Əsgərlər -II hissə

Əsgərlər -II hissə
 

“Qarabag hekayələri” silsiləsindən

Vətən torpağı

- Sözsüz ki, mən də torpaq yolunda, millət yolunda vuruşan oğlanların sağlığına, öz sağlığımıza içmək istəyirəm. Amma tamadanın sözünün qabağında bir-iki kəlmə deməsəm, olmaz. Biz könüllü əsgərlər dünənki uşaq deyilik, çoxumuz dünya görmüş adamlarıq. Mən özüm dünyanın hər üzünü görmüşəm, hətta türməyə də düşmüşəm. Bir müharibəni görməmişdim, onu da burda gördüm. "Zindan xatirələrimi" bir dəfə sizə danışmışam, amma ora necə düşmüşdüm bir Aqşin bilir. Danışım siz də bilin, tamadaya da dərs olsun. Bir-iki ilin söhbətidir, mən güləşi atıb Tümenə, qardaşlarımın yanına gül satmağa getmişdim. Orda millətnən ermənilərin bir «razborka»sı düşmüşdü. Erməni millət haqqında artıq-əskik demişdi. «Razborka»ya da hazır gəlmişdilər, yerli ruslardan içirib gətirmişdilər, bizdən iki dəfə çox idilər. Bu çoxluq da bunları dilləndirdi. Aralarında bir Serjik vardı, boy-buxunlu, bərkgedən oğlandı. Çıxdı qabağa ki, mən düz demişəm, sizin aranızda kişi yoxdur, varsa, çıxsın qabağa...

Mən onu sözünü qurtarmağa qoymadım, tullandım bir kəllə ilə aşırdım, vur-çatlasın başladı. Arada milis fiti də eşidildi, deyəsən bizi satmışdılar. Fitdən sonra qaçan qaçdı, mənsə qarışıqlıqdan istifadə etdim, dartıb Serjikin ağzını qulağının dibinə kimi cırdım. Milis də fürsətdən istifadə etdi, məni tutdu. Neçə ay türmədə qaldım, o dünyanı gördüm gəldim. Amma peşman deyildim, mən millətə görə getmişdim. Millət də mənim dalımda durdu, pulun pul vaxtı neçə min pul yığdılar, məni qurtardılar.

Bəli, biz könüllülər müharibəni burda görsək də, ölümün, qanın nə olduğunu əvvəldən bilirik. Bilirik ki, çoxumuz burdan sağ-salamat qayıtmayacaq. Bilə-bilə də gəlmişik, çünki söhbət millətdən gedir, Vətəndən gedir. Biz bura kəndi yox, torpağı qorumağa gəlmişik. Nə olsun ki, Quşçular sizin kənddir, Məştağa bizim kənddir, torpaq ki hamımızındır – Vətən torpağıdır. Tümendə uşaqlar məni qurtarmaq üçün pul yığanda bilmirdilər kiməm, haralıyam, amma bilirdilər ki, azərbaycanlıyam. Torpaq da Azərvaycan torpağıdır - bizimdir, onu biz qorumalıyıq, yaxşı oğlanlar qorumalıdır. İçək yaxşı oğlanların sağlığına! Fərqi yoxdur, sizin kəndçidir, bizim kəndçidir, əsas odur ki, özü burdadır, özü burda olmasa da ruhu burdadır, bizimlədir.

Aqşin stəkanı yerə qoyur, ürəkdən əl çalır. «Halal olsun - Elxan döyüşdə döyüş adamıdır, məclisdə məclis adamı». Hüseyn ayağa durur, deyir bu tostu ayaq üstə içməliyik. Hamı qalxır, bir Seyfəddindən başqa. Aqşin də stəkanı götürüb ayağa durmalı olur, buna çətinliklə nail olur. Ayaqları elə bil ki, pambıqdandır, sözünə baxmır. Aqşin içmək istəmir, stəkanı yerə qoymaq istəyir. Ev yiyəsi deyir ki, belə sağlığı yerə qoymazlar, dibinə kimi vurarlar. Qalanlar da ona qoşulur. Aqşin də vurur, sonra oturur. Bəlkə də əvvəl oturur, sonra vurur, yadına gəlmir…

Deyəsən, evdədir. Anasını axtarır, tapa bilmir. Bu, nədir, ev qonşularla doludur, hamı birdən danışır. Bərkdən gülən də var. Bu da anası. Atası Qara Yanvarda itkin düşəndən sonra anası başına xına qoymur. Odur ki, qıvrım saçları ağlı-qaralı qarışır bir-birinə. Həmişə deyir ki, saçlarım da taleyim kimi pərişandır… Aqşin ona tərəf gedir, anası uzaqlaşır. Qonşuların səs-küyü isə yaxınlaşır və onu yuxudan oyadır.
Səs-küy salan uşaqlardır, stolun üstünü yığışdırıblar, sıxırlar. Möhkəm poker gedir. Elxan həmişəki kimi başdadır. O, kart oynayandır, Üçtəpədə də oynayırdı. Uduzan günü az olurdu,oyunun fəndini də bilirdi, əli də gətirirdi. Aqşinlə Hüseyndən başqa hamı oynayır. Seyfəddinin qulaqları da qızarıb, deyəsən, uduzur. Hüseyn Aqşinə müraciətlə «xeyli yatdın» deyir.

- Mən onsuz da oynayan deyiləm. Heç olmasa, gözümün acısını aldım. Yuxuda evə getmişdim, anamı gördüm...
- Müharibədə elə yalnız yuxuda evə gedə bilərsən. Getsən, o da qənimətdir. Bizim evimiz burda olsa da, anamız uzaqdadır. Anasız ev də ev deyil…
Aqşin söhbəti dəyişmək istəyir:
- Deyəsən, sən də oynayan deyilsən?!
- Mən niyə oynayım, mən ev yiyəsiyəm. Hər «seka»dan bir əl mənimdir, bəsimdir…

Oyun getdikcə qızışır. Elxan yenə udur. Kart gələndə gəlir, gəlməyəndə özü də düzə bilir. Aqşinə də göstərib - sadədir. Alta özün istəyən üç kartı seçib qoyursan, sonra altdan bir, üstdən oynayanların sayından bir əskik çəkməklə düzürsən. Əlbəttə, bütün bunları elə etməlisən ki, heç kim heç nə başa düşməsin, elə bil kart qarışdırırsan. Ən çətini kəsəndədir, kartlar qarışa bilir. Amma Elxan əsl «şuler»dir, cəld hərəkət edir, elə bil göz bağlayır, kəsilən kartları üstdə saxlayır. İnsafən, bu dəfə təmiz oynayır, sadəcə olaraq əli gətirir, kart «mast» gəlir. Seyfəddin yenə uduzur, cırnayır:
- Necə olur, eyni «mast» iki dəfə sənə gəlir?
Elxan da hazırcavablıq edir:
- Bəs, necə olur ki,eyni «mast» on dəfə sənə gəlmir?..
(Ardı olacaq)

Qalib ARİF

Paralel.az

0.015820980072021