Neqativ enerjidən qorunmaq “Quran”da belə tövsiyyə olunur
“Şübhəsiz ki, Yaqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!” “Quran”, “Yusif” surəsi, 68.
Yaqub Peyğəmbərin həyatında diqqət çəkən məqamalardan biri də onun oğlanlarını bəd nəzərdən qorumağa çalışmasıdır. Belə ki, o, onbir oğlunu Misirə ərzaq dalınca göndərərkən, tapşırdı ki, hamınız şəhərin eyni qapısından daxil olmayın - yarınız bir, yarınız da digər qapıdan girin; sizə göz dəyməsin. Bu barədə “Quran”ın “Yusif” surəsində Allah belə buyurur:
“Yaqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun sizə göz dəyməsin. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim... ” 12:67
Aydındır ki, “Quran” əslində peyğəmbərlərə yox, öz oxucusuna müraciət edir və sətiraltı (kodlaşdırılmış) mesajlar verir. Bu ayədə Allah-təala Öz oxucusuna Yaqub Peyğəmbərin dili ilə mesaj ötürür ki, özünüzü bəd nəzərlərdən (neqativ enerjidən) qoruyun. Elmi-lədun araşdırmalarımız göstərir ki, insanlar bu mesajı diqqətə almadıqlarına (əhəmiyyət vermədiklərinə) görə bunun ziyanını çkməkdədirlər.
Bu bir faktdır ki, sovet dönəmi ilə müqayisədə bu gün müxtəlif xəstəliklər həddən artıq artmışdır. Müqayisə etdiyimiz dövrdə hər rayonda bir, Bakıda isə, cəmi bir neçə xəstəxana vardı. Buna baxmayaraq, bu az sayda xəstəxanalar insanların sağllamlığını təmin edə bilirdilər.
Bu gün kəndlərin demək olar hamısında tibb məntəqələri fəaliyyət göstərir; rayon mərkəzlərində xəstəxana ilə yanaşı özəl tibb müəssisələri və diaqnostika mərkəzləri fəaliyyətdədir. Bakıda isə, xəstəxanaların demək olar ki, sayı hesabı yoxdur - az qala hər addımda bir xəstəxana var. İlk baxışdan fikirləşmək olar ki, belə az əhalisi olan ölkədə bu qədər xəstəxana varsa, yəqin oralarda xəstə qıtlığı olar və oranın həkimləri bekar qalarlar. Lakin, həmin tibb müəssisələrinə girdikdə bunun əksini - istənilən həkimin qapısı ağzında uzun-uzun növbələr olduğunu görmək mümkündür. Nəzərə alsaq ki, insanlarımız müalicə üçün İrana və s. qonşu dövlətlərə də üz tutur və bu üzdən sərhəd-keçid məntəqələrində də xəstələrin belə növbələri var, onda gözlərimiz önündə heyrətamiz mənzərə yaranır.
Sual yaranır: son illər nə baş verir ki, cəmiyyətdə bu qədər xəstəlik yaranır? Bu istiqamətdə apardığımız araşdırmalar, sorğular göstərdi ki, bir klinikada həkim növbəsi gözləyən adam keçən aylarda başqa-başqa klinikalarda müalicə olunubdur. Belə çıxır ki, bu klinikada da müalicə almış adamlar yəqin indi başqa klinikalarda və yaxud sərhəd-keçid məntəqəsində növbə gözləyirlər... Beləliklə, eyni xəstələr illər uzunu bir çox klinikalarda həkim növbəsi gözləyirlər...
Bəs bunun səbəbi nədir? Həkimlərimizin savadsızlığımı? Müasir diaqnostika aparatlarının çatışmazlığımı?
Araşdırmalarımız göstərir ki, səbəb bunlardan heç biri deyildir. Yəni, həkimlərimiz onlara tədris edilmiş elmi heç də pis mənimsəməyiblər; diaqnostika aparatları da kifayət qədər müasir və boldur. Elə isə, bəs niyə bu xəstələr sağalmırlar və karusel kimi klinikalar arasında fırlanırlar?
Şübhəsiz ki, bunun sirləri vardır. Yaqub əleyhissəlamın oğlanlarını neqativ təsirlərdən qoruması ayəsini burada təsadüfən xatırlatmadıq. Nəzərə alaq ki, Allah-təala mənası olmayan bir epizodu “Quran”a salmaz.
Elmi-lədun araşdırmalarımız bu gün cəmiyyətdə tüğyan edən və sağalmayan xəstəliklərin sirrinin həmin ayədə olduğunu göstərir: “Yaqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun sizə göz dəyməsin...”.
Tədqiqatlarımız və həkimlik təcrübəmiz göstərir ki, neqativ enerji bütün xəstəliklərin özülünü (fundamentini) təşkil edir. Yəni, xəstəliyi binaya bənzətsək, onun fundamenti neqativ enerjidir (pis nəzərlər, magik təsirlər və s).
Xəstə həkimə müraciət edərkən onu diaqnostika aparatlarından keçirib, düzgün diaqnoz qoyurlar və “binanı” (xəstəliyi) sökməyə başlayırlar. “Fundament”ə qədər “sökülmə” çox uğurla gedir, bura çatdıqda isə, müalicə dayandırılır. Çünkü, tibb elmi və diaqnostika aparatları neqativ enerjini təyin etməkdə acizdir. Beləliklə, xəstə özünü sağalmış hiss edir və aparatlar, analizlər də onun sağlamlığını təsdiq edir (bu, çayır bitkisinin gövdəsini kəsib, kökünü saxlamağa bənzəyir). Beləliklə, xəstə evə buraxılır.
Lakin, “fundament” (neqativ enerji) qaldığından, az müddət keçəndən sonra xəstəlik təkrar daha kəskin formada dirçəlməyə başlayır. Təbii ki, bu vaxt xəstənin beynindən keçən ilk fikir həkimlərin savadsızlığı, onu aldadaraq küllü miqdarda pulunu mənimsədikləri barədə olur. Ona görə də bir çox hallarda pasiyent təkrar həmin klinikaya yox, başqa bir klinikaya üz tutur və yenə də eyni halla qarşılaşır... Beləliklə karusel yaranır.
Bu gün tibb müəssisələrində növbələrin yaranmasının sirri məhz budur: “Quran”da verilən mesajlara laqeyd yanaşmağımız.
Bu mövzuda “Quran”da verilən daha bir mesaj falçılardan, cadugərlərdən uzaq durmaqla bağlıdır. Çünki, həmin kateqoriyadan olanlar özləri neqativ enerji ilə işlədiklərinə görə müştərilərinə də həmin qara enerjini ötürürlər. Onların verdikləri əşyalara neqativ yükləndiyinə görə evə gətirən kimi, ilk növbədə evdəki bakirə qızlara və hamilələrə təsir edir. Məhz onların vasitəsi ilə neqativ enerji gələcək nəsillərə ötürülür. Belə ki, bu enerjinin təsiri toxunmuş qız, yaxud, hamilə qadın gələcəkdə övlad dünyaya gətirdikdə, həmin övlad ana bətnində neqativ enerjiyə yüklənmiş olur. Beləliklə, həmin uşaqlar ya əsəbi, ya autizmli, ya da əqli geriliklə dünyaya gəlirlər.
Son dövrlər bu cür xəstəliklərlə doğulan uşaqların sayında ciddi artım olması cəmiyyətdə falçı və cadugərlərin çoxalması ilə əlaqədardır. İnsanların böyük əksəriyyəti oğul evləndirərkən, qız köçürərkən və s addımlar atmaq istəyəndə təəssüf ki, falçılara üz tuturlar. Anlamırlar ki, onlar neqativ enerji ilə işləyirlər. Beləliklə də, öz əlləri ilə övladlarını və hələ dünyaya gəlməmiş nəvələrini sağalmaz xəstəliyə düçar edirlər (xəstəliyin toxumunu basdırırlar)…
Bir para insanlar isə, başqalarının uğurlarına və xoşbəxtliyinə paxıllıq etdiklərinə görə cadugərlərə üz tutub, onların “köməyi” ilə bu uğurların qarşısını almağa çalışırlar. Başa düşmürlər ki, bir müddətdən sonra həmin adamlara (tilsim etdiklərinə) kimsə kömək edib, onları xilas etdikdə həmin tilsimin ağırlığı onu sifariş edənin üzərinə düşür ki, bu da onların ya özlərinin, ya da övladlarının sağalmaz xəstəliyə (yaxud, qəzaya) düşməsinə səbəb olur.
Elmi-lədun bilicisi kimi deyə bilərik ki, insan öz taleyini əslində özü yazır. Yəni, bu il insanlara etdiyi yaxşı-pis bütün əməllər onun alnına yazılaraq, gələn il bu və ya digər formada qarşısına çıxır. Odur ki, həyatda ancaq yaxşı əməllərlə məşğul olmalıyıq ki, qarşımıza da xeyir çıxsın.
“Yaqub belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi də bilirəm!” (Qurani Kərim).
Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi, alternativ tibb mütəxəssisi
Paralel.az