Azərbaycan xalqının digər mədəniyyətlərə
dözümlü münasibəti onun mentalitetindəndir

Azərbaycan xalqının digər mədəniyyətlərədözümlü münasibəti onun mentalitetindəndir
 

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda
yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb

 

Azərbaycan dövləti artıq müstəqilliyinin 26 ilini arxada qoydu. 26 il dövlətçilik tarixi baxımından qısa bir dövr olsa da, qazandığı tarixi nailiyyətlərin miqyasına, uğurların sayına görə, çox böyük əhəmiyyət kəsb edən müddətdir.

Avropalı ekspertlər etiraf edirlər ki, bir sıra dövlətlərin 50-60, hətta 100 ildə keçdiyi inkişaf yolunu gənc, müstəqil Azərbaycan dövləti cəmi 26 ilə qət edə bilib.  Maraqlıdır, buna etiraf edən Avropalılır nəyi nəzərdə tuturlar? Heç şübhəsiz ki, ilk öncə vətəndaş cəmiyyətinin formalaşmasını, cəmiyyətin daha da demokratikləşməsini, əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını, multikulturalizm və tolerantlıq şəraitində yaşayan xalqlara verilən önəmin miqyasını və s. Xüsusilə də multikulturalizm və tolerantlıq sahəsində əldə olunan nailiyyətləri daha yüksək qiymətləndirirlər. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, milli mədəniyyətimizin inkişafında yeni bir dövr başladı. Müstəqillik illərində Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yoluna qədəm qoydu və bu yolla uğurla irəliləməyə başladı. Sovet dövründə formalaşan mədəniyyət yeni məzmun kəsb etdi. Azərbaycan Respublikasının yeni mədəniyyət siyasətinin düzgün və daha effektiv, milli maraqlarımıza uyğun təşkili əsas istiqamətə çevrildi. Xalqın tərəqqisində tarixi-milli-mədəni köklərə bağlılıq, qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, müasirlik və s. nəsnələrə böyük önəm verildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin həyatının bütün sahələrində qlobal dəyişikliklərə imza atıldı. Ulu öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi və məhz onun hakimiyyəti illərində mədəniyyətə, milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişdi və ölkəmizdə mədəniyyətin inkişafında yeni dövrün başlanğıcına start verildi. Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə tanınmağa başladı, mədəniyyətin inkişafına həsr olunmuş yüzlərlə sərəncam və dövlət proqramları qəbul olundu və həyata keçirildi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Müstəqillik illərində Azərbaycan xalqının mənəvi potensialı daha da zənginləşib, milli mədəniyyət və incəsənət, azərbaycançılıq məfkurəsi əsasında inkişaf etdirilib".

Bu da danılmaz həqiqətdir ki, müasir dövrdə dünya dövlətlərinin qarşısında duran ən başlıca vəzifələrdən biri müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidir. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğu aşkar şəkildə görünür. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir.

Təkzibedilməz faktdır ki, Azərbaycan xalqının tarix boyu digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən və xoş məramlığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkandır. Mədəni, etnik, dini və s. müxtəlifliklər arasındakı münasibətlər düzgün tənzimlənmədikdə cəmiyyətdə müxtəlif narazılıqlar baş verir. Bu müxtəlifliklərin tənzimlənməsinin ən düzgün formalarından biri də multikulturalizmdir. Multikulturalizm fərqli mədəniyyətlərin yanaşı və ya birgə yaşayış tərzidir və azsaylı xalqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı, onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şərait yaradır.

Əgər biz bu gün mədəniyyətlərarası dialoqdan, mədəni müxtəlifliklərdən danışırıqsa, multikulturalizm anlayışının özünün də çoxmədəniyyətlilik demək olduğunu qəbul etməliyik. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlsə də, bir anlayış olaraq 1970-ci illərdə tətbiqinə başlanıb. The Harper Colins sosiologiya lüğətində (1991) multikulturalizmə belə bir tərif verilib: "Multikulturalizm-bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, azlıqların mədəniyyətinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini diqqətdə saxlayır". Yeni düşüncə tərzinin formalaşması, düşüncə böhranının aradan qaldırılmasının uğuru, yalnız yüksək mədəniyyət, multikulturalizmdir. Bundan çox-çox əvvəllər N. Tusi özünün "Əxlaqi-Nasiri" əsərində elmlə əməlin əlaqəsindən yazaraq qeyd edir ki, "bunların vəhdəti olmadan inkişaf və kamillik qeyri-mümkündür". Mədəniyyətlərin dialoqunu qurmaq üçün başqa mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmək mütləqdir. Samuil Hantunqton "Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması" adlı kitabında yazır: "Yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni fərqlər və müxtəlifliklərdi. Öz tarixinə, dininə, dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər".

Müstəqilliyin 25-ci ilinin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi bir neçə obyektiv səbəblərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. İkincisi, Azərbaycanda bütün xalqlar, toplumlar, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məkandır.

Onu da diqqətinizə çatdırıq ki, özlərini demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Qərb dövlələrində və hətta Amerikada belə ötən əsrin 70-ci illərində multikulturalizm siyasətinin həyata keçirilməsinə təkan verilib. Bu məkanlarda multikulturalizm siyasəti həyata keçirilərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, digər tərəfdən dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid ideya ətrafında cəmiyyət qurmaqdan ibarət olub. Buna görə də, bu ölkələrdə mültikulturalizmin iflasa uğradığı iddiasına gəliblər. 2010-cu ildə isə Britaniya, Almaniya və Fransa kimi dövlətlər multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bəyan ediblər. Bu yanaşmanın tam əksinə olar, Azərbaycan dövləti multikulturalizmin alternativinin olmadığı ideyasını ortaya qoydu və həyata keçirdiyi, tolerantlıq və multikulturalizm siyasəti ilə bunun ən düzgün yol olduğunu bütün dünyaya sübut etdi. Elə buna görə də, bu gün Azərbaycan multikulturalizmi modeli bir çox dövlətlər tərəfindən qəbul olunur və digərlərinə də nümunə kimi tövsiyyə edilir.

Bu da səbəbsiz deyil, çünki son illər Azərbaycan təkcə islam ölkələri üçün deyil, bütün sivil dünya dövlətlər üçün mültikulturalizm mərkəzinə çevrilib. Bir çox qlobal problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan, bu yolla həm də dünyada multikulturalizmin təbliği üçün geniş məkan əldə edib.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti özünün tolerantlıq və multikulturalizim siyəsətini sadəcə olaraq dünyaya təbliğ etmir, eyni zamanda bu sahədə ölkə daxilində gördüyü işlərlə də hər kəsə nümunə göstərir. Bu baxımdan Bakı Dövlət Universitetində "Mədəni müxtəliflik: dünya və Azərbaycan" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi də, çox diqqətçəkən və önəmli hadisədir. Bu konfrans Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı sərəncamdan irəli gələn tədbirlər planına əsasən keçirilib.

Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda qeyd etdiyi kimi, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan dövləti mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu baxımdan, konfransın Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Konfrans işini "Müasir dünyada milli identiklik problemləri", "Mədəni müxtəliflik: yanaşmalar, təhlillər, perspektivlər", "Multikulturalizm və dini müxtəliflik", "Tarixin müxtəlif mərhələlərində multikultural proseslərin özünəməxəsusluğu", "Multikultural proseslərin siyasi, hüquqi və iqtisadi çalarları", "Milli-mədəni müxtəliflik fəlsəfə və sosiologiya baxımından", "Vətəndaş cəmiyyətində multikultural inkişaf", "Dil sistemləri multikultural təzyiq altında" bölmələrində davam etdirib. Konfransa Azərbaycan, Türkiyə, Misir, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan ali məktəblərindən ümumilikdə 135 məruzə təqdim edilib.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.038228988647461