Bu təhsil ocağında vahid proqram yoxdur - Ekspert

Məktəbəqədər təhsil müəssisələrində şagirdlərdə oxuma, yazma bacarığı yox, parta arxasında oturmaq, sinifdə davranış qaydaları, rəsm çəkmək kimi bacarıqları formalaşdırmaq lazımdır. Statistik göstəricilərə əsasən, deyə bilərəm ki, ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma faizi olduqca aşağı səviyyədədir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin məktəbdən fərqli tədris planı olmalıdır:

“Bu yaş həddinə məxsus uşaqların ümumilikdə 25 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu əlbəttə ki, fəaliyyət göstərən müəssisələrin azlığı ilə əlaqədardır. Bununla yanaşı qeyd etmək lazımdır ki, fəaliyyət göstərən istər dövlət, istərsə də özəl məktəbəqədər təhsil müəssisələrində vahid tədris proqramı yoxdur. Onlar müstəqil şəkildə müəyyən edilmiş tədris proqramlarını hazırlayıb şagirdlərin istifadəsinə veriblər.

Apardığım araşdırmalar nəticəsində məlum oldu ki, özəl məktəbəqədər təhsil müəssisələrinin tədris proqramı orta məktəblərin ibtidai siniflərində tədris olunan materiallar ilə eynilik təşkil edir. Xüsusilə orta məktəblərin ibtidai siniflərində tədris olunmalı, öyrədilməli olan oxuma, yazma kimi bilik və bacarıqları məhz məktəbəqədər təhsil müəssisələrində şagirdlərə öyrədirlər ki, bu da olduqca ciddi problemlər yarada bilər. Belə ki, artıq sinfin tədris proqramlarını mənimsəmiş uşaq ibtidai sinfə daxil olduqda artıq bildiyi materialları yenidən keçdiyi üçün ona dərslər maraqsız gələcək və nəticədə dərsdə iştirakı aşağı səviyyədə olacaq. Hesab edirəm ki, bu problemin həlli üçün bütün məktəbəqədər təhsil müəssisələri vahid tədris proqramlarından istifadə etməlidir və bu proqram orta məktəbin ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan proqram ilə üst üstə düşməməlidir”.

 

0.05423903465271