qardaş xalq kimi ölkəmizin inkişafı üçün xalqımızın digər nümayəndləri ilə çiyin-çiyinə çalışmasıdır.

Tədbirdə çıxış edən bütün iştirakçılar qeyd ediblər ki, Azərbaycanın multikultural dəyərlərinin dünyaya örnək kimi təqdim olunması, sözün həqiqi mənasında ölkəmizin son zamanlar bu sahədə qazandığı böyük uğurların nəticəsidir. Azərbaycan adlı bir günəşin zərrələri hökmündə olan azsaylı xalqlar daim bu ölkədə dinc, sülh və qardaşlıq şəraitdə yaşayıblar və bu gün də yaşamaqda davam edirlər.

Tədbirdə dağ yəhudilərinə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.020989894866943