Beynəlxalq humanitar forumlar ölkəmizdəki
tolerantlığın təbliği üçün bir fürsətdir

Beynəlxalq humanitar forumlar ölkəmizdəkitolerantlığın təbliği üçün bir fürsətdir
 

Azərbaycan artıq multikulturalizm məkanı kimi mədəniyyətlərin,
dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib

 

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqımızın öz kökünə və islami dəyərlərə qayıdışı, insan haqq və azadlıqlarının qanunla qorunması, eyni zamanda cəmiyyətin əxlaqi-mənəvi yüksəlişi, müxtəlif inanclara sahib ölkə vətəndaşlarının bütövlüyü və birliyi prosesi başlandı.

Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da, ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün oldu. Bunun da nəticəsində Azərbaycan artıq multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalqın və etnik qrupun mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model, artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Bu, həm də dünya səviyyəsində tanınan siyasətçilərin, dövlət və din xadimlərinin də etiraf etdikləri bir gerçəklikdir.

Azərbaycanda mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın mərhum patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda ümummilili lider Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən söylədiyi fikirlər çox diqqətçəkəndir: "Azərbaycandakı tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Bu baxımdan Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi də, azsaylı millət və onların etiqad etdiyi dinlərə sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir.

Burada onu da qeyd etmək vacibdir ki, Azərbaycan öz mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsidir. Ölkəmizdə mövcud olan nümunəvi dini tolerantlığa heyranlığını gizlədə bilməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osmanın Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar söylədiyi fikirlər də böyük əhəmiyyət kəsb edir: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən bütün tələbləri yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaq". Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi də, odlar yurdunun beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Bu modelin dövlətin siyasi kredosunda önəmli yer alması şübhəsiz ki, müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də mühüm rol oynayıb. Bütün bunları əldə etmək üçün isə heç şübhəsiz ki, ölkəmizdə mövcud olan reallıqları olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Buna görə də, bu məqsədlər üçün yaradılan istər dövlət qurumları, istər dini icmalar, istərsə də qeyri-hökumət təşkilatları öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Son zamanlar dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi yönündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər intensivləşib. Bir müddət əvvəl Dövlət Komitəsində keçirilən geniş müşavirədə komitənin sədri Mübariz Qurbanlı maarifləndirmə məqsədilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruri olduğunu söyləyib. Komitə sədri bildirib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür və bu davamlı xarakter daşıyır.

Onu da diqqətinizə çatdıraq ki, bütün bu tədbirlər, ölkəmizdə multikulturalizmin, bəşəri birgəyaşayışın təbliği və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda ölkəmizdə keçirilən humanitar forumların da multikulturalizmin bir bəşəri dəyər kimi təbliğində çox böyük rolu var. Çünki bu forumların ölkələr arasında mədəni əlaqələrin qurulmasında, münasibətlərin yaranmasında da rolu danılmazdır. Belə forumlarda xarici ölkələrdən qatılan nümayəndələr Azərbaycanla daha yaxından tanış olur, onlar tanınmış ictimai-siyasi xadimlərimizlə, ziyalılarımızla ünsiyyət quraraq xalqımız haqqında həqiqətləri öyrənmək imkanı əldə edirlər. Beləliklə də, xarici ölkə nümayəndələri əzəli torpağımız olan, illərdir erməni işğalında qalan Dağlıq Qarabağ məsələsinin və işğal nəticəsində 1 milyondan çox soydaşımızın öz doğma yurd-yuvalarından qaçqın düşməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında bilavasitə vasitəçilik missiyasını yerinə yetirirlər. Bu forumlar həm də ölkəmizin dünya miqyasında dialoq məkanı kimi tanınmasına, eləcə də digər region ölkələri ilə sıx əməkdaşlıq etməsinə xidmət edir.

Keçən ilin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" adlı kitabın təqdimat mərasimini keçirib. Tədbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı Azərbaycanın, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə göstərilən bir ölkə olduğunu vurğulayaraq dövlət başçısının çıxışlarının qayəsində tolerantlıq dayandığını bir daha mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan burada yaşayan bütün xalqların və etnik qrupların, eləcədə müxtəlif dinlərə mənsub insanların isti od-ocağı, doğma Vətənidir. Ölkəmizdə müxtəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqlara hörmətlə yanaşılması birliyin və əmin-amanlığın sarsılmazlığını təmin edir.

Bunu açıq şəkildə deyə bilirik ki, Azərbaycan dünyanın multikulturalizmi yaşadan ölkələri sırasındadır və əsrlər boyu məmləkətimizdə bütün etnoslar mehriban, dostluq şəraitində yaşayıb və indi də yaşamaqda davam edirlər. Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini qeyd edən Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev fikrini belə ifadə edir: "Ölkəmizə qonaq gələnlər gördükləri tolerantlıq nümunələrindən heyrətə gəlirlər. Elə bir günümüz yoxdur ki, qonaqlarımız olmasın. Dağ yəhudiləri olaraq, Azərbaycanı ilk gündən vətənimiz saymışıq. Bu gün yaşayırıq, gələcəkdə də yaşayacağıq. Vətənin qaratikanı yad ölkələrin gül-çiçəklərindən daha yaxşıdır".

Böyük Vətən müharibəsi illərində alman faşizminə, Qarabağ uğrunda gedən qanlı döyüşlərdə erməni işğalçılarına qarşı azərbaycanlılarla çiyin-çiyinə digər xalqların da övladları mübarizə aparıb, qəhrəmanlıq, şücaət göstərib, bu yolda şəhid olublar.

Bəli, etnik qrupların, azsaylı xalqların adət-ənənəsinə, milli-mənəvi dəyərlərinə hörmət və qayğı ilə yanaşan Azərbaycan onların da isti od-ocağı, yurd-yuvası, doğma Vətənidir.

Bunu bütün dünyaya çatdırmaq üçün isə güclu təbliğat işləri aparılmalıdır. Multikulturalizmin iflasa uğradığını iddia edənlərə sübut etmək lazımdır ki, bəşəriyyətin rifahı və sabitliyi üçün tolerintlıq və multikulturalizmdən ayrı bir yol yoxdur. Çünki radikalizi və dözümsüzlük çox böyük dağıdıcı gücə malikdir və onun qarşısını ancaq qarşılıqlı hörmət, dözümlülük və multikulturalizm ala bilər. Bu məsələlərə böyük diqqət ayıran Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədiri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və redaktorluğu ilə "Azərbaycan multikulturalizmi" dərsliyinin hazırlanması dünyada multikulturalizmin təbliği baxımından çox böyük əhəmiyyət daşıyır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan bu dərslik inanırıq ki, gənclərimiz, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması üçün əhəmiyyətli rol oynayacaq. Şübhəsiz, belə dərsliklərə gələcəkdə daha geniş yer verməklə sabahımızın sağlam, milli-mənəvi, hər bir xalqa hörmət və ehtiram ruhunda yetişməsinə zəmin yarada bilərik.

Yetişən gənc nəslə ölkəmizdə yaşayan etnik qruplara, başqa xalqın nümayəndələrinə hörmət və sayğı ilə yanaşma ruhunu aşılamalı, gənclərimiz arasında multikulturalizmin əsas prinsipləri olan birlik və qardaşlıq münasibətlərinin təbliğini gücləndirməli, onları yalnız bu ruhda, bu istiqamətdə  tərbiyə etməliyik. Bunun üçün təhsil ocaqlarında beynəlmilləlçilik, multikultiralizm mövzusu daim tədris və təbliğ olunmalı, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" ifadəsi hər bir gəncin, hər bir ölkə vətəndaşının həyat amalına çevrilməlidir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.032335996627808