Kapital Bank ölmüş müştəridən borcunu qaytarmağı "tələb edir"

Kapital Bank ölmüş müştəridən borcunu qaytarmağı
 

Bankın qəsdən müştərilərə tələ qurması mənəviyyatsızlıqdır

 

Azərbaycanda yerli banklarla vətəndaşlar arasında xoşagəlməz halların yaşanması, heç təsadüfi hallar deyil. Bu dəfə redaksiyamıza daxil olan şikayət «Kapital  Bank»ın Beyləqan filialı barədədir.

Beyləqan rayonunun Kəbirli kənd sakini Məmmədov İlhamirz Vaqif oğlu şikayət məktubunda yazır ki, anası Məmmədova Sevda Rəfi qızı 24 may 2019-cu ildə «Kapital Bank»-ın Beyləqan filialından 4750 manat kredit götürüb: "16 sentyabr 2020-ci il tarixə qədər kreditin ödənilməsi ödəniş qrafikinə uyğun olaraq aybaay yerinə yetirilib. Kreditlə bərabər anama "birkart" da verilib, həmin kartdan da istifadə edilib qrafikə uyğun ödəniş olunub. Bundan bir müddət sonra anamın xəstəliyi ağırlaşıb o, 2020-ci ilin noyabr ayında xərçəng xəstəliyindən dünyasını dəyişib. Həmin vaxt mən hərbi səfərbərlikdə, yəni torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən Müharibəsində iştirakçı kimi döyüşdə olmuşam. Bu səbəbdən anamın ölüm haqqında şəhadətnaməsinin Kəbirli kənd ərazi nümayəndəliyindən verilən arayışı xalamın həyat yoldaşı Allahverdiyev Vaqif Cəmil oğlu «Kapital Bank»-ın Beyləqan rayon filialına təqdim edib soruşub ki, kredit götürən vətəndaş dünyasını dəyişdiyi halda, biz etməliyik. Bankdan bildiriblər ki, biz baş idarə ilə əlaqə saxladıqda sonra bu barədə sizə cavab verəcəyik. Həmin vaxt mən xalamın yoldaşına dedim ki, yasda yığılan pulla anamın kreditini qaytarın, çatmasa, mən təxris olunanda verilən məvaciblə qalığını ödəyərik".

Şikayətçi yazır ki, həmin vaxtı V. Allahverdiyev bir neçə gün sonra yenidən «Kapital Bank»-ın Beyləqan filialına yaxınlaşaraq məsələ ilə bağlı məlumat almaq istəyəndə ona bankdan deyiblər ki, siz heç bir ödəniş etməli deyilsiniz, müştəri dünyasını dəyişdiyi üçün borc bankın hesabına silinir: "Həmin vaxt anamın adına olan "birkart"da 127 manat borc qalığı var idi. Kartı yoxlayan zaman bəlli oldu ki, doğrudan da kartın balansından borc silinib. Lakin bankın biz bu cavabından bir il üç ay sonra, yəni bir neçə gün əvvəl «Kapital Bank»-ın Beyləqan filialından zəng gəldi ki, mərhum ananızın adına olan 3747.61 manat borcu ödəməlisiniz. Mən bilmək istəyirəm ki, əgər mən bu borcu ödəməli idimsə, üçün bank məni dərhal məlumatlandırmayıb. Dərhal məlumat alısydıq, üzürəmə yığılan borcun bir hissəsini bağlayar, qalan hissəsini isə aylara bölüb qrafiklə ödəyərdik. Elə bil ki, bank qəsdən məni cibi boş yaxalamaq üçün tələ qurub, bu deməkdir?

Hazırda mən ayda cəmi 400 manat maaş alıram, o da heç ailəmin gündəlik tələbatını ödəmir. «Kapital Bank»ın Vətən Müharibəsi döyüşçüsünə qoyduğu hörmət budur?"

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarında belə bir ənənə var, kredit götürən müştəri dünyasını dəyişdikdə onun qalan borcu bağışlanılır. Bu ənənə bütün dünyada mövcuddur. Hətta dünyanın əksər ölkələrində bu, qanun çərçivəsinə salınıb, kredit müqaviləsində öz əksini tapır. Azərbaycanda da bəzi banklar vətəndaşlarla bağladıqları kredit müqavilələrinə belə bir bənd əlavə ediblər.

«Kapital Bank»-ın Beyləqan filialından sorğumuza cavab olaraq bildirdilər ki, bu məsələləri filiallar deyil, baş ofis həll edir: "O zaman bizə cavab belə gəlmişdi, biz bildirdik ki, ödəməyə ehtiyac yoxdur, borclarınız sfrlanacaq. İndi isə bizə mərkəzi ofisdən bildiriblər ki, bank faizləri əlavələr silinir, amma borcun əsas hissəsi qaytarılmalıdır."

«Kapital Bank»-ın baş ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı.

Onu da qeyd edək ki, sözügedən kreditin ödəniş qrafikinə nəzər saldıqda çox maraqlı mənzərə ilə rastlaşdıq. Belə ki, bir il dörd aylıq ödəniş dövründə banka ödənilən 2650 manat vəsaitin 1000 manatı əsas bocun, 1550 manatı isə bank faizlərinin silinməsinə yönəldilib. Bu o deməkdir ki, bank öz mənfəəti olan faizləri vətəndaşdan bəribaşdan alır, əsas borcun ödənilməsini isə sonrakı dövrə saxlayır. Əslində isə əsas borc faizlər aylar üzrə proporsianal, yəni bərabər şəkildə bölünməlidir. 

Akif Nəsirli

Paralel.az

0.017900943756104