Bu gün Beynəlxalq Stomatoloq Günüdür

Bu gün Beynəlxalq Stomatoloq Günüdür
 

Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Həmin günün qeyd olunması ənənəsi ildən-ilə daha geniş yayılır.

Paralel.az xəbər verir ki, stomatoloqların peşə bayramının müqəddəs Apolloniya Günündə qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.

ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim stomatoloqların hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini aşkar ediblər. Pakistanın Belucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.

Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.

Ötənilki statistikaya görə, ölkəmizdə 3239 stomatoloq çalışır.

Səfurə, Paralel.az

0.018258810043335