Məhəllə diplomatiyası...
Eşşəyə gücü çatmayan Kreml palan döyəcək
Gözlənildiyi kimi, Rusiya ilə Qərb arasında həftəboyu keçirilən dialoqun 3 raundu - ABŞ-Rusiya danışıqları, NATO-Rusiya Şurasının iclası və ATƏT müstəvisində müzakirələr tam fiasko ilə başa çatdı. Kimsə geosiyasi “qırmızı cizgiləri” ilə bağlı Moskvaya yazılı “təhlükəsizlik qarantiyası” vermək istəmədi. Danışıqların davamı kompromis tələb edir, amma ultimatumundan geri durmaq Kremlin ağlının ucundan belə keçmir.
Və tələbləri rədd edilən Rusiya gözləntilərə uyğun olaraq həmişəki kimi diplomatiyanı bir tərəfə tulladı və keçdi küçə diplomatiyasına – məhəllə ağzı, arqo dili ilə danışmağa, açıq təhqir və təhdidlərə. Belə qeyri-diplomatik ritorika de-fakto diplomatiyanın sonu və ya ən azı qarşı tərəfin Rusiyaya danışıqlarda partnyor kimi baxmaması deməkdir.
Əvvəlcə Cenevrə danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq edən RF xarici işlər nazirinin müavini Sergey Ryabkov arqoya keçdi – NATO-nu “manatka”sını, yəni, boxça-çuvalını yığışdırıb “1997-ci il sərhədlərinə qayıtmağa” çağırdı. Rusiyanın baş diplomatı Sergey Lavrovun dünənki mətbuat konfransı isə dünyaya Moskva üçün diplomatiyanın arabanın 5-ci təkəri kimi bir şey olduğunu bir daha nümayiş etdirdi.
Lavrovun sözlərinə görə, Vaşinqton Moskvanın tələblərinə yazılı cavabını güman ki, gələn həftə göndərəcək. Ağ evin cavabının Kremli qane edəcəyinə indidən şübhə edən RF XİN başçısı dərhal təhdidə keçib: “Əgər ABŞ-ın yazılı cavabı qəbuledilməz olsa və danışıqlar prosesini pozsa, Rusiya NATO-nun davranışına hərbi-texniki cavab variantını nəzərdən keçirəcək”. Sanki I Nikolayın xariciyyə naziri Nesselrode Qacarların vəliəhdi Abbas Mirzəni qorxudur...
Ağ evin mətbuat katibi Cen Psaki dünən keçirdiyi brifinqdə Lavrova qiyabi cavab verdi. Bildirdi ki, ABŞ kəşfiyyatında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə üçün təxribata hazırlaşmasına dair məlumat var. Ssenari belədir: Rusiyanın şəhər şəraitində təxribat üçün hazırlanmış adamları Donbasda partlayıcı maddələrlə Rusiyayönümlü qüvvələrə qarşı diversiya törədəcəklər. Və Rusiya bunu bəhanə edərək hücuma keçəcək. ABŞ kəşfiyyatı iddia edir ki, təxribat mümkün hücumdan bir neçə həftə əvvəl törədilə, hücumun özü isə yaxın aylarda başlaya bilər.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görəsə, Amerika kəşfiyyatı hələ də bu suala birmənalı cavab verə bilmir: Rusiya Ukraynaya hücuma keçəcək, ya yox?
Rusiya qoşunları Ukrayna sərhədindədir. Kreml ideloqları Rusiya ictimai rəyini müharibəyə hazırlayırlar. Danışıqlar alınmır. Artıq zahirən klassik situasiya var: diplomatiya bitirsə, hərb başlayır...
Rusiya hücuma keçəcəkmi? Qarmaqarışıq situasiyadır. Artıq 2014-cü il deyil ki, dünyanı fakt qarşısında qoyasan. Vaşinqtonun Ukrayna ilə bağlı kartını açıb ortaya qoyduğu bir şəraitdə Ukraynaya müdaxilə Putin üçün nəticəsi bəlli olmayan va-banka getməkdir. Kremlin sahibi “stavka”nı qaldırmağı xoşlasa da, sonu qaranlıq riskləri çətin ki, sevsin. Baxmayaraq ki, bulanıq sularda balıq tutmaq Rusiya liderlərinin köhnə hobbisidir. Hər halda, əsəb savaşının gerçək hərbə çevrilməsi üçün diplomatiyanın bitməsi yetərli deyil. Rəqibinin cavabını, gücünü və geosiyasi situasiyanı hesablamalısan. Üstəlik, postsovet məkanında işlərin yolunda getdiyini də demək olmaz. Azərbaycan liderinin Ukraynaya səfəri həm ikitərəfli strateji əlaqələr, həm də bu çətin vaxtlarında Kiyevə dəstək anlamında mühüm, geosiyasi əhəmiyyətli ziyarətdir.
Aydındır ki, Rusiyada qəti əminlik olsaydı, danışıqlarsız bu işi çoxdan bitirmişdi. Hazırda Rusiyanın təhdidlərinə ABŞ-ın adekvat hədələri uzunmüddətli pat situasiyası yaradır.
Bu fonda Kremlin “Vaşinqtonla danışıqların mənası yoxdur” bəyanatı da ciddi səslənmir. ABŞ-la təmaslar, hətta açıq oppozisiya Putin üçün özünütəsdiq məsələsidir: Ağ evlə bərabərhüquqlu güc kimi danışıqlar apardığını nümayiş etdirmək Kremlin imici üçün vacib şərtdir.
Kreml diplomatiyası nə qədər dibə yuvarlansa da, danışıqlardan qaçmağın Rusiyaya heç bir perspektiv vəd etmədiyini anlamamış deyil. Öz növbəsində, ABŞ-ın da nəhəng nüvə arsenalına sahib ölkəni gözardı etmək lüksü yoxdur.
Beləliklə, Rusiyanın ultimatumu ətrafında danışıqlar dalanda dolaşmaqda davam edəcək. Dalan situasiyası faktiki olaraq Rusiyanın istəklərinə nail olmaması və Putinin kompleksləri ilə oynamaqdır. Şübhəsiz ki, eşşəyə gücü çatmayan Rusiya öz “məhəlləsi”ndə palan döyməyə çalışacaq, Ukrayna ətrafında eskalasiyanı dərinləşdirməklə imperiya küllüyündə köz axtarışını imitasiya edəcək, ən azı daxili auditoriya üçün və “təhlükəsizlik qarantiyası” zarıltısı ilə baş-beyin aparmaqda davam edəcək.
Qəzənfər Həmidoğlu
Paralel.az