“Hərbçilərin sənədlərini alın, meyitləri gecə daşıyın, mümkün olmayanda orada yandırın…”
Rusiyanın başlatdığı genişmiqyaslı hərbi müdaxilənin 11-ci günündə Ukraynada humanitar fəlakət yaşanır. Mühasirəyə alınmış Mariupol şəhərində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı-hesabı yoxdur. Minlərlə sakinin yaralı olduğu və tibbi yardım almaq imkanı olmadığı bildirilir. Ötən gün şəhərdən əhalinin təxliyəsi üçün humanitar dəhlizin açılması barədə razılıq olsa da bu baş tutmayıb.
Günlərdir aviazərbələrin və artilleriya zərbələrinin hədəfi olan Xarkovda da humanitar böhran yaşanmaqdadır. Ötən gecə Rusiya aviasiyası şəhərdə çoxmərtəbəli yaşayış binasına bomba zərbəsi endirib, nəticədə binada yanğın başlayıb. Ölənlər barədə məlumat yoxdur.
Rusiya ordusunun itkiləri də hər gün artmaqdadır. Dünənə olan məlumata görə Rusiya ordusunun canlı qüvvə sarıdan itkiləri 10 min nəfəri keçmişdi, minlərlə texnika məhv edilmişdi.
İtkilərin bu cür kəskin artması Rusiya Müdafiə Nazirliyini ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Şimal əməliyyat komandanlığı Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko tərəfindən imzalanmış xidməti təlimatı əldə edib və yayıb. Orada deyilir ki, martın 1-dən etibarən Ukraynada əməliyyatlara cəlb olunmuş hərbçilərdən şəxsiyyətlərini təsdiq edən bütün sənədlər alınmalıdır. Habelə Ukraynadan meyitlərin təxliyəsinə dair tədbirlər görmək əmr edilir. Təlimatda bildirilir ki, meyitlərin daimi dislokasiya yerlərinə gizli daşınması təmin edilməlidir və onların qardaş məzarlıqlarında dəfni xüsusi nömrələr verilməklə həyata keçirilməlidir. Əgər meyitlərin təxliyəsi mümkün deyilsə onları yerində məhv etmək əmr olunur.
Bu əmrin həqiqliyini təsdiq edən həm də odur ki, Ukrayna ordusu tərəfindən martın 4-də Kiyev ətrafındakı Hostomel şəhərindəki döyüşlərdə öldürülən çoxsaylı Rusiya hərbçilərinin üzərində heç bir sənəd və jeton olmayıb. Onların bəzilərinin üzərindən ancaq vaksinasiyaya dair sertifikat və doldurulmamış tibbi kitabçalar tapılıb.
Ötən gün isə Kiyev ətrafındakı İrpen şəhəri istiqamətində Rusiya ordusunun daha bir kalonu darmadağın edilib. Uzunluğu az qala 2 kilometrə çatan kalona Ukrayna ordusunun havadan zərbə endirdiyi bildirilir. Ukayna Ali Radasının deputatı Viktoriya Syumar bu haqda bildirib, məlumatın yoxlanıldığını və dəqiq olduğunu deyib.
“İrpendən Stoyankaya gedən Rusiya hərbi texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən havadan darmadağın edilib. Kalondakıların hamısı məhv edilib, onlardan cəmi biri sağ ələ keçirilib”, – deputat Facebook-da yazıb.