Rəşid Mahmudov fiziologiya
sahəsində bir ilkə imza atıb

Rəşid Mahmudov fiziologiyasahəsində bir ilkə imza atıb
 

 “Hamı öz işinin sənətkarı olmalıdır”

 O, intellektli insanları kamil cəmiyyətin sütunu hesab edir

 Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Rəşid Mahmudovu təkcə öz sahəsinin mütəxəssisi kimi xarakterizə etmək mümkün deyil. İctimai-sosial verilişlərdə kəskin və dürüst çıxışlarıyla tamaşaçı auditoriyasının rəgbətini qazanıb Rəşid müəllim. Onunla hər mövzuda söhbət etdik.

Mübaliğəsiz demək olar ki, Rəşid müəllim həddən çox maraqlı həmsöhbətdir. Onun söylədikləri bizlərə, ələlxüsus da gənclərə gözəl örnək ola bilər. Nədən ki, çox vaxt elə məqam gəlir, nə edəcəyimizi, nədən başlayıb, harda qərar tutacağımızı dəqiqləşdirə bilmirik. Amma "böyüksüz ev olmaz" deyiminə uyğun, dünyagörüşlü və elmli şəxslərin nəsihətinə, məsləhətinə bir ömür boyu ehtiyacımız var. Təcrübəli, ağıllı insanlardan isə, yaxşı ki, xali deyil bu dünya.

"Cəmiyyəti elm xilas edəcək" deyən Rəşid Mahmudov ixtisasca tarixçi olmasa da, dünənimizdə, bugünü-müzdə baş verənlərə ziyalı, vətəndaşlıq məsuliyyəti, insanlıq borcu kimi yanaşır. Cəmiyyəti irəli aparmaq üçün oxumaq qədər zəhmət çəkməyi də vacib hesab edir:

-Təkcə diplom almağı deyil, savad almağı da düşünmək lazımdır. Mirzə Cəlilin, Sabirin savadsızlıqla bağlı yazdıqları hələ də aktualdır. Nəsillər dəyişib, 100 il keçib,  təfəkkürsə dəyişməyib. Bir əsr qabaq kütləvi savadsızlıq vardı. İndisə diplomlu savadsızlıq. Nəyə lazımdır bu qədər diplom yığmaq?! Tələbələr var ki, 4-5 ilini diplom almaq üçün boşuna keçirir. Amma belə gedə bilməz. İnanıram ki, cəmiyyəti elm xilas edəcək.  Bunun üçün də zəhmət çəkmək lazımdır. 

Anam bəy qızı olub. Amma ailəmiz çox kasıb idi. Anam o qədər dünyagörüşlü idi ki.  Mən 7-ci sinfə qədər onun savadsız olduğunu biməmişəm. Biz kasıb olsaq da, hamımızı zəhmətkeş olmağa səfərbər edirdi. Deyirdi, kənddə ən böyük ev bizim olmalıdır. Buna isə boş-boşuna yox, işləməklə çatırdıq. Çox hökmlü və prinsipial  qadın idi. Övladlarının oxumasını və zəhmətə öyrənməsini ən birinci işi hesab edirdi. Mən əla qiymətlə oxuyurdum. Nənəm atama deyirdi ki, bunu şəhərə buraxmaq olmaz, dili "duzlu"dur, vurub öldürəcəklər. Amma babam dedi ki, nəvəm oxuyacaq.

-Demək, zəhmət hər uğurun açarıdır.

-Əlbəttə. Bir dəfə toya getmişəm. Bəyin atası öyünür ki, hərşeyi, hətta gələcək  nəvələrimin problemlərini də özüm həll etmişəm. Bəs onda bu nəsillər hansı arzu-məqsədlə yaşayacaq?! Tənbəlliyə öyrətmək lazım deyil. Mahnı var, "Samovarı alışdırın, maşa gətir qarışdırın, mən yarımdan küsmüşəm, məni onla barışdırın". Hamısını mən etdimsə, adama deyərlər, bəs sən burda nə gəzirsən?!  Yəni, tənbəlliyə çağırmaq lazım deyil. İnsan tənbəl olmamalıdır.  Gənclərin çoxu əziyyət çəkmək istəmir. Elmə inanmırlar.

Amma biz müəllimlərimizi saatlarla danışdırardıq. Müəllimlərim olub ki onları sakit dayanmağa qoymurduq. Bizdə indi də təfəkkürlü insanlar çoxdur. Amma onların potensialından yetərincə istifadə etmirik. Bəlamızın biri də unutqanlığımızdır. Yaddaşımız yoxdur.

- Adətkərdə olduğumuz unutqanlığın səbəbi nədir?

-Unutqanlığın elmi səbəbi yod çatışmazlığıdır. İzah edim. Gün ərzində 100 pikoqramdan 300 pikoqrama qədər yod qəbul etməliyik. Yod da su, torpaq və havada olmalıdır. Amma bizdə yod çatışmazlığı patologiyası var. İnsan ağlı 30 yaşa qədər tamamlanır. Ondan çox ola bilməz. İnsanın beynində 50 milyarddan 114 milyarda qədər neyron var. Onun üzəri 30 yaşadək mielinləşir. Mielini əmələ gətirən tiroksin beyinə gedərək orada qlükoza ilə birləşir və qlütamin turşusu əmələ gətirir. Beyində daha çox qlütamin turşusu olmalıdır. Bu turşu xarab olmuş mielin qişasının üzərini örtür. Sadə bir misal deyim.

Yadımızdan çıxan nəyisə bir müddətdən sonra axtarıb tapırıq. Bunun səbəbi də mielinin bir buğumunun zədələnməsidir ki, ora impuls getmir. Yaddaş möhkəmliyi üçün suyu yodlaşdırmalıyıq.  Yəni, içməli su ilə texniki su qarışıq salınmamalıdır. Amma nə edəsən ki, bizdə hər işə cavabdehlik yoxdur. Kimsə bilməsə də, işini məsuliyyətlə görməlisən. Çünki Allahdan aşağıda insanın təklikdə yeganə şahidi onun vicdanıdır. Insan vicdanıyla üz-üzə qalanda hansı işi gördüyünün, yaxud nə üçün görmədiyinin hesabını verməlidir. Sorgu-sual olmalıdır ki, inkişaf baş versin. Hamı öz işinin sənətkarı olmalıdır. Mən bir çox jurnalistlə danışmaq da istəməmişəm. Soruşmuşam ki, Belinskini oxumusanmı? Deyib ki, yox. Demişəm, çıx get. Hər kəs öz sənətini dərindən bilməlidir. İnsanlar üzərlərində işləmirlər. Bilikləri mənimsəmək lazımdır. Xaotik bir dövrdür, nizamı bir az da biz pozmamalıyıq. 

-O halda bir ziyalı kimi cəmiyyətə hansı mesajlarınız var?

- Tək mənim yox, ziyalıların cəmiyyətə mühüm mesajları olmalıdır. Şəxsən mənim gənclərimizə, millətimə deyiləsi çox sözüm var. Dövlətin, millətin sərvəti onun ziyalısıdır. Ziyalı adını daşıyan şəxs yaltaqdırsa, vay o millətin halına. Onun gələcəyi yoxdur. Millətlərin yarışından geri qalmamalıyıq. Mən siyasətçi deyiləm. Amma görən gözüm, şüurum, təcrübəm var. Neftimizə görə bütün dövlətlərin nümayəndələri bura gəlir. Neft bitən kimi onlar bizi tanımayacaq. Ona görə də toplum olaraq öz qeydimizə qalmalıyıq. Ziyalı öz dövlətinin kökünü, tarixini bilməlidir. Kapitalizm hazırda imperializm səviyyəsinə çatıb. "Mənim topum var, qüvvə də məndədir" iddiasına qarşı tutarlı silahımız olmalıdır.  Bu da elmlə qazanılır. Gözüaçıq və diqqətli olmalıyıq. Ağır olsa da deməliyəm, yalanla sevirik, evlənirik.

Yalanla cəmiyyət qururuq. Sonra da şikayətlənirik. Efirlərdən cəmiyyətə yönələn bayağı, şit mahnılarla şou zövqlü cəmiyyət formalaşdırmaq düzgün deyil. Savadlı, intellektli insanın qədrini bilmək lazımdır. O insanların ayağı dəyən torpağın da. Biz öz vətənimizə vaxtında sahib çıxa bilmədik. Vaxtilə 114 min kv.km olan ərazimizin yarısını Rusiya kəsib Gürcüstana, bir hissəsini də İrana verdi. Indi 54 min kv.km qalıb. Amma məndə bir inam var. İnanıram ki, 2023-cü ilədək Qarabagı geri alacagıq.

-İnşallah. Sizcə, illərdir bu münaqişənin çözül-məsinə mane olan dövlətlərlə bacara biləcəyikmi?

-Sizə bir məsələni deyim. 1778-ci ildən üzübəri Türkiyəni xaricdən dağıtmaq, yıxmaq istəyirlər. Amma xaricdən gücləri çatmadı. Pul buraxıb daxildə "gülənçi"lərin məktəblərini yaratdılar, savadlı kadrlar hazırlayıb yüksək vəzifələrə qoydular. Dövlət içində dövlət yaratmaq istədilər. Düşünül-müş bir siyasəti əsrlərdir həyata keçirə bilmirlər. Çünki güclü dövlətlə üz-üzədirlər. Bizdə də hərtərəfli potensiala malik qüdrətli bir dövlətin simasında bunu edə bilərik.

-Cəmiyyətdəki qəribə tendensiyanın fonunda sizcə,  kənardan dəstək lazımdırmı? Yəni fikirlər haçalıdır - müasir Qərb, yoxsa, qədim Şərq?

-Biz sosializm adlı quruluşu yıxıb, yerində kapitalizmi qurduq.  Hazırkı cəmiyyətdə Şərqə, yaxud Qərbə istiqamətlənmək çox çətindir. Əvvəla, inkişaf əslində Şərqdən başlayıb. Bütün müharibələr isə Avropadan gəlib. Amma Qərbdə ölüm hökmləri birbaşa olmayıb. Orada məhbusu öldürmək ücün ona 21 gün ərzində yeməyə yalnız ət verirdilər. Çox ət yeyəndə bədəndə zəhərli maddələr əmələ gəlir və nəticədə insan qaraciyər komasından ölür. Yəni adamı tədricən öldürürdülər. Onlar min illərdir insan haqları deyib, ilk olaraq bunu qiymətləndirirlər. Amma Şərqdə bu olmayıb. İnsana qiyməti biz indi-indi öyrənirik. Fəqət, insan haqlarının carçısı olsa da, Qərbdən bizə ciddi dəstək olmayacaq. Bizim ciddi tərəfdaşımız Türkiyə ola bilər.

-Rəşid müəllim, mövzudan mövzuya keçək. Sizin yeni nəşr edilən "Tibbi fiziologiyanın əsasları" kitabı tək fizioloqların, tibb mütəxəssislərinin deyil, hamımızın stolüstü kitabı hesab edilməlidir. Çünki dünyada ilk dəfə olaraq sütun hüceyrənin fiziologiyası, interleykinlər kitaba salınıb. 

-Mən müəllimim professor K. Balakişiyevdən sonra təkbaşına bu kitabı yazmışam.  K. Balakişiyevin kitabı səviyyəsinə görə dövlət mükafatına layiq kitabdır. Amma saglığında ona layiq olduğu qiyməti vermədilər. Mən isə yazdığım kitabda bir sıra yeniliklər etmişəm.  Belə ki, dünyada ABŞ-dan sonra (Qayton) ilk dəfə hüceyrə fiziologiyası barədə bu kitabda yazılıb. Yeni doğulmuşların, dölün və immun sistemin fiziologiyası barədə də, Azərbaycanda ilk dəfə olaraq bu kitabda məlumat verilir. Bioloji ritmlərin fiziologiyası barədə də həmin kitabda  ətraflı məlumat verilir. Bioloji ritmlər çox vacib məsələdir. İnsan orqanizminin bioloji ritmi var. Məsələn, insan bronxial-astma ola bilər. Onun bioloji ritmi o məqamda elə yüksələr ki, xəstəliyi aradan qalxar. Həmçinin, elə yüngül xəstəliyi olar ki, bioloji ritmi aşağı düşəndə ağır xəstəliyə düçar olar. Bir çox yeniliklərə görə, bu kitab indiki və gələcək nəsillərə qiymətli məxəzdir.

-Rəşid müəllim, nədən hazırda ürək-damar və şəkərli diabet xəstəliklərinin sayı bu qədər artıb?

-Səbəb çox sadədir. Allah bu canı bizə əmanət verib. Biz də doğulandan çalışırıq bu canı öldürək. Yeməklə bu cana qənim kəsilmişik. Bundan başqa, su, qida, hava təmiz olmalıdır ki, xəstəlik artmasın. Amma ekologiya təmizdirmi? Hesablamışam, bir ildə Bakının üzərində təkcə benzindən alınan zəhərlər 48 min ton edir. Yaxşı ki külək var, onu dağıdır. Yenə də deyirəm, şəkərli diabet və ürək-damar xəstəliklərinin ilkin səbəbi istənilən yeməyi yeməkdir.

Saglamlıq iştah çəkən həddə yeməkdədir. Çox yeməklə xəstəliyi satın alırıq. Düşünməliyik ki, niyə təkcə canımızı qidalandırmalıyıq. Bəs insanı idarə edən beyni niyə yaddan çıxarırıq?  Hərtərəfli diqqət edəndə, əslində, başımıza nə gəlirsə, savadsızlıqdan gəlir. Bilirsiniz, mənim arzum nədir? Savadlı, intellektli insanlardan ibarət kamil cəmiyyət.

Nigar Orucova

0.049600124359131