100 milyon manat dəyərindən artıq əmlaka həbs qoyulub
Ötən il korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunda keçirilən növbəi əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə qeyd edilib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunan şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.
Prokurorluq, keçən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının da sayını açıqlayıb.
Onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.
Baş Prokurorluq hazırkı dövrədək 10 943 nəfər barəsində amnistiya tətbiq edildiyini qeyd edib.
Ekspertlərin rəyi
Müstəqil ekspertlər korrupsiyanın qarşısının alınması üçün demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.
Hüquq müdafiəçisi, keçmiş prokuror Rüfət Səfərov deyir ki, Azərbaycandakı hazırkı kleptokratik sistem uzun illər ərzində mövcuddursa, korrupsiya və rüşvətxorluğa borcludur.
“Dövlət idarəetmə orqanları, korrupsiya ilə mübarizə aparmalı olan təsisatlar üzərlərinə düşən vəzifələri nəinki dürüst qaydada icra edir, əksinə hökumət strukturlarında rüşvət meylləri adi haldır. Korrupsiya ilə mübarizədən danışdıqda iki ixtisaslaşmış orqan - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göz önünə gəlir. Təcrübəyə baxdıqda asanlıqla o qənaətə gəlirik ki, hər iki struktura zaman-zaman korrupsiyaya bulaşmış vəzifəli şəxslər rəhbərlik edib.”
O deyir ki, Azərbaycanda korrupsiyaya qarşı optimal, bərabər əsaslarla mübarizə aparılmayıb.
“Təsadüfi deyil ki, dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralanmasını təyin edən “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi sonuncu Korrupsiya Qavrama İndeksi (KQİ) üzrə Azərbaycan 180 ölkə arasında 129-cu yeri məşğul edib. Doğrudur, Azərbaycanda Korrupsiyaya qarşı mübarizə haqqında” qanun, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” qüvvədədir, lakin hələ də vəzifəli şəxslərin gəlir bəyannaməsi elan olunmur ki, təkcə bu fakt Azərbaycanda korrupsiyaya qarşı əlverişli mübarəzinin olmamasından xəbər verir," o qeyd edib.
Rəsmi mövqe
Rəsmi qurumlar 2021-ci ildə Azərbaycanda korrupsiyaya qarşı hərtərəfli mübarizə aparıldığını, müxalifət korrupsiyanın daha geniş vüsət aldığını bildirir.
Bir müddət əvvəl Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bildirib ki, ökədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.
“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.
Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxslər rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.
Beynəlxaql təşkilatların Azərbaycanda korrupsiyaya qarşı mübarizəsinə reaksiyası
Ölkə 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində 180 mümkün yerdən 129-cu yeri tutub. Beynəlxalq Şəffaflıq təşkilatının məlumatına görə, Azərbaycan 2019-cu illə müqayisədə nəticəsini 3 pillə pisləşdirib, ölkədə korrupsiyanın qavrayış səviyyəsi çox yüksəkdir.
Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.
Paralel.az