Rusiya-Amerika qarşıdurması

Rusiya-Amerika qarşıdurması
 
 
“Qısa qeydlər” silsiləsindən
Rusiya ilə Amerika arasında 3-cü dəfədir ki, qarşıdurma yaranır, nəhənglər üz-üzə gəlir. Birinci - Karib böhranı SSRİ ilə ABŞ arasında ABŞ-a məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq tanınır. Xruşşov-Kennedi qarşıdurması kimi tarixə düşən bu böhran xoşbəxtlikdən "heç-heçə" ilə başa çatdı, dünya Nüvə müharibəsi təhlükəsindən qurtardı. Amma “Soyuq müharibə” başladı...
Rusiya ilə Amerika arasında “Soyuq müharibə” 80 – lərdə pik nöqtəsinə çatdı. ABŞ SSRİ-yə faktiki olaraq, iqtisadi müharibə elan etdi. İttifaqın əsas valyuta mənbəyi olan neftin barreli 5-10 dollara düşdü. ABŞ-ın gündəmə gətirdiyi, Nüvə silahlarının Kosmosa daşınması “planetar yarışı” isə İttifaqı diz çökdürdü. Paytaxt Moskva istisna olmaqla, İttifaqın bütün böyük və kiçik şəhərlərində mağazalar boşaldı, gündılik tələbat, ərzaq malları yoxa çıxdı. Böyük ölkədə böyük siyasi böhranla nəticələnən iqtisadi və sosial böhran başladıı. Reyqan - Qorbaçov qarşıdurması kimi tanınan “İqtisadi müharibə”də SSRİ məğlub oldu və 90-larda tamam dağıldı.
Nəhayət Ukrayna böhranı kimi adı hallanan 3-cü qarşıdurma. Düşünürəm ki, ABŞ Rusiyanı və Ukraynanı bu müharibəyə təhrik edir. Ukrayna durmadan silahlandırılır, diplomatlar Kiyevdən çıxır və NATO durmadan Rusiya sərhədlərinə yaxınlaşır. Məqsəd Rusiyanı qlobal münaqişə ocağına salmaq, bütün dünya ilə üzbəüz qoymaq, son nəticədə parçalamaq və böyük siyasət meydanından uzaqlaşdırmaqdır. Bu planın həyata keçirilməsi üçün Ukrayna poliqon kimi seçilib. Əgər nəhənglər toqquşarsa, Ukrayna ayaqlar altında qalar, bütün region viran olar...
Sülhün yeganə zəmanəti qarşıdurmaya gedən tərəflərin nüvə ölkələri olmasıdır. Keçən əsrdə Yaponiyaya atılan atom bombalarının səsi qulaqlarda, nəticəsi yaddaşlardadır. Rusiya və ABŞ liderləri də ağsaqqal adamdırlar, yəqin anlayırlar - qlobal fəlakətin bir addımlığındadırlar...
Və son olaraq. Düşünürəm ki, 3-cü, hazırkı Putin - Bayden qarşıdurması da 1-ci kimi, heç-heçə olacaq... MÜHARİBƏ OLMAYACAQ...
Qalib ARİF
Paralel.az
0.015320062637329