Bütün etnik və dini azlıqlar Azərbaycanın
bərabərhüquqlu vətəndaşlarıdır

Bütün etnik və dini azlıqlar Azərbaycanınbərabərhüquqlu vətəndaşlarıdır
 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix,
adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradılıb

 

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilməyə başlayıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradılıb. Bu məqsədlə onlara dövlət tərəfindən maliyyə yardımları göstərilir. Milli azlıqların mədəniyyət mərkəzləri kommunal xərclər, kirayə haqqı ödəmədən fəaliyyətləri üçün yararlı yerlərlə təmin olunublar. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlanıb, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrılıb, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradılıb, müxtəlif konfessiyaların sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verilib.

Azərbaycan respublikasının prezident İlham Əliyev də Azərbaycanda heç vaxt dini, yaxud milli zəmində ayrı-seçkilik olmayacağını bütün çıxışlarında bəyan edib. O, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən milliyətindən aslı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət daim davam edəcək.

Azərbaycan ərazisində kompakt yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, həm də digər səmavi dinlərin daşıyıcılarıdırlar.

Onu da diqqətinizə çatdıraq ki, ölkə prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmadığını birmənalı şəkildə qeyd ediblər.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yaratmağa tam təminat verir. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Lakin o da diqqət çəkir ki, xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.

Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində kompakt yaşayan 30-dan çox sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, ölkəmizin ərazisində yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi, Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilir. Sovet rejimi dağılandan sonra Azərbaycanda azsaylı xalqların bır sıra mədəniyyət mərkəzləri yaradıldı.

Bu da təqdirəlayiq haldır ki, ölkəmizdə hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də qeyd olunub. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürüblər.

Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Tam əksinə, multikulturalizmin və tolerantlığın inkişafına yönəlik bir addımdır.

Bu baxımdan qeyd etmək vacibdir ki, mədəniyyətin ən mühüm şərtlərindən biri - mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiyalarda müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər fərqliliyindən irəli gəlir.

Çoxçalarlılıq isə hər bir mədəniyyətə xas xüsusiyyətdir. Buna görə də, artıq etnik səviyyədə mədəniyyətin xarici təsirlərə reaksiya nümayiş etdirmək, yaxud da daxili inkişaf qanunlarını müəyyənləşdirmək baxımından kifayət qədər müstəqilliyə, müxtəlifliyə malikdir. Bu müxətliflik milli və ümumbəşəri səviyyələrə yüksəldikcə daha sabit, dayanıqlı və möhkəm olur.

Professor Pəbiyyət Aslanovanın "Qloballaşma və mədəni müxtəliflik" monoqrafiyasında qeyd edir ki, mədəniyyətin strukturundakı hər bir komponent - mifologiya, elm, din, ədəbiyyat və s. - bu sistemin həlqələrini, eləcə də etnik-milli-ümumbəşəri səviyyə müstəvilərini təşkil edir. 

Filosof M.S.Kaqan isə mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək, başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt olaraq qəbul etmək lazım olduğunu vurğulayıb. Etnologiyada yayılan fikrə görə, "mədəni birlik" dedikdə müəyyən etnosu təşkil edən bir toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Yəni burada mədəniyyət dedikdə bütövlükdə cəmiyyət nəzərdə tutulur. Mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi "mədəni müxtəliflik" anlayışı məzmunu başa düşməyə kömək edir.

Onu da qeyd edək ki, etnik mədəniyyət müstəvisində etnosun formalaşmasında yalnız mədəni deyil, coğrafi (təbii mühit), sosial (sosial strukturların bənzərliyi), biososial (antropoloji tip kimi) və təsərrüfat faktorlarının da rolu böyükdür. Təbii mühit və başqa amillərin təsiri ilə insanların fəal münasibəti nəticəsində bəzi dil, adət, ənənə, məişət və psixoloji cəhətlərin ümummilliyi formalaşa bilir. Lakin istənilən insan birliyi, etnik özünüdərketmə şüuru, bu etnosa mənsubluq hissini formalaşdıra bilmirsə, onda bu birliyin parametrləri, mahiyyəti qeyri-müəyyən və dumanlı qalır.

"Etnik qrup" və ya "etnos" sözləri bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də, müasir elmdə özünün, məxsusi, özəl tarixinin kollektiv (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Etnos bir neçə kollektiv identiklik formalarının daşıyıcısıdır. Bunlar mədəni, dini, milli, identiklik formalarıdır. Etnik spesifika və əlamətlər anlayışı mövcuddur. Buraya əsasən dil, mədəni adət-ənənə, norma və qaydalar, din, ərazi,  tarix kimi amillər də daxildir.

Son illər mədəni özəllik və müxtəlifliyin etnik spesifika və əlamət kimi həlledici, mühüm amil olması, ümumi mədəni dəyərlərin əhəmiyyəti birmənalı şəkildə elmi ictimaiyyətin daha çox rəğbət bəslədiyi mövqedir. Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.

Bu və ya digər amilin rolu və əhəmiyyəti əsasən nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülüb.

Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteqrasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq etnik spesifikanın mühafizəsinə yönəlik özünüdərk şüurunda götür-qoy edilir. Bu baxımdan ölkəmizin ərazisində yaşayan etnosların, milli azlıqların mədəniyyətlərinin, adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi də dövlətimizin qarşısında duran prioritet məsələlərdən biridir.

Çünki onlar da ölkəmizin tamhüquqlu vətəndaşları olaraq qanunla nəzərdə tutulan bütün hüquqlarından yararlana bilirlər. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Bununla yanaşı onlar həm də öz fəaliyyətləri üçün hökumətdən maliyyə yardımı alırlar. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir. Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.07038402557373