“Mərkəzi Bank hesabatlılığın və şəffaflığın nümunəsini yaratmalıdır”
Rövşən Ağayev:
Azərbaycanda iqtisadi jurnalistika analitika ilə maraqlanmadığı üçün dövlət qurumlarının açıqlamadığı çox vacib informasiyalara ehtiyac da hiss etmir.
Bizdə iqtisadi jurnalistika yalnız dövlət qurumlarının hazır məhsul kimi təklif etdiyi məlumatları yaymaqla işini bitmiş sayır. Halbuki peşəkar analitika üçün daha çox məlumat axtarmaq, tapmayanda dövlət qurumların yaxasından yapışmaq lazımdır.
Nümunə kimi vacib bir məsələni deyim. Mərkəzi Bank şəffaflığa görə bütün qurumların önündə getməyə borclu olan təsisatdır. Gerçəkdən bu ölkəyə investor axını istənirsə, Mərkəzi Bank hesabatlılığın və şəffaflığın nümunəsini yaratmalıdır.
Amma bu orqan elementar məlumatları açıqlamağı özünə vəzifə bilmir. Məsələn, niyə aylıq olaraq manatın effektiv məzənnələrinə dair müçaiyətedici və izahedici məlumatların əks olunduğu geniş hesabat açıqlanmır? Yalnız indeksləri açıqlamaqla iş bitmir axı?
Məsələn, ən son statistikaya görə, Azərbaycan manatının effektiv məzənnələrinin (nominal və real) hesablanmasında iştirak edən ticarət tərəfdaşlarının sayı, səbətdə onların hər birinin ticarət ağırlığı necə olub, həmin ölkələrdə inflyasiyanın səviyyəsi necə dəyişib? Hər bir ticarət tərəfdaşına münasibətdə manatın həm nominal, həm də real effektiv məzənnəsi necə dəyişib?
Mərkəzi Bank yalnız bütün ticarət tərəfdaşlarına münasibətdə cəmlənmiş orta göstərici açıqlayır. Məsələn, siz qazax təngəsinə və ya türk lirəsinə münasibətdə manatın real məzənnəsi barədə məlumat ala bilmirsiniz. MB bu ölkələrin ticarət çəkiləri əsasında aqreqasiya edilmiş göstərici açıqlayır.
İnvestorlar, ö cümlədən xarici ticarətlə məşğul olanlar üçün hər bir ölkə üzrə anoloji məlumatların açıqlanamsı son dərəcə vacibdir. Üstəgəl, müstəqil təhlil institutları bu məlumatları əsas götürərək alternativ hesablamalar apara, rəsmi hesablamaların nə dərəcədə etibarlı olduğunu daima diqqətdə saxlaya bilərlər.
Paralel.az