Kiyev Su Elektrik Stansiyasını rusiyalı hərbçilərdən geri alınıb
Ukrayna Silahlı Qüvvələri Kiyev Su Elektrik Stansiyasını (SES) rusiyalı hərbçilərdən geri alıb, o, yenidən işləyir.
Paralel.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Ukrayna silahlı qüvvələri bu gecə uzun sürən döyüşlər zamanı Kiyev Su Elektrik Stansiyasını rusiyalılardan geri alıblar. Stansiya tam nəzarətdədir.
Texniki heyət sığınacaqları tərk edərək işə başlayıb. 26 fevral 2022-ci il səhər saat 8:30-a olan məlumata görə, Kiyev SES normal rejimdə işləyir”, - deyə o, “Facebook”da yazıb.
Şənbə günü səhər saatlarında Energetika Nazirliyi bildirib ki, Kiyev SES Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır, lakin heyət sığınacaqda olduğundan işləməyib.
Həmçinin bildirilib ki, “Kiyev İES-6” (İstilik Elektrik Stansiyası) normal işləyir.
Hərbi əməliyyatlar nəticəsində bir sıra xətlər və yarımstansiyalar zədələnib, Ukrayna üzrə yüzə yaxın yaşayış məntəqəsi elektrik şəbəkəsindən ayrılıb.
Mənbə: pravda.com.ua