Gözləntilər doğruldumu?
Əmək pensiyasının 20 faiz artırılmasından zərər çəkən pensiyaçılar var
Ötən iki il ərzində bahalaşmanın təsirlərinin aradan qaldırılması istiqamətində Azərbaycan vətəndaşlarının xeyli gözləntiləri var idi. Hamı gözləyirdi ki, həm maaşlar, həm də pensiyalar azı 20-30 faiz artacaq. Çünki yola saldığımız 2021-ci il ərzində yalnız hökumətin nəzarət etdiyi məsul və xidmətlərin qiyməti az 30 faiz, bəzi məhsullar üzrə isə ikiqat bahalaşıb.
Məsələn, qaz 30 faiz, dizel yanacağı 25 faiz, işıq ortalama 30, su isə iki qat, yəni 100 faiz bahalaşıb. Nəzərə alsaq ki, enerji daşıyıcılarının qiymətləri "açar qiymətlər" hesab edilir, deməli, bu qiymətlərin qalxması bütün məhsulların qiymətlərinin bahalaşmasına səbəb olur. Bunu başqa rakursdan belə izah etmək olar ki, müasir mərhələdə bütün növ mal və xidmətlərin maya dəyərində enerji daşıyıcıları əsas yer tutur. Ona görə də istehsalatın əsas vasitəsi olan yanacaq bahalaşırsa, istehsal xərcləri artır. İstehsal xərclərinin artması isə özünü qiymətlərin bahalaşmasında təzahür edir. Belə zəncirvari təsirlər nəticəsində bazarda mal və xidmətlərin ortalama 30 faiz artmasına rəğmən, Azərbaycanda orta aylıq əmək haqqı cəmi 3 faizə qədər, pensiya və müavinətlər isə il ərzində ümumiyyətlə artmayıb. Bu isə o deməkdir ki, 2021-ci il ərzində əhalinin xərcləri 30 faiz artdığı halda, əmək haqqı alanların gəlirləri 2-3 faiz, pensiya və müavinət alanların gəlirləri isə yerində sayıb. Bu baxımdan əmək haqqı alanların real gəlirləri 27 faiz, digər müavinat alanların gəlirləri isə 30 faiz azalıb. Başqa sözlə desək, 2021-ci ilin əvvəlində 70 manat xərcləməklə qarşıladığı ehtiyaca vətəndaş indi 100 manat xərc çəkmək məcburiyyətindədir. Yəni nominal gəlirlərimiz yerində saysa da, real gəlirlərimiz azı infliyasiya hesabına 30 faiz azalıb.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycan vətəndaşlarının işləyən hər dörd nəfərindən üçü dövlət işində işləyir. Özəl sektorun əmək haqqı fondunda payı cəmi 25 faiz təşkil edir. Bununla yanaşı, əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin də hamısı dövlət təminatı altındadır. Deməli, ölkədə əhalinin gəlirlərinin artırılma vasitələri də, əsasən hökumətin əlindədir. Ona görə də bu ilin sentiyabrında ölkə başçısı sərəncamla Nazirlər Kabinetinə tapşırdı ki, əhalinin infliyasiyaya uğrayan gəlirlərinin kompensasiya edilməsi üçün təkliflər hazırlasın. Təkliflərin anonsunda maaş və müavinətlərin 20 faiz artırılması səsləndirildi. Bu rəqəm əhalinin 2021-ci ildə baş vermiş xərc artımının təxminən 60 faizinin qarşılanması idi.
Bu yerdə bir haşiyə çıxaq ki, real infliyasiya təxminən 15-20 faiz civarında olduğu halda, biz nə üçün əhalinin xərclərinin 30 faiz artdığını iddia edirik? Mütəmadi tədqiqatların nəticəsi olaraq təsdiqlənib ki, bu gün Azərbaycan vətəndaşları qazandıqlarının hamısını ərzaq və digər gündəlik tələbat mallarına xərcləyir. Bütün hesablamalar isə təsdiqləyir ki, (hətta, rəsmi qurumlar da) ölkədə ərzaq və digər gündəlik tələbat mallarının qiyməti 30 faizdən çox bahalaşıb. Məhz bu səbəbdən də, əhalinin böyük əksəriyyətinin xərcləri 30 faizdən çox artıb.
Hökumət öz bölməsində maaşları doğrudan da 20 faizə qədər artırdı. Əlillərin də müavinatlarının həcmində təxminən bu rəqəmə yaxın artım müşahidə edildi. Lakin əmək pensiyaçılarının məvacibində bu artım özünü göstərmədi, əksinə, əmək pensiyasının minimum həddinin 20 faiz artırılması 1 yanvar 2022-ci ildən əmək pensiyasına çıxmaq şansı olan onminlərlə əhalinin əmək pensiyası almaq imkanları məhdudlaşdırıldı.
Belə ki, ölkədə 1,2 milyondan çox əmək pensiyaçısı olduğu halda, əmək pensiyasının 20 faiz artırılması 44 min əmək pensiyaçısına təsir edib. Onların arasında pensiyası cəmi bir neçə qəpik, yaxud bir neçə manat artanlar da var. Bu xərcləri qarşılamaq üçün hökumət 12 milyon manat vəsait ayırıb. Halbuki, sosial müdafiəyə ehtiyacı olan zümrənin artan xərclərinin kompensasiya edilməsi üçün dövlət başçısı 1,2 milyard manat vəsait ayırdığını elan etmişdi. Bunun 10 faizi (12 milyon) minimum əmək pensiyası alanların məvacibinin 200 manatdan 240 manata çatdırılmasına yönəldilib. Ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəsi əmək pensiyaçılarıdır, 1,2 milyon vətəndaşın artan xərclərinin qarşılanmasına 10 faizin yönəldilməsinin özü də ədalətsizlikdir. Bəs qalan vəsaitlər hara xərclənəcək? Bu barədə hökumət hələ açıqlama verməyib. Amma təxmin etmək olar ki, əllilik qruplarının məvaciblərinin artırılmasına 100-150 milyon xərclənəcək. Qalan hissəsi isə profsid kimi qənaət edilərək başqa istiqamətə, korrupsiya imkanı olan xərclərə yönəldiləcək.
O ki qaldı minimum pensiyanın 200 manatdan 240 manata qaldırılmasının digər fəsadlarına, bu hər ay minlərlə əmək pensiyası almaq şansı olan vətəndaşlarımızı bu imkandan məhrum edir. Belə ki, minimum əmək pensiyası 200 manat olanda əmək pesiyasına çıxmaq üçün vətəndaşdan 28 800 manat (200x144=28 800) pensiya kapitalı tələb edilirdisə, minimum pensiya 240 manata qaldırıldıqdan sonra əmək pensiyası almaq üçün vətəndaşdan 34 560 manat (240x144=34 560) sığorta kapitalı tələb edilir. Beləliklə, 12 milyon xərcləyib 240 manatdan az pensiya alan vətəndaşın pensiyasını 240 manata çatdırırlar, digər tərəfdən isə avtomatik olaraq sığorta kapitalını 34 560 manata qaldırmaqla minlərlə əmək pensiyası almaq şansı olan vətəndaşlarımızın bu imkanını məhdudlaşdıraraq onlara 130-150 manat müavinət verirlər. Bu əməliyyat nəticəsində hökumət hər il on milyonlarla büdcə vəsaitinə qənaət etmək imkanı qazanır. Pensiyaçılar isə dilənçi vəziyyətinə düşürlər.
Qərarı eşidən vətəndaşa elə gəlir ki, hökumət pensiyaları 20 faiz artırıb. Halbuki, bu qərarla pensiyası artan elə vətəndaş var ki, o, bu qərardan zərər çəkir. Məsələn, hər ay 135 manat pensiya alan vətəndaş 1 yanvar 2022-ci il tarixdən 240 manat almağa başlayır. Bununla yanaşı pensiyaların indeksləşdirilməsi qərarı da eyni tarixdən verildiyinə görə, pensiyası 240 manata çatdırılan vətəndaşların pensiyası indeksasiya edilmir. Deməli, vətəndaş indeksasiya nəticəsində 242,05 manat pensiya almaq imkanı olduğu halda o, 240 manatla kifayətlənməli olacaq. Pensiyası 239 manatdan 240 manata qaldırılan vətəndaşlar daha çox itirir. Belə ki, bu qərar olmasaydı həmin vətəndaşlar indeksasiya nəticəsində 246,17 manat pesiya alacaqdı. Konkret olaraq 1 yanvar 2022-ci ilə qədər 233 manatdan çox əmək pensiyası alanlar bu qərar nəticəsində zərər çəkiblər.
Yəni pensiyanın minimum məbləğinin 20 faizinin artırılması birincisi 1,2 milyon pensiyaçıdan cəmi 44 mininə şamil edilib. Lakin heç də artım şamil edilən 44 min pensiyaçının hamısına qərar müsbət təsir etməyib, bunların içərisində yuxarıda qeyd etdiyimiz hallarda itirənlər də var.
Akif Nəsirli
Paralel.az