Avropa tolerantlığa yox,
terrora dəstək verir...

Avropa tolerantlığa yox,terrora dəstək verir...
 

Kamal Abdulla: "2017-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyəti,
həyata keçirdiyi layihələri ilə multikulturalizm sahəsində çox böyük işlər görüb"

 

İlk öncədən qeyd etmək istəyirik ki, dünyada multikulturalizmin, tolerantlığın, milli və etnik birgəyaşayışın, dözümlülüyün bir düşməni var-terrorizm. Terrorizmin necə adlandırılmasından asılı olmayaraq, o bu gün dünyanı məhvə aparan ən əsas elementlərindən biridir.

Buna görə də, terrorizmə ikili standartlarla yanaşma əsla yolverilməzdir. Bu gün Avropanı çalxalayan qaçqınlar probleminin meydana gəlməsində, həmin ikili standartlar heç də az rol oynamayıb. Bu standartları da ilk növbədə Avropa ortaya qoyur və açıq şəkildə demək mümkündür ki, terrorla bağlı problemlərin  çoxalmasının səbəbkarı da elə avropalıların özləridir. Çünki bu problemlər onların digər ölkələrin daxili işlərinə qarışmalarının və bir çox terror təşkilatlarını dəstəkləmələrinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Brüsseldə terror aktları baş verməzdən bir neçə gün əvvəl- martın 18-də Türkiyə Respublikasının Prezidenti R.T. Ərdoğan terror təşkilatlarına qarşı prinsipial mövqe tutmadıqlarına görə Avropa dövlətlərini kəskin tənqid etməklə yanaşı, onların da hər an terrora məruz qala biləcəkləri barədə xəbərdarlıq edərək demişdir: "Siz bilmirsiniz nə vaxt ayaqlarınızı minanın üstünə basacaqsınız, lakin bu, mütləq baş verəcək. Öz sinəniz üzərində bəslədiyiniz ilan sizi istənilən anda sanca bilər". Bu sərt xəbərdarlıqdan üç-dörd gün sonra bütün dünya Türkiyə Prezidentinin haqlı olduğunun şahidi oldu.

Qərb erməni terrorizminə göz yumur susur. Bu susqunluqdan ruhlanan erməni terrorçularının azərbaycanlılara qarşı yüz ildən artıq davam edən çoxsaylı soyqırımlarının sonuncusu və ən dəhşətlilərindən biri 1992-ci il fevralın 26-da Xocalıda baş verdi. Yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən bu cinayət nəticəsində əksəriyyəti qoca, qadın və uşaq olan 613 nəfər dinc əhali məhv edildi. Ən dəhşətlisi odur ki, ermənilərin bir əsrdən artıq azərbaycanlılara və türklərə qarşı davam edən terrorçuluq fəaliyyəti dünya birliyinin gözü qarşısında baş verir. Getdikcə daha da azğınlaşan erməni terrorizminin qarşısını almaq üçün dünya birliyi bu müddət ərzində heç bir cəhd, təşəbbüs göstərmədi. Əksinə, 1980-cı illərin sonlarından başlayaraq, Qərb dövlətləri Azərbaycana qarşı təcavüzə hazırlaşan Ermənistan dövlətinə hər cür dəstək verərək, o illərdə bu dövlətin səyi nəticəsində Yerevana axışan erməni terrorçularını silahlandırmaqla məşğul oldular. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 mindən artıq günahsız azərbaycanlının məhvi və bir milyondan artıq insanın qaçqın və köçkün düşməsi ilə nəticələnən Qərbin ermənilərə verdiyi bu dəstəyin, bu gün də davam etməsi sadəcə təəssüf yox, hiddət doğurur.

Lakin çox maraqlıdır ki, Avropada baş verən hər bir terror aktından dərhal sonra avropalılar terrorizmi məhv etmək üçün bütün səylərini səfərbər edəcəkləri barədə bəyanatlar verirlər. Lakin anlamaq istəmirlər ki, nəqədər erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarına dünya birliyi siyasi və hüquqi qiymət verməyib, nəqədər ki, Ermənistana rəhbərlik edən terrorçular özlərini təhlükəsiz hiss edirlər, nəqədər ki, terrorizmə ikili standartlarla yanaşılır, nəqədər ki, "yaxşı" və "pis" terrorçular anlayışı mövcuddur, nəqədər ki, islam dinini alçaltmaq və gözdən salmaq məqsədilə özlərinin yaratdıqları terror təşkilatlarını islam dininə bağlamağa çalışırlar, terrorizmin məhv edilməsi mümkün deyil. Terrorizmi məhv etmək üçün dünyanın aparıcı dövlətləri, ABŞ və Avropa İttifaqı ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Ermənistanın terrorçu rəhbərlərinin Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə çalışmalı və ayrı-seçkilik qoymadan terrorçu təşkilatlara qarşı mübarizəni davam etdirməlidirlər.

Qərb dövlətləri 2015-ci ilin yanvarında və noyabrında Parisdə, daha sonra Brüsseldə həyata keçirilən terror aktlarına dərhal və çox kəskin reaksiya verərək öz həmrəyliklərini nümayiş etdirdilər. Lakin Türkiyədə ard-arda törədilən və böyük insan tələfatına səbəb olan terror aksiyalarına, eləcədə Yəməndə və İraqda baş tutan ağır terror hadisələrinə Avropa dövlətləri heç bir reaksiya vermədilər. Hətta Hollandiya parlamentinin üzvləri Türkiyədəki terror aktları nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən belə imtina etdilər. Avropada baş verən bütün bu hadisələr bizə, burada dini nifrətin, islamafobiyanın artıq pik həddinə çatdığını deməyə əsas verir. Bu fikirlə əlaqədar bir neçə faktı da oxucuların nəzər-diqqətinə çatdırmaq istəyirik. Belə ki, hələ 2005-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını özünün redaktoru olduğu qəzetdə dərc etdirən Daniya vətəndaşı Fleminq Rouzun namizədliyi Nobel mükafatı kimi mötəbər bir mükafata təqdim olundu. Bir neçə il ondan əvvəl Türkiyə yazıçısı Orxan Pamuk da öz əsərlərində islamı təhqir etdiyinə və "erməni soyqırımı"nı sübut etməyə çalışdığına görə, Nobel mükafatına layiq görüldü. Britaniya yazıçısı, Hindistan əsilli Salman Rüşdi də islamı təhqir edən şeirlərinə görə Avropanın rəğbətini qazandı. Bütün bunlar son nəticədə onu deməyə əsas verir ki, bəşəriyyətin gələcəyinin mültikulturalizmdən, insanlar, dövlətlər, dinlər arasında tolerantlıqdan asılı olduğunu bizim sivil Qərb adlandırdığımız cəmiyyət, hələ də dərk etmək iqtidarında deyil. Elə buna görə də, Qərblə Şərq arasında körpü rolunu oynayan, rəsmi olmasa da dünyada multikulturalizmin mərkəzi kimi tanınan Azərbaycanın da üzərinə böyük məsuliyyət düşür və çox sevindirici haldır ki, ölkəmiz bu missiyanı layiqincə yerinə yermək əzmindədir. Bunu keçən ilin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2017-ci il üçün illik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirədə iştirak edən bir çox nümayəndələr də öz çıxışlarında qeyd ediblər.

Müşavirəni giriş sözü ilə açan BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qeyd edib ki, 2017-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyəti, həyata keçirdiyi layihələri ilə multikulturalizm sahəsində çox böyük işlər görüb. O qeyd edib ki, Mərkəz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün xeyli işlər görüb. Hədəflər isə bəllidir: xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi və genişləndirilməsi, qış və yay multikulturalizm məktəblərinin keçirilməsi, Azərbaycan universitetlərində multikulturalizm fənni üzrə tədrisin təşkili və onun davamı, eyni zamanda, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının davamı kimi "Azərbaycan multikulturalizminin elmi-ictimai əsasları" kitabının hazırlanması, bununla yanaşı, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı "Heydər Əliyev 95: multikulturalizm və tolerantlıq ideyaları" mövzusunda beynəlxalq konfransın təşkili.

2017-ci ildə "Azərbaycan multikulturalizmi" fənni dünyanın 17 və Azərbaycanın 36 nüfuzlu ali məktəbində tədris olunub. İl ərzində ölkə daxilində və xaricdə bu müəllimlər üçün 4 treninq təşkil edilib, dinləyicilər müvafiq sertifikatlarla təmin olunublar.

2017-ci ilin fevralında Qəbələ, Oğuz, Şəki, Qax və Bakıda "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" devizi altında IV Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbləri təşkil edilib.

Rusiya Mədəniyyət Mərkəzinin Azərbaycanın ictimai, humanitar, qeyri-hökumət təşkilatları ilə çoxtərəfli mədəni əlaqələrindən danışan Milli Məclisin deputatı Mixail Zabelin əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O deyib ki, Azərbaycan və Rusiyanın dayanıqlı dövlətlərarası münasibətlərinin mövcudluğu ölkələrin dinamik münasibətlərinə mühüm təsir göstərir. M.Zabelin uğurlu əməkdaşlığın nümunəsi kimi Azərbaycan Dillər Universiteti və Rusiyanın Puşkin adına Rus Dili İnstitutu arasında imzalanan yaradıcı birlik haqqında müqaviləni xatırladıb.

Azərbaycandakı Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycan xalqının yaşam standartlarının təbliğinin genişləndirilməsinin vacibliyini qeyd edib. ABŞ-ın Arizona ştatının nümayəndə heyətinin Azərbaycana uğurlu səfərindən danışan Milix Yevdayev səfərin əhəmiyyətini qeyd edib. O bildirib ki, ABŞ mediası Azərbaycan haqqında bir sıra məqalələr yayıb və bu, "Xaricilər Azərbaycan haqqında" adlı yeni kitab üçün çoxşaxəli kontent hazırlayıb. Azərbaycanlı alimlərin Auqsburq şəhərinə səfərinin nəticələrindən danışan ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova aparıcı alman tədris mərkəzləri ilə yaradıcı və elmi münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında keçirilən konfranslar və diskussiyalar haqqında ətraflı məlumat verib.

Bütün bunlar onu deməyə əsas verir ki, Qərbin ikili standartlarından fərqli olaraq Azərbaycan dövləti, prezident İlham Əliyevin bu sahədə ortaya qoyduğu mövqeyinə əsaslanaraq özünün mültikultural dəyərlərə sadiqliyini və bütün dünyada sülhə və əminamanlığa nail olmaq istəyini ortaya qoyur.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.080195903778076