Demokratiya - diktatura müharibəsi
Düşünürəm ki, hazırda Avropanın ortasında gedən müharibə Rusiya – Ukrayna müharibəsi deyil, heç Bayden – Putin müharibəsi də deyil, bu, DEMOKRATİYA – DİKTATURA müharibəsidir. Təbii ki, son müharibə deyil, amma həlledici müharibədir. Bu müharibə həll edəcək ki, dünyada söz kimindir – Diktaturanın, ya Demokratiyanın?! Bundan əvvəl Şərqdə Diktaturanın əsas dayaqları – İraq, Misir və Liviya sıradan çıxarıldı, Suriyanın isə beli sındırıldı...
Opponentlərim etiraz edə bilər ki, bəs Çin, İran, Səudiyyə Ərəbistanı, bunlar dünyada Diktaturanın dayaqları deyilmi? Bəli, elədir, amma burda məsələ bir az fərqlidir. Iranın, faktiki olaraq, fitvası verilib, Rusiyadan sonra növbə İranındır. Demokratik dünya Rusiya ilə bacarsa, qollarını çırmayacaq, İran məsələsi ilə yaxından məşğul olcaq. Molla rejiminin Rusiya kimi dirənəcəyi, müqavimət göstərəcəyi inandırıcı görünmür. Səudiyyə Ərəbistanı isə İslamın müqəddəs dəyərlərinin yerləşdiyi bir məkandır və faktiki olaraq, Qərb dünyasının neft ambarıdır. Ona görə də, düşünürəm ki, Səudiyyə Ərəbistanına hələlik toxunulmayacaq, ayaqda qalacaq...
Çinə gəldikdə, bu, xüsusi məsələdir. Əvvəla, Çin dünyanın yarısı deməkdir, dünya əhalisinin üçdən biri burda yaşayır və dünya iqtisadiyyatının üçdən biri burda formalaşır. Sonra, Çin rejimi Rusiya kimi, İran kimi, Səudiyyə Ərəbistanı kimi klassik diktatura deyil. Klassik diktatura dedikdə, siyasi və iqtisadi hakimiyyətin bir adamın, bir klanın əlində cəmləşməsi nəzərdə tutulur. Çində siyasi hakimiyyət bir partiyanın əlində cəmləşsə də, iqtisadi hakimiyyət qismən paylanıb, xalqın haqqı tanınıb, ölkədə yüzlərlə rəsmi milyarder var. Çində, faktiki olaraq, inhisarçılıq yoxdur, müəyyən istisnalarla, fərdi fəaliyyət və mülkiyyət hüququ qorunur, xalq hakimiyyəti dəstəkləyir. Odur ki, Çinin nə daxili, nə də xarici qüvvələrin əli ilə çökməsi yaxın gələcəkdə real deyildir...
Və qayıdaq mətləbə - DEMOKRATİYA – DİKTATURA müharibəsinə. Bu müharibəni Rusiya lideri Vladimir Putin başlayıb və şəxsi hakimiyyətini qorumaq və uzatmaq üçün başlayıb. 2024-cü ildə Rusiyada Putin hakimiyyəti Konstitusiya müstəvisində bitir, Putin isə getmək istəmir, ölüncə hakimiyyətdə qalmaq istəyir. Səbəblər aydındır: Boris Nemtsov, Anna Politkovskaya, Aleksey Navalnıy cinayətləri var, bunların hesabını vermək var. Xalqdan oğurlanan 100 milyardlarla dollar var, bunun da hesabını vermək lazımdır. Bu gün Rusiyada inhisarçılıq baş alıb gedir, xalqın mütləq əksəriyyəti – 75 faizi pis gündədir, bu mütləq əksəriyyət də, təbii ki, hakimiyyəti dəstəkləmir. Rusiya kimi nəhəng və varlı ölkənin bütün maddi sərvətləri Moskvada cəmlənib, əyalətlər paytaxtdan 100 il geridədir. Təsəvvür edin ki, Rusiyada 120 milyarder bank var, bunun 100-ü Moskvada yerləşir və Putinin 5-6 əlaltısının əlindədir...
Putin ağıllı adamdır, bütün bunları bilir və xalqın başını qatmaq istəyir. Qədim Roma İmperiyasının təcrübəsi isə göstərir ki, xalqın başını 2 yolla qatmaq olar: 1.Xalqa çörək verməklə; 2.Xalqa tamaşa göstərməklə. Putin məlum səbəblərdən xalqa çörək verə bilmir, odur ki, tamaşa göstərmək istəyir. Rusiya – Ukrayna müharibəsi Rusiya əhalisi üçün belə bir tamaşadır. Rusiya qalib gələrsə xalq sevinəcək, qarnı ac olsa da, özünü “qalib” ölkənin vətəndaşı hiss edəcək, Konstitusiyanı dəyişəcək, amma “qalib” liderə səs verəcək. Bu, Vladimir Leninin dediyi kimi, “Velikorus” şovinizmidir... Və Vladimir Putin bu şovinizmi alovlandırmaq üçün "Nüvə müharibəsi"nə kimi getmək istəyir...
Bütün dünyada isə, yuxarıda deyildiyi kimi, Rusiya – Ukrayna müharibəsi DEMOKRATİYA – DİKTATURA müharibəsi kimi qəbul edilir. Əgər Rusiya demokratik dünya ilə müharibədə məğlub olarsa, bu bütün dünyada diktaturanın sonu olacaq, Rusiyanın əhatəsində olan sair despotik rejimlər də yavaş-yavaş çökəcək. Putin və ətrafı məlum Yuqoslaviya lideri Miloşeviç kimi HAAQA məhkəməsinə veriləcək və beynəlxalq cinayətlərinə görə mühakimə olunacaq. Bu müharibədə Putin qalib gələrsə, yalnız onun hakimiyyətinin ömrü uzanmayacaq, ümumilikdə Diktaturanın ömrü uzanacaq, ən azı postsovet məkanında yaşayacaq...
Bəli, bu gün Ukraynada DEMOKRATİYA – DİKTATURA müharibəsi gedir... Bu müharibə həll edəcək ki, dünyada söz kimindir – Diktaturanın, ya Demokratiyanın?!
Qalib ARİF