Qəhrəman

Qəhrəman
 
 
Milli Qəhrəman İbad Hüseynova ithaf olunur
İ.Komandir
Mehdi bizim batalyon komandiri Füzulinin müavini idi. O vaхt hələ rota, vzvod bölgüsü yoх idi, bunlar sonra yaranıb. Bir komandir vardı, bir də onun müavini. Füzuli əsasən batalyonun təhcizat, təşkilat məsələlərinə baхırdı. Postlar, kəşfiyyat, əsgərlər - bunlar hamısı Mehdinin nəzarətində idi. O, əsl komandirdi, güclü хarakterli, dönməz, qətiyyətli idi. Başına bir şey girsəydi, mıхla da vurub çıхarmaq olmazdı. Onun qətiyyətini mən kompasın şimal əqrəbi ilə müqayisə edərdim. Kompası vurmaq, əzmək, sındırmaq olar, amma onun şimal əqrəbi şimalı göstərəcək. Axıra kimi. Mehdi də belə idi. Idman institutunu qurtarmışdı, güləşçi idi, üç adam onu yerindən tərpədə bilməzdi. Heç kimə də güzəştə getməzdi. Amma ədalətli idi, özünə rəva bilmədiyini özgəsinə də rəva görməzdi. Onun cəsarəti isə bir ayrı söhbətdir…
1-ci postda çayın sahilində hündür bir qaya vardı, erməni tərəfdən yaxşı görünürdü. Mehdi çıxardı bu qayanın üstünə, dim-dik dayanardı. Erməni tərəfə bir-iki qatar boşaldardı. Erməni yığışardı qarşı tərəfdəki, çayın sahilindəki sıldırımın üstünə. Onlar atırdı, bu atırdı, bir atəşfəşanlıq başlayırdı ki, gəl görəsən. 10-15 dəqiqədən sonra Mehdi ratsiya ilə deyirdi: «Ay kor erməni, sən məni açıq hədəfdə götürə bilmirsən, bəs açıq döyüşdə neyləyəcəksən?» Sonra qayanın dalına yatırdı, qumbaraatanla erməni tərəfə bir-iki qumbara buraxırdı. Bir qaç-haqaç düşürdü, gəl görəsən. Erməni dovşan kimi qaçırdı. Mehdi belə oğlan idi. Ermənilər onun başına neçə min pul qoymuşdular. Özü bu barədə lağla danışırdı. Deyirdi: «ermənilər Rusiyada qızıl alverinə baxırlar. Hər şeyə pul verməzlər. Yəqin mənim də başım qızıldandı». Başı isə, doğrudan da qızıl idi - saat kimi işləyirdi.
Mehdinin xalaoğlanları vardı: Eldar, Etibar. Allah rəhmət eləsin, hər ikisi torpaq uğrunda şəhid oldu. Eldar Mehdi ilə, Füzuli ilə bir sinifdə oxumuşdu. Dağda qoyun briqadiri idi. Hələ 89-da, müharibə təzə başlanan dövrdə şəhid olmuşdu. Ermənilər Qara Qayada qoyun binələrinə hücum etmişdilər, qoyunları aparmaq istəmişdilər. Eldar verməmişdi, neçə saat erməni ilə atışmışdılar. Bunlar çox olmuşdular, Eldarı vurmuşdular, qoyunu da aparmışdılar. Iki gündən sonra isə çayın dərəsində balıq tutan iki erməni yeniyetmənin meyiti tapılmışdı. Hər ikisinin də qulağı kəsilmişdi. Etibarın işi idi, qardaşından sonra harda erməni görürdü, qulağını kəsirdi.
Etibarı mən yaxşı tanıyıram, onunla bir sinifdə oxumuşdum. Səkkizdən çıxdı, dağa qardaşının yanına qoyuna getdi. Əsgərlikdən sonra isə sürücü işləyirdi, rayondan kəndə gələn avtobusu sürürdü. Qardaşı şəhid olandan sonra isə işi atmışdı. Dost-tanışını başına yığıb bir dəstə düzəltmişdi. Ov tüfəngi, quş tüfəngi ilə silahlanmışdılar. Rayondan da hansı idarəninsə «UAZ»ını sürüb gətirmişdilər, dəstə ilə bu maşında gəzirdilər. Erməni kimi bunlar da qonşudan mal-qara oğurlayır, aparıb Ağdam bazarında satırdılar. Sonra da içib şuluq salır, kənddə ona-buna sataşırdılar ki, bəs biz vuruşuruq, siz vuruşmursuz, torpaq qeyrəti çəkmirsiz və s. Bir sözlə, Etibar əməlli-başlı problemə çevrilmişdi.
Bu, erməni hücumlarının gücləndiyi, müharibənin başlandığı bir dövr idi. Müdafiə dəstəsi yaratmaq, kəndi müdafiə etmək lazım idi. Quşçular camaatı da ağsaqqal-qarasaqqal yığışmışdı, bu işi o vaxt kənd soveti işləyən qardaşım Füzuliyə tapşırmışdı. Füzuli də artıq işə başlamışdı, kəndin ətrafına postlar qoyulmuş, daimi növbə təşkil olunmuşdu. Amma Etibar cığallıq edirdi ki, kənddə birinci şəhidi verən də, birinci ayağa qalxan da mən olmuşam, müdafiə dəstəsinin komandiri də mən olmalıyam. Hələ bir dəfə mən Qara Qayadakı postda növbə çəkəndə dəstəsini yığıb üstümüzə hücum çəkmişdi... Doğrudur, ölən-itən olmamışdı, amma qarşıdurma yaranmışdı. Etibarın dəstəsi ləğv olunmalı idi, ya xoşluqla, ya da zorla. Ayrı yol yox idi. Əks halda qardaş qardaşa qarşı qalxacaq, kənd müdafiəsiz qalacaqdı.
Mehdinin atası Arif müəllim o vaxt məktəb direkoru idi. Etibar da, qohumları da ona müəllim kimi hörmət edir, ağsaqqal kimi sözünü eşidirdilər. Etibarla Arif müəllim özü danışmışdı, onu başa salmışdı ki, müdafiə dəstəsinin komandiri rayonda tanınan, nüfuzu olan adam olmalıdır, böyük adamlarla görüşüb danışmağı bacarmalıdır. Müdafiə dəstəsi yaratmaq üçün pul tapmaq, silah almaq lazımdır. Burda qüvvət, cəsarət azdır, səbir və tədbir də gərəkdir. Söhbət səndən, məndən getmir, söhbət Vətəndən gedir. Olsun ki, Vətən məsələsi Etibarın başına batmışdı, ya ağsaqqalın müraciəti onu yola gətirmişdi. Amma bir müddətdən sonra özü könüllü müdafiə dəstəsinə gəlmişdi.
Mehdi dediyim kimi, qətiyyətli adam idi, dostla dost, düşmənlə düşmən olmağı bacarırdı. Deyirdi, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Ermənidə qisas qoymaq istəmirdi. Qara Qayada Eldarı vuran, qoyunu aparan ermənilərə Serqey Qriqoryan adlı birisi başçılıq etmişdi. Quldurun biri, çox qansız adam idi. Sonralar ermənilərin batalyon komandiri idi, Quşçulara hücumları, soyğunçuluğu, quldurluğu təşkil edirdi. Deyirdilər, Xocalı hadisəsində də öz dəstəsi ilə çox fəal iştirak edib, qocaya, körpəyə divan tutanlardan biri olub. Doğrudur, Xocalı hadisəsindən sonra biz də dağın dalındakı erməni kəndlərinə hücum etmişdik, ermənilərin dərsini vermişdik. Amma Sergey dəstəsi ilə gaçıb aradan çıxmışdı, qisasdan qurtula bilmişdi…
(Ardı var…)
Qalib ARİF
Paralel.az
0.021544933319092