Masallıda qətl : Qardaş qardaşı öldürüb

Masallıda qətl : Qardaş qardaşı öldürüb
 

Masallıda itkin düşən şəxsin qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

Şahnaz, Paralel.az

0.014523029327393