Tanıdığım Mirmahmud ağa

Tanıdığım Mirmahmud ağa
 

Elman Eldaroğlu yazır:
Kimisi Mirmahmud ağanı siyasətçi, kimisi qorxmaz, cəsarətli, kimisi əqidəsinə sadiq, kimisi də kəramətli seyyid kimi tanıyır. Mən isə Onu bütün sadaladıqlarımla bərabər, kimsənin dediyi kimi, avropa qiyafəli, müasir təfəkkürlü və İslam ehtiqadlı, ƏSL İNSAN kimi tanıyıram....

Onunla birlikdə Allah üçün iş görməyə çox getmişik. İki mininci illərin əvvəlləri idi. Bir dəfə jurnalist eloğlumuz Xanoğlan Əhmədov zəng edib xahiş etdi ki, Sumqayıtda, 2-ci məhəllədə yaşayan bir Ökülü ailəni ziyarət edim. Gedib gördüm ki, həmin mənzildə əri vəfat etmiş bir qadın anadangəlmə inkişafdan qalmış 21 yaşlı “körpə” oğlu və ondan yaşca kiçik qızı ilə çox acınacaqlı vəziyyətdə yaşayırlar. Və bir neçə gün sonra mən Mirmahmud ağayla bu ailəni ardıcıl olaraq ziyarət etməyə başladıq. Bacardığımız qədər ərzaq aparır, maddi dəstək olurduq. Bir dəfə qadın dedi ki, uşaq yerdə yatır, nəzarət edə bilmirəm. Üstündən iki-üç gün keçmişdi ki, ağa mənə zəng edib, mebel dükanına çağırdı və həmin ailəyə qoşa adamlıq çarpayı alıb evlərinə çatdırdıq.
Bir dəfə də ailənin qız balasının istəyi ilə ona kompyuter alıb bağışladı. Ümumiyyətlə ta Amerikaya gedənə kimi mən ağayla Sumqayıtda yaşayan, balaları qalan şəhid eloğlularımızın ailələrini hər bayramda ziyarət edirdik. İndi həmin balalar böyüyüb, özləri ailə sahibi olublar...

Bu nümunə Onun Allah üçün gördüyü işlərdən biridir. Eh, Onunla o qədər xəstə yurddaşlarımızı ziyarət etmişik ki...

O qədər şəxsi avtomobili ilə adam vurub öldürən eloğlularımızın ölü sahibi ilə münasibətini zərərsizləşdirib, barışığa gətirmişik ki...

O qədər küsülüləri barışdırmışıq ki...

Bəli, mən ağanı sevməyə, etiram göstərməyə bilmərəm. Onun Allahı sevindirmək üçün necə tələsdiyinin çox şahidi olmuşam.
Belə insanlar çox azdırlar...

Adamların əksəriyyəti gələcəyi üçün çalışıb, bu günü yaşamırlar. Mirmahmud ağa isə bu günü Allah üçün YAŞAYIB, GƏLƏCƏK üçün çalışanlardandır...

Paralel.az

0.013319969177246