Səfər Əbiyev dönəminə qayıdırıq?

Səfər Əbiyev dönəminə qayıdırıq?
 

Azərbaycan Ordusunun nizam-intizamı diqqət mərkəzində olmalıdır!

 Bəşər tarixinin yaddaşına adını həkk etdirən şanlı orduların böyük əksəriyyəti heç döyüşlərdə məğlubiyyətə uğramayıb. Aparılan tarixi araşdırmaların nəticələri göstərir ki, Napoleon Bonapartın, Makedoniyalı İsgəndərin, Çingiz xanın yaratdığı möhtəşəm orduları heç bir ölkə məğlub edə bilməyib. Sadəcə olaraq hansısa şəraitə düşməklə, bu ordularda nizam-intizam aşağı düşüb bu intizamsızlıq ordunu içəridən darmadağın edib. Bundan sonra isə ilk döyüşdəcə həmin ordular düşmən qarşısından tülkü kimi qaçıblar. Ruslar 250 il monqol-tatar əsarətində qaldı, sonda sərkərdələr tutulan geniş ərazilərdə ordunu idarə edə bilmədi, nəticədə nizamsızlıq ordunu sıradan çıxardı. Bunu duyan rus knyazları monqolları yabayla, kərənti baltayla qovdu bir millət olaraq az qala monqolları tarixin səhnəsində çıxardılar. Ərəb-İslam ordusu ərəb dünyası ilə yanaşı, bütün Avropanı işğal etmişdi. İspaniyada ərəb mədəniyyəti 800 ilə yaxın inkişaf etdi. Hətta bu dönəm tarixə "Əndəlüs mədəniyyəti" adı ilə daxil oldu. Lakin orduda yaranan nizamsızlığın nəticəsi olaraq burada ərəb işğalına son qoyan başlıca səbəblərdən biri oldu.

Belə tarixi faktlar kifayət qədərdir, onları sadalamaqla sona çatdırmaq mümkün deyil. Amma bunları sadalamaqla onu diqqətə çatdırmaq istəyirəm ki, bəşər tarixində bütün şanlı orduları dağıdan intizamsızlıqdır, orduda nizamın pozulmasıdır. Bu, bəzən ardıcıl qələbədən sonra uğurların başgicəlləmələri nəticəsində baş verib. Bəzi hallarda isə bu proses düşmənin taktiki gedişi nəticəsində ortaya çıxır.

Bu gün Azərbaycan Ordusu şəxsi heyət silahlanmasına görə dünyanın orta sıralarında olan ordulardan olsa da, 44 günlük müharibədə göstərdiyi rəşadətə görə fovaritlər sırasındadır. Bu gün dünyanın hərbi ekspertləri 44 günlük müharibənin hər anını təhlil edir, bu cür rəşadətin əsas özəlliklərini tapmağa çalışır. Ordu bu gün Azərbaycan xalqının qürur mənbəyidi. Lakin bütün bunlarla yanaşı, Azərbaycan Ordusunun zəiflədilməsi istiqamətində proseslərin getdiyi hiss edilir. Son hadisələr, xüsusilə DSX-nın helikopter qəzası, ardınca bir çavuşun öz komandirlərini güllələməsi, bu günlərdə isə ordumuzun həqiqi hərbi xidmət qulluqçusunun qeyri-döyüş şəraitində həlak olması cəmiyyətdə suallar doğurur. Orduda baş verir?

Çox maraqlıdır ki, orduda baş verən neqativ halların böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərdə yaşanır. Görünür həmin ərazilər gözdən uzaq, könüldən iraq olduğundan nəzarət zəifləyib bunun da nəticəsində nizam-intizamın səviyyəsi aşağı düşüb. Nəticədə dünən müharibədə düşmənlə məşğul olan, onu darmadağın edən qüvvələr indi nisbətən zəif olan öz çiyindaşları ilə məşğul olmağa başlayıb. Bu, DSX-nın müddətdən artıq xidmət qulluqçusunun öz komandirlərini güllələməsində özünü çılpaqlığı ilə göstərdi. Hazırda bu üzrə istintaq gedir. Bu məsələ mütləq detallarına qədər araşdırılmalı hadisənin həqiqi səbəbləri cəmiyyətə təqdim edilməlidir.

Bu günlərdə qeyri-döyüş şəraitində həlak olan əsgərimizi öz doğma kəndində şəhid kimi dəfn edirlər. Müdafiə Nazirliyi isə məlumat yayır ki, əsgər silahla davranış qaydalarını kobud şəkildə pozduğuna görə həlak olub. Bu iki təzad onu göstərir ki, qeyri-döyüş şəraitində həlak olan əsgərimizin ölümündə müəmmalı məsələlər var. Əvvəllər belə hadisələrə vətəndaş cəmiyyəti nümayəndələri həssas yanaşırdı, keçmiş zabitlərin qurduğu birliklər məsələni alternativ olaraq araşdırırdı. Həmin birliklər indi bütünlüklə sıradan çıxarılıb, o təşkilatlara rəhbərlik edən keçmiş zabitlər isə xaricə getmək məcburiyyətində qalıb. Ona görə , indi əsas yük valideyinlərin üzərinə düşür.

2013- ilə qədər, yəni Zakir Həsənov müdafiə naziri postuna gətirilənə qədər qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayı kifayət qədər çox idi. Hər il qeyri-döyüş şəraitində onlarla əsgər ölürdü. Rövşən Əkbərov üçün əsgər ölümü milçək ölümünə bərabər olmuşdu. Çünki bütün ölüm hallarının hamısını qoyurdular həlak olan əsgərin üzərinə - intihar edib, silahla davranma qaydalarını kobud şəkildə pozub, hardansa yıxılıb s. Sonuncu həlak olan əsgərimizin rəsmi ölüm səbəbi belədir. Deyirlər "ilan vuran alaçatıdan qorxar". Bəlkə həmin özbaşınalıqlar yenidən Azərbaycan Ordusuna ayaq açıb?

O zaman bu ölümlərin əsas səbəbi orduda nizam-intizamın aşağı səviyyədə olması idi. Lakin Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra vəziyyət tamamilə dəyişdi. Orduda nizam-intizam gücləndirildi, zabit heyətinə bildirildi ki, o, hər bir əsgərinə görə başı ilə cavabdehdir.

Bir neçə ay əvvəl Azərbaycanda narkotik vasitə istifadəçilərinin ticarətçilərinin sayının yağışdan sonra göbələk kimi artmasının səbəbini araşdırırdım. Əhməd Qəşəmoğlu ilə bu mövzuda söhbətimiz zamanı bildirdi ki, narkotik vasitələrin Azərbaycanda geniş yayılmasında düşmənlərimizin əli var. O, bildirdi ki, 44 günlük müharibədə dünyanı lərzəyə salan Azərbaycan gəncliyi hədəfdədir. Bəlkə o düşmənlər ordumuza da bu ya digər formada nüfuz etməyə nail olublar?

Ümumiyyətlə, Azərbaycan Ordusunun nizam-intizamı, xüsusilə işğaldan azad edilən ərazilərimizdə yerləşən bölmələrimizin nizam-intizamı təchizatı yüksək səviyyədə olmalıdır. Bu bölgədə Azərbaycan Ordusunun elit bölmələri xidmət etməlidir.

 Akif Nəsirli

Paralel.az

0.018059968948364