Anar Kərimov işçiləri necə şantaj edir? – İLGİNC İDDİALAR…

Anar Kərimov işçiləri necə şantaj edir? – İLGİNC İDDİALAR…
 

Azərbaycanda aparılan kadr islahatlar; fonunda – 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun Mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf… O, bu ümidləri və ona göstərilən etimadı doğrultmadı. Əgər hər hansı rayonun icra başçısına görə bu qədər təəssüf hissi keçirsəydik, bəlkə də dəyməzdi. Amma qalib bir ölkənin “mədəniyyət korpusu”na cavabdeh şəxslə bağlı təəssüf hissi keçirmək ağrılıdır. Nazir təyin edilməmişdən 6 ay öncə A.Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi və nazirin vəzifələrini icra edirdi. Təxminən 1 il 6 aydır ki, Azərbaycan mədəniyyətinə bu şəxs rəhbərlik edir. Ötən il yanvar ayının 27-də Azsiyaset.com saytında “Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas” – Yeni nazirdən gözləntilər böyükdür” sərlövhəli məqalə də dərc olunmuşdu. Məqalədə A.Kərimova dəstək ifadə edir, onun Mədəniyyət naziri kimi görməli olduğu işlərin konturları barədə tövsiyələrlə də çıxış etmişdik.

Bu gün isə Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlara, qanunsuzluqlara hamı göz yumur, ölkənin ordu sistemini, ayrı-ayrı generalları təftiş edən media qurumları, jurnalistlər, blogerlər rəsmən sus(durul)ublar.

Başa düşürük, ölkədəki pandemiya mühiti bir çox məmurlar kimi A.Kərimovun da yarıtmaz fəaliyyətini ört-basdır elədi. Pandemiyanın “bəraətverici” şərtlərinin arxasında gizlənmək heç bir məmura, ələlxüsus da nazir postunu tutan şəxsə yaraşmaz.

A.Kərimov vəzifəyə təyin ediləndə iki mühüm amilə diqqət etməli idi:

– Prezident İlham Əliyevin yeni kadrlara olan etimadına kölgə salmalı deyildi

– 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi

Ancaq Anar Kərimov Mədəniyyət Nazirliyində hansı “islahatlara” başladı?

Sosial mediada yayılan xəbərlərə görə, nazir bütün peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin edib. Ən dəhşətlisi budur ki, Nazirlikdə müxtəlif vəzifələrə təyinat alan A.Kərimovun yaxınları heç vaxt bu sahədə işləməyiblər. Açığı, bu cür məntiqsiz addımlar gözlənilən idi. Çünki nazirin özü də mədəniyyət sisteminə tamamilə yad adamdır. O, ömrü boyu XİN-in diplomatik strukturlarında müxtəlif vəzifələrdə işləyib. Zaman göstərdi ki, 3 dil bilən A.Kərimov hər hansı bir qurumda birinci şəxs olası adam deyildi. Bəzilərinin məntiqi ilə yanaşsaq, 7-8 dil bilən müəllimləri də gətirib yüksək vəzifələrə qoymaq lazımdır. Nazirlikdə idarəetmənin keyfiyyəti o qədər aşağı düşüb ki, bu, ümumilikdə ölkənin mədəniyyət sektorunu dərin bir uçuruma aparır.

Vasif Eyvazzadə işdən niyə çıxarılıb?

Nazirlikdəki bütün peşəkarları vəzifəsindən kənarlaşdırmağı hədəfləyən A.Kərimov qurumun ən peşəkar adamlarından birini də işindən uzaqlaşdırdı. Söhbət Vasif Eyvazzadədən gedir. V.Eyvazzadə Nazirliyin beynəlxalq əlaqələrini xüsusi həssaslıqla qurub yaradan və qurumun struktur-ideoloji fəaliyyət prinsiplərini möhkəmlədən adamlardan biridir. Bu hal A.Kərimovu qətiyyən narahat etməsə də, V.Eyvazzadənin Nazirlikdən kənarlaşdırılması ölkə mədəniyyətinə məqsədli şəkildə vurulan zərbədir.

Halbuki, redaksiyamıza daxil olan məlumata görə, A.Kərimovla V.Eyvazzadə arasında çox yaxın münasibətlər olub. Hətta bu yaxın münasibətlər V.Eyvazzadənin xarici ölkələrdən birinə təyin olunmasına da mane olub. A.Kərimov onun ölkədə qalıb işləməsinin vacibliyini bildirib və V.Eyvazzadə təyinatdan məhrum olub. Bəs nəticədə nə baş verib? A.Kərimov onu nazirlikdəki vəzifəsindən də çıxarıb. Bu nə zehniyyət, nə təfəkkürdür, Anar müəllim!? Hətta illərlə əli xalqın cibində olan köhnə komandanın üzvləri də belə sürətli “sədaqətə” yol verməzdi.

Nazir mədəniyyət qurumlarını “JEK” adlandırır…

Başqa bir məlumata görə, A.Kərimov keçirdiyi iclasların birində musiqi məktəblərini “JEK” adlandırıb. Anar müəllim, ölkə mədəniyyətinə, musiqi sahəsinə bu ayıb və çılpaq baxışı sizə harada öyrədiblər? Və təsəvvür edin, musiqi məktəblərini “JEK”lərlə müqayisə edən bir adam bizim musiqimizi, mədəniyyətimizi yüksəldəcək?!

Əcəba, idarəetməni bilməyən, işçilərə qarşı ironik və qəzəbli münasibət ortaya qoyan nazir mədəniyyət sahəsinin dövləti və fəlsəfi mahiyyətini başa düşmədən bu postda oturur. Təəssüf ki, bir çoxları Nazirlikdəki dözülməz xaotik vəziyyətdən xəbərsizdir. Çoxmilyonluq büdcəyə, tender “balon”larına sahib olan A.Kərimovun başı nəyə qarışıb?!

Hər halda bu quruma nəzarət edən ali icraedici orqan nəzarət və təftiş tədbirlərinə başlamalıdır. İmkan verməliyik ki, kimsə 10, 20 il hansısa qurumu talasın, sonra tədbir görək?! Vaxtında alınmalıdır bu çirkabın, xaosun qarşısı…

A.Kərimov işçiləri necə şantaj edir?

Nazir Əmək Məcəlləsini məftilə döndərib, istədiyi tərəfə əyir, sonra da düzəldir. Məsələn, Nazirliyə tabe müxtəlif qurumlara rəhbər şəxsləri 6 aylıq əmrlə təyin edir. Həmin şəxslər aylarla stress altında saxlanılır. Rəhbər şəxslər tam həvəsdən salınır, onların hər an işdən çıxarıla biləcəyi, əslində daxili əmrin ciddi etimad olmadığı onlara bildirilir. Ardınca nə baş verir? Bu rəhbər şəxslərin əli ilə qanunsuzluqlar həyata keçirilir, daha sonra onlar şantaj edilərək işdən uzaqlaşdırılır. Bu, məntiqə və ağlasığmazdır. Amma maraqlıdır, Anar müəllim bütün bunları İraqda, İtaliyada, Avstriyada, Polşada keçdiyi ödənişli kurslarda öyrənib, yoxsa necə!?

Prezidentin xəbərdarlığından Anar Kərimovun payına nə düşür?

Yanvar ayının 12-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə danışarkən belə bir fikir bildirdi: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”.

Deməli, Dövlət başçısı bəzi yeni kadrların da işindən narazıdır. Anar müəllim, ola bilərmi ki, Prezidentin narazı qaldığı yeni kadrlardan biri də siz olasınız?! Bəlkə bu barədə bir azca düşünəsiniz…

Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Anar müəllim! Mədəniyyət ölkənin ən güclü silahıdır. Ölkəni təkrsilah etməyin, silahsız qoymayın! Bacarmırsınızsa, gedin! Yoxsa bir gün bunun hesabı sizdən də sorulacaq! Mütləq!

Paralel.az

0.022511005401611