Ukraynanı xilas etmək mümkün olacaqmı?

Ukraynanı xilas etmək mümkün olacaqmı?
 

II Yazı

Siracəddin Hacı

 

- Rusiya ayıdır, istəyir ki, Ukrayna ayıya dayı desin, həm də körpüdən keçənədək deyil, həmişəlik dayı desin. Ayıya dayı demək ayının dedikləri ilə oturub durmaq, ona təslim olmaq, müstəqil, azad yaşamaq ideal və iradəsindən imtina etməkdir, köləlikdir. Rusiyanın Ukrayna siyasətinin əsası da budur: Ukraynanı ayıya dayı deməyə məcbur etmək;

- Ukrayna bilir ki, ayıya dayı deməklə canını qurtara bilməz, ayıya dayı desə, hər şey əldən gedəcək, tək çıxış yolu var, o da azad yaşamaq uğrunda mübarizədir – ayıya ayı deməkdir;

- Ukrayna müstəqil, azad yaşamaq yolunu seçib, bu hədəfindən imtina etməz, etsə, məğlub olar. Qurtuluş yolu qaçışda deyil, dirənişdədir. Azadlığı qorxaraq, qaçaraq deyil, bədəl ödəyərək, əmək, zaman, qaynaq xərcləyərək əldə etmək olar. Acılar, mücadilə, cəsarət Ukraynanı böyüdəcək. İnanıram ki, bu məsələdə Ukrayna üçün imkansız olan yoxdur, çətin olan işlər var;

- Ukraynanın sıxıntıları var: gənc dövlətdir, dövlətçilik ənənələri, milli şüur, iqtisadi imkanlar tam formalaşmayıb, hərbi gücü yetərincə deyil, ərazilərinin bir hissəsi işğal olunub, etnik tərkibi düşmən qarşısındakı müqavimət gücünü azaldır, enerji qaynaqlarına möhtacdır, ədalət, insan haqları, azadlıq, rifah, elm hələlik ümummilli dəyərə çevrilməyib, Ukraynanın müttəfiq hesab etdikləri arasında fikir ayrılıqları var, onlardan ehtiyacı olan dəstəyi tam ala bilmir, Rusiya Krımı, Donbas bölgəsini, Azov dənizinin önəmli bir hissəsini işğal edib, Rusiya istədiyi bir çox şeyi qazanıb, belə ki, bu gün Ukraynanın NATO-ya qəbulu məsələsi müzakirə olunmur, ön planda deyil, bu gün əsas olan Ukraynanı Rusiyanın təcavüzündən qorumaqdır, Rusiya ABŞ-ı, NATO-nu müzakirəyə məcbur edib, Donbas və Luqansk bölgələrinə özəl status tələb edir, Minsk anlaşmasında bu bölgələrin təmsilçilərinin də bir tərəf kimi imzası var...; 

Ukraynanın üstünlükləri də var : 1) ərazisi böyük, əhalisi çoxdur, dənizə çıxışı var, bir Qara dəniz ölkəsidir; 2) müstəqil Ukraynanın varlığı milli dəyərdir – Ukrayna xalqı bu dəyəri kimsəyə verməyəcək; 3) azad seçki ənənəsi formalaşıb – hakimiyyətin qaynağı Ukrayna xalqıdır, Rusiyanın istədiyi adamı Ukraynada seçki yolu ilə hakimiyyətə gətirmək imkanı yoxdur (Krım və Donbasın işğalı bu məsələdə Rusiyanın imkanlarını sıradan çıxartdı – bu ərazilərdə yaşayanlar seçkilərdə iştirak etmirlər).

Azad seçki, ədalət, inkişaf yolunda atılan hər addım Ukraynanı Rusiyadan uzaqlaşdırır, dirəniş gücünü artırır, Rusiya azad, ədalətli Ukrayna istəmir, bu dəyərlərin Rusiyaya təsir edəcəyindən qorxur; 4) Ukraynada azad mətbuat var – fərqli fikirlər, tənqid, həqiqətin ortaya çıxmasına, inkişafa, islaha, aşkarlığa, etirazın ifadə olunmasına, azad düşüncəyə yol açır, bu da Ukraynanın dirəniş gücünü artırır; 5) Ukraynanın təbii ehtiyatları yetərincədir, özünü strateji ərzaq məhsulları ilə təmin edə bilir, önəmli sənaye müəssisələri var; 6) Ukraynada siyasi partiyalar sərbəst fəaliyyət göstərirlər – bu, Ukraynanın siyasi immun sistemidir, cəmiyyəti siyasiləşdirir, yarışa, inkişafa səbəb olur; 7) Ukrayna Avropa ilə qonşudur – bu, dəyişimi, inkişafı sürətləndirir, Ukraynanı Avropanın dəyərlər məkanına bağlayır, onu qoruyur – Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir; 8) Ukrayna Avropa Birliyi, Avropa Şurası, NATO ilə sıx əməkdaşlıq edir, ciddi maliyyə və hərbi yardım alır; 9) Avropa ölkələri ilə Ukrayna arasında Rusiyaya münasibətdə bir sıra fikir ayrılıqları olsa da, hamısı Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir, hamısı Rusiyanın işğalına qarşıdır, bəlli ölçüdə Ukraynaya yardım göstərirlər; 10) Ukraynanın böyük düşməni olsa da, böyük tərəfdarları da var – NATO və ABŞ Ukraynaya güclü dəstək verir; 11) Ukrayna ordusunu yenidən qurur, ABŞ və NATO-dan müasir silahlar alır, NATO ölçülərinə uyğun ordu formalaşdırmağa çalışır; 12) Ukrayna Türkiyə ilə ciddi, siyasi, iqtisadi, hərbi əlaqələr qurmuşdur, Türkiyədən müasir silahlar alır, Türk hərbçiləri Ukrayna ordusuna təlim keçirlər, iki dövlət birgə hərbi sənaye qurmaq ərəfəsindədir, Ukrayna xalqı türkləri çox sevir; 13) Ukrayna Azərbaycanı təbii müttəfiqi sayır, Azərbaycanı bir mövqedən çıxış etməyə çağırır;

- düşünürəm ki, Ukrayna bu illərdə sıralamada xəta etdi, NATO-ya daxil olmağı ilk sıraya yazdı, bu da zəif dövləti Rusiya ilə qarşı-qarşıya gətirdi, Rusiyaya bəhanə verdi, nəticədə, ərazilərin bir qismi işğal olundu, inkişaf ləngidi. Ukraynanın ərazisi işğal olunubsa, bu məsələdə birinci günahkar Rusiyadır, ancaq Ukrayna siyasətçilərinin də məsuliyyəti var. Ukraynanın sıralaması belə olsa idi, daha az itki ilə hədəflərini gerçəkləşdirə bilərdi: azadlığa, ədalətə, rifaha bağlı, siyasi, iqtisadi, mədəni baxımdan Avropanın tərkib hissəsi olmuş, güclü Ukrayna, sonra da NATO üzvlüyü;

- istənilən halda, Ukrayna xalqı öz yolunu seçmişdir, Rusiyanın təsir məkanında olmaq – ayıya dayı demək istəmir, Ukrayna bir Avropa dövlətidir, Rusiya ilə dəyər və hədəf ayrılığı getdikcə böyüyür;

- Rusiya Ukraynanı yolundan döndərə bilməyəcək, dirəniş göstərsə, müttəfiqlərindən zəruri dəstəyi alsa, bu nəticələr ortaya çıxacaq: Rusiya indi Ukrayna mənimdir deyir, bir azdan Ukraynaya gəl birlikdə olaq, sonra gəl əməkdaşlıq edək, daha sonra da niyə məni nəzərə almırsan deyəcək, Ukrayna Rusiyanı dəyişməyə çalışmamalıdır, bu, imkansızdır, Ukrayna özünü dəyişdirməlidir, Ukrayna dəyişsə, hər şey dəyişəcək; 

Cəsur Ukrayna xalqına salam olsun !

Ardı var...  

Paralel.az

0.015668153762817