İllüzion reallıqda acı həqiqətlər - Abid Qafarov yazır

İllüzion reallıqda acı həqiqətlər - Abid Qafarov yazır
 

 

Bir dostum mənə belə bir sual etdi: “Siyasi həbslər (repressiya) başlayıb?”.


Bu suala elə özü kimi bir sualla cavab verməyi daha məntiqə uyğun hesab edirəm: “Məgər siyasi həbslər nə vaxtsa dayanmışdı?”. Keçən əsrdə, hələ SSRİ əsarəti altında olarkən başlamış repressiya, məgər müstəqillik qazandığımızdan sonra dayanmışdımı? Ümumiyyətlə, biz müstəqil ola bildikmi? Bu suallara ətraflı cavab verməyə cəhd edəcəyəm!
Siyasi həbslər – heç vaxt durdurulmayıb, sadəcə bizlərə gəlib çatanda, istər təşkilati, istərsə də fərdi qaydada qapımızı döyəndə, onun mövcudluğunu kəşf etmişik və bu bizə “siyasi həbslər başladı” illüziyasını verib.
Əslində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “siyasi” maddə yoxdur və bütün həbslər “ümummilli” hesab edilən maddələr (dövlət çevrilişinə cəhd, silah, polisə müqavimət, narkotik maddələr və s.) üzərindən həyata keçirilir.
Son 29 ildə siyasi həbslərin sadəcə “səbəb”ləri və metodikası dəyişib, başqa cür desək, evolyusiya (təkamül) edib. Təkamül yolu aşağıdakı kimi olub:
1. Müqavimətə görə həbs edirdilər (hərbi və siyasi)
2. Təşkilatlanmaya görə (ən çox maliyyə dəstəyi edənlər və nüfuzlu şəxslər)
3. Etiraza görə (etirazçı kütlə yetişdirən və nümunəvi aktiv etirazçılar)
4. Tənqidə görə (aktiv şəkildə rəhbər piramidanın üst təbəqəsini tənqid edənləri)
Burada isə, son zamanlar əcaib bir həbs prosesinə, siyasi həbs metoduna toxunmaq istəyirəm. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi, (CM-nin 147.1 maddəsinə əsasən) 5 ay müddətinə, “helikopter qəzası barədə DSX-nın açıqlamasına və şahidlərin ifadəsinə inanmadığına” görə həbs etdilər. Bir düşünün, bu hakimiyyət sanki “mən sənə nə deyirəmsə, ona da inanmalısan və inanmasan həbs ediləcəksən” mesajını verir. Qısaca desək, hakimiyyətimiz artıq bizi düşünmək və inanmamaq hüququndan məhrum edir. Bu isə, yəqin ki, manqurtlaşdırmanın son mərhələsi hesab edilə bilərdi, amma və lakin!
Növbəti bəhs edəcəyim metod isə ümumiyyətlə insanı şoka salmaq qabiliyyətinə malikdir. 28.01.2022 tarixində, “Tərtər işi”nin araşdırılmasında və ictimailəşməsində, sözlə ifadə edilə bilməyəcək böyüklükdə zəhməti keçmiş İlham Aslanoğlunun, CM-nin 147.2 maddəsi üzrə, məhkəməsi olacaq. Bu mərhələ, artıq avtoritarizmin metastaz mərhələsi də hesab edilə bilər. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu mərhələdəki paradoksa bir baxın. Dövlət və dövlətçiliyə xidmət edən bir şəxsi həbs etməyə niyyətləniblər... Bəli, məhz dövlət və dövlətçiliyə xidmət edən bir şəxsi! Əgər kimsə bu iddiam ilə razı deyilsə, zəhmət çəkib “Azerfreedom TV” və “KİM TV” youtube kanallarında, həm “Tərtər işi”ndə işgəncə görmüş zərərçəkənlərə həm də İlham Aslanoğluya qulaq asıb, bir az bu barədə təfəkkür edə və buna özü əmin ola bilər.
Yaxşı, bəs dövlətə, dövlətçiliyə xidmət edən bir şəxs niyə həbs edilməlidir? Bu suala cavab vermək üçün əvvəldə soruşulan “Ümumiyyətlə biz müstəqil ola bildikmi?” sualına cavab tapmalıyıq.
Ümumiyyətlə biz müstəqil ola bildikmi? Qısa cavab, xeyr, biz müstəqil ola bilmədik! 90-cı illərin əvvəllərində axıdılmış qanlar hesabına qazandığımız müstəqillik, sonradan KQB şinelindən çıxmış “rusbaş”lar tərəfindən qəsb edildi. SSRİ-nin siyasi kollapsından sonra Rusiyada hələ də fəaliyyət göstərən KQB, MDB dövlətlərini nəzarətdə saxlamağı, siyasi mövcudluq baxımından özləri üçün prioritet vəzifə kimi gördü. Bu nəzarət, ya hakimiyyətə nüfuzla, ya da hərbi ekzistensiya ilə həyata keçirilir və hər iki formanı MDB dövlətlərində müşahidə edə bilərik.
Qısaca desək, Rusiya xüsusi xidmət orqanlarının uzantıları, dövlətimizin siyasi hakimiyyətinə nüfuz etməklə idarəetməni ələ aldı. 16.07.2020 tarixində, on minlərlə insanın, “Qarabağ” tələbi ilə, küçələrə axışması Rusiyanı qorxuya saldı, axı bu, xalqın oyanış əlaməti idi. Məhz elə buna görə də, siyasi hakimiyyətdəki nüfuzu itirmə təhlükəsini, 10 Noyabr bəyanatı ilə, hərbi kontingentini ölkəyə daxil etməklə sığortaladı...
“Tərtər işi”nin bir ucunun Rusiyaya bağlı olmasında heç birimizdə şübhə yoxdur, ən azından Saratovda yaşanmış işgəncələrin video yazısı yayılandan sonra buna hamı əmin oldu. Öz vətəndaşına o cür qeyri-əxlaqi işgəncələr verən bir siyasi sistemin, bizim soydaşlarımıza həmin işgəncələri verməsi şəxsən məni heyrətləndirmir...
Dövlətimiz, hüquq mühafizə orqanlarının timsalında, “Tərtər işi”nə adekvat reaksiya verməkdə acizlik çəkir. Sanki, dövlətimizin içində başqa yerdən qaynaqlanan bir güc mərkəzi var və dövlətimizə meydan oxuyur. Belə olduğu halda, ümid edirəm ki, ölkəmizin hələ də müstəqil olmadığına yəqinliyiniz bir az da artdı. Amma bu, hələ son deyil!
Biz ikiqat əsarətdəyik, bir tərəfdən hakimiyyətdəki Rusiya uzantılarının əsarətində, digər tərəfdən isə, acgöz, mədələri ilə beyinləri arasında rabitənin qırılmasına görə doymaq hissindən məhrum, Vətənə, Xalqa və Allaha düşmən olan məmur ordusunun əsarətində...
80-ci illərin sonunda başlamış Milli Azadlıq Hərəkatı sona çatmayıb, yarımçıq qalıb və biz hələki yenilgin durumdayıq. Milli Azadlıq Hərəkatını davam etdirmək bizim müqəddəs borcumuzdur, şəhidlər, Vətən, Xalq və Allah qarşısında müqəddəs borcumuz!..

Müəllif: Abid Qafarov – “Bakı Birlik Təşkilatı”nın sədri

 

0.017040014266968