Əsgərlər - III hissə

Əsgərlər - III hissə
 

“Qarabag hekayələri” silsiləsindən

Əsgər oyunu

Aralarında kart oyunu getdiyi kimi, söz oyunu da gedir. Bu dəfə tamadalığı Elxan edir:
- Sən əsgərlikdə olmusan da, rus ordusunda?
- Olmuşam. Nədi ki?
- Heç. Harda qulluq eləmisən?
- Germaniyada.
- Bəxtin gətirib.
- Niyə?
- Burda, "Soyuz"da səninkimiləri bilirsən neynirdik?
- Neynirdiz?
- Fərq eləmirdi, urus, gürcü olsun, istərsə də erməni, ya azərbaycanlı, özünü pis aparanın, artıq-əskik danışanın əlinə bir vedrə, iyirmi, otuz qəpik də xırda pul verirdik, göndərirdik yaxınlıqdakı dükana, deyirdik bir vedrə "menstruasiya" al gətir. Dükanda da hamı arvadlar işləyirdi, bunun başına bir oyun açırdılar, it əlindən çörək alırdı…
- Yaxşı, bu «menstrasiya» nə olan şeydir?
- Sən bilməzsən, arvadlarda olur, ayda bir dəfə…

Hamı gülməyə başlayır. Seyfəddin nəhayət söz oyununda da uduzduğunu başa düşür, amma yenə cığallıq edir:
- Yalan deyirsən, elə şey ola bilməz.
Bu dəfə Elxan da öcəşir:
- Mən sənə sübut edərəm.
- Edə bilməzsən.
- Baxarıq…

Kart oyununda isə vəziyyət dəyişir. «Mast» Seyfəddinə tərəf dönür, əli gətirməyə başlayır. Bir-iki oyuna uduzduqlrını qaytarır, kefi açılır. Artıq özü zarafat etməyə başlayır. Elxan da bunu gözləyir:
- Sən dedin, əsgərlikdə olmusan da Almaniyada?
- Olmuşam, nədi ki?
- Sağlığın. Deyirəm, orda bazlıq-zad edirdiz?
Seyfəddin bu dəfə mətləbi tez başa düşür, ağzı papaq kimi açılır:
- Edirdiz də sözdür, atasını da yandırırdıq. Düzdür, «nemkalar»nan bir az çətindir. Əvvəlcə, sən dil bilmirsən, sonra da onlar bizim əsgərlərdən qorxurlar. Amma ofiser arvadından, qızından korluğumuz yox idi. Bizim mayorun bir qızı vardı, gözəldi, lap qaraçı qızlarına oxşayırdı, gözləri göy, saçları qara, vurulmuşdu mənə, əl çəkmirdi. Anası deyirdi ki…

- Hə, qızı al, evi də, maşını da verək sənə. Sən də almadın, Azərbaycana qayıtdın, sonra peşiman oldun. Belə hadisələr çox olur. Uruslar ölürlər bizim oğlanlarçün. Həm də, sənin kimi boylu-buxunlu, yaraşıqlı oğlan ola…
- Nə olub, ə, maa? Səndən əskiyəm?!
- Artıqsan hələ bir az. Boyun boyumdan, qulaqların da qulaqlarımdan…
Seyfəddin əsəbiləşir - qulaqları onun yaralı yeridir. Elxanın əzik qulaqlarına işarə edir:
- Sən get, özününkülərin dərdini çək.
- Mənimkilər daha dərddən keçib, güləşdə əzilib «düşbərə»yə oxşayır. Amma səninkilər, maşallah, gəzəndə tərpənir. Sənin yerinə olsaydım, kəsdirib “layka” kurtka tikdirərdim...

Yenə hamı gülür, hətta Seyfəddin də acığından gülür. Elxan isə halını pozmur:
- Mən ayrı şey soruşmaq istəyirəm. Deyirəm, sən getmisən Almaniyada qulluq eləmisən, orda da hər gün bazlıq eləmisən. Bəs burda neynirsən?
- Burda hamı necə, mən də elə…
- Hamı bir cür deyil. Məsələn, Avropada, Amerikada müharibə gedəndə hökumət əsgər üçün qız-qadın da təşkil edir ki, əsgər korluq çəkməsin, yaxşı vuruşsun…
- Yox əşi?!
-Əlbəttə. Elə rus-nemes müharibəsində, fronta medsestra da göndərirdilər, medisinski spirt də…

Burda Aqşin də söhbətə qoşulur, deyir düzdür, hələ bu barədə bir italyan filmi də var, köhnə filmdir. Əsgərlərin biri də təsdiq edir ki, var, mən də görmüşəm. Seyfəddin dinmir, Elxan davam edir:
- Görürsən, amma sən deyirsən hamı necə, mən də elə. Hamı darıxır, gecələr də yatmır, bu barədə fikirləşir. Bəs sən?

- Dayan, dayan, sən medkomissiyadan keçmisən?
- Bu il yazda keçmişəm.
- Orda sənə neçə iynə vurmuşdular?
- Necə bəyəm?
- Heç, elə-belə soruşuram. Məsələn, mənə birini , böyüyünü vurmuşdular. Aqşin, sənə neçəsini vurmuşdular?

Aqşin Elxanın Seyfəddindən nə istədiyini kəsdirə bilmir, amma onun istədiyi kimi cavab verir:
- Mənə də birini vurmuşdular.
- Görürsən, həkimlərin kimdən xoşu gəlir ona birini vururlar, kimdən ki xoşu gəlmir, ona ikisini vururlar. Biri böyük, hamıya vurulandan, biri də kiçik, qırmızı. Bax, bu qırmızı deyirlər yaman yandırır…
- Sənə yəqin vurublar ki, bilirsən?
- Mənə bizimlə növbədə olan sanitar rəhmətlik demişdi. Əvvəl soruşdu ki, sizə neçə iynə vurublar. Sonra başa saldı ki, ikisini vuranda nə etmək lazımdır. Aqşin də yanımızda idi, qoy o, desin.

Aqşin sanitarı, onunla döyüş növbəsində keçirdiyi son saatları yaxşı xatırlayır, gündəliyində də bu barədə qeydləri var. Amma iynə barədə söhbəti, sanitarın verdiyi məsləhəti nəsə xatırlamır. Odur ki, dinmir. Seyfəddin də heç nə soruşmur, amma qızarır, oyunu da əvvəlki həvəslə oynamır. Elxanınsa onsuz da əli ğətirmir.
- Mən bir dost kimi deyirəm, birdən sənə ikisini vurarlar, sonra gec olar. İndidən üstünə düşmək lazımdır.
- Məsələn, nə etmək lazımdır?
Aqşin deyəsən, başa düşməyə başlayır…
- Məsələn, sanitar deyirdi ki, batalyon komandirinin adına ərizə yazmaq lazımdır. Yazmaq lazımdır ki, səni qospitala göndərsinlər, müalicə etsinlər, ya da bir ayrı iynə vursunlar, bunun təsiri keçsin.

Seyfəddin artıq kart oynamır. Oyun dağılıb, heç kəs oynamır.
- Doğrudan belə iynə var?
- Vallah, mən dəqiq bilmirəm, amma sanitar rəhmətlik deyirdi ki, var. Mən sənin xətrini istəyib deyirəm, mənə nə var.
Seyfəddin bir az fikrə gedir. Görünür ki, qərara gələ bilmir, hazırkı nüfuzu ilə gələcək taleyi arasında qalır. Yerli uşaqlar da çaşırlar, maraqla, amma bir az ehtiyatla qulaq asırlar. Bu vıaxt hardasa sarsaq bir xoruz banlayır. Elxan ayağa qalxır:
-Yaxşı, gedək yataq, daha gecdir. Amma mən bir də deyirəm, kimə iki iynə vurublarsa, mütləq kombatın, yəni Nemesin adına bir ərizə yazsın ki, birini də vursunlar. Sonra gec olacaq.

Seyfəddin nəhayət qərara gəlir:
- Mənə deyəsən, ikisini vurublar. Yaxşı, mən indi neyləyim?
- Deyirəm, ərizə yazmaq lazımdır, rəhmətliyin oğlu. Tez qələm, kağız götür, mən nə deyirəm yaz. Aqşin səndə həmişə olur…
Aqşin artıq məsələni başa düşür, amma «komediya»nın sonunu gözləyir. Hətta qələm-kağız da verir. Elxan ərizəni diqtə etməyə başlayır, arada otaqda var-gəl edir, hiss olunur ki, lazımi sözləri tapmaqda çətinlik çəkir. Seyfəddin də bu zaman əlində qələm məlul-məlul baxır. Aqşinin dodağı qaçır, yadına əlində qələm titrəyən Məşədi İbad, onun başının üstünü kəsdirən Sərvər düşür…

Elxan da Sərvər kimi işinin öhdəsindən yaxşı gəlir, 10-15 dəqiqə keçməmiş ərizə hazır olur. Seyfəddin isə qızarıb, pörtüb, ya həyəcanlanıb, ya da danışdığı kimi yaxşı yazmağı bacarmır. Elxan ərizəni ondan alır, stolun başına keçir. Auditoriyanı diqqətlə nəzərdən keçirir, razı qalır, oxumağa başlayır:

«N» nömrəli batalyonun komandiri
cənab mayor Zöhrab Məmmədova
sıravi Seyfəddin Əliyev tərəfindən

ƏRİZƏ
Cənab mayor, diqqətinizə çatdırmaq istəyirəm ki, bu il yazda medkomissiyadan keçərkən məni düzgün müayinə etməyiblər, bir iynə əvəzinə iki iynə vurublar. Bu da məni bir kişi kimi sıradan çıxarıb. Mən hələ cavanam, subayam, hamı kimi mən də evlənmək, övladımı görmək istəyirəm. Mötəbər mənbələrdən aldığım məlumata görə, hazırda qospitalda mənə vurulan iynənin təsirini kəsən xüsusi iynələr var. Odur ki, xahiş edirəm, mənim qospitala getməyim və müalicə qəbul etməyim üçün göstəriş verəsiniz…

Aqşin daha dözə bilmir, sərt hərəkətlə ərizəni Elxanın əlindən dartıb alır, cırır, tikələrini stolun üstünə tökür. Seyfəddin də nəhayət hər şeyi başa düşür, həyəcandan bir söz deyə bilmir, sakitcə stolun üstünə çökür. Əllərini stolun üstünə qoyur, başını əllərinin arasına alır. Elxan isə "qələbə" zənglərini çalır:
- Mən demişdim sübut edərəm, sənin əlinə verib «menstrasiya» dalınca göndərərəm…
Yolda Aqşin narazılığını bildirir:
-Adam bu qədər qəddar olmaz. Düzdür, o, səhv edirdi, ayrı-seçkilik edirdi. Amma bağışlamağı bacarmaq lazımdır. Allah da bağışlayandır, adamın böyüklüyü bağışladığı səhvlərin böyüklüyü ilə ölçülür.

Elxan dinmir, əslində çiskin yağış göz açmağa imkan vermir. Elxan yalnız kazarmalara çatanda dillənir:
- Bilirsən Stalin 41- 45-də nemeslərə necə qalib gəlmişdi? Stalin belə oğraşları - əsgərlərin arasına nifaq salanları güllələyirdi. İndi erməni az qalır Gəncəyə çatsın, sən deyirsən belələrinə əməlli bir dərs də vermək olmaz?! Düzdür, Allah bağışlayandır, rəhmandır. Amma belələri haqqında Qurani Kərimdə deyilir: Biz çox dedik,onlar eşitmədilər. Çünki kardırlar və kordurlar. Haqqı görməzlər və eşitməzlər...

Qalib ARİF

Paralel.az

0.023784160614014