Azərbaycanda qiymət bahalaşmasına səbəb nədir?
Bahalaşma pandemiya bitənə qədər davam edəcək
Bu gün Azərbaycan cəmiyyətini və mediasını maraqlandıran əsas məsələlərdən biri, ölkədə müşahidə edilən bahalaşmadır. Çünki ilin əvvəlindən enerji daşıyıcılarının və digər xidmətlərin qiymətlərinin artması, əhalinin istehlak səbətinə öz ciddi təsirini göstərməkdədir. Bu gün də ərzaq məhsullarının, dərman perparatlarının, bir çox xidmətlərin və digər gündəlik tələbat mallarının qiyməti sürətlə bahalaşmaqdadır. Lakin bu bahalaşmaya təsir edən amil, yalnız enerji daşıyıcılarının qiymətinin qalxması deyil. Bəşəriyyəti cənginə alan iki illik pandemiya dünya əhalisinin gəlirlərini azaldıb, sahibkarlar isə həmişəki kimi bol məhsul istehsal edə bilmir. Sahibkarlar istehsal xərclərinin artması şəraitində məhdud miqdarda məhsul istehsal etdiklərindən, bütün məhsullar üzrə qiymətlər bahalaşır. Xərclərin artması isə heç şübhəsiz ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin bahalaşması ilə bağlıdır. Hazırda dünya bazarlarında "mavi yanacağ"ın min kubunun qiyməti 2 min dollar, "qara qızıl"ın bir barelinin qiyməti isə 80 dollar ətrafındadır. Hazırda bu səbəbdən bütün dünya ölkələrinin ərzaq bazarında intensiv bahalaşma gedir. Kənd təsərrüfatı möv-sümünün başa çatması isə ərzaq qiymətlərinin bahalaşmasına əlavə təkan verir.
Bəs Azərbaycanda vəziyyət necədir, əhalinin yeni il bazarlığı nə qədər əlçatan olacaq? Bu suala cavab axtarmaq üçün ilk növbədə daxili amillərdən başlayaq. Yuxarıda göstərdiyimiz kimi, bir il əvvəl hökumət tərəfindən bahalaşdırılan enerji daşıyıcılarının yeni qiymətləri ilə istehsal edilən məhsullar, məhz bu payız bazara çıxarıldı. Məsələn, ötən il buğdanı 50 qəpiyə satan fermer, onu bu il 60 qəpiyə satmaq məcburiyyətindədir. Çünki təkrar istehsalı təmin etmək üçün fermer mənfəət əldə etməlidir. Bunun üçün isə onun qiyməti artırmaqdan başqa çıxış yolu yoxdur. Amma fermerin başqa çıxış yolları da ola bilərdi. Məsələn, dövlətdən aldığı subsidiya fermerin qarşıdakı məhsul ilinə qədər olan dövrdə bütün xərclərini ödəsəydi, fermer taxılın qiymətini 10 qəpik deyil, 2 qəpik bahalaşdıra bilərdi. Lakin bizim fermerlərin bu cür manevr imkanları mövcud deyil. Torpaq icarəyə götürən fermerlərin fəaliyyətinə isə heç dövlətin ayırdığı məhdud subsidiya da çatmır.
Əlqərəz, Azərbaycan hökumətinin yarıtmaz iqtisadi siyasəti üzündən ölkə daxilində kənd təsərrüfatı məhsullarına olan tələbatın yarıya qədəri belə, yerli istehsal hesabına təmin edilə bilmir. Hətta, elə məhsullar var ki, yerli istehsal tələbatın yalnız 30 faizini qarşılaya bilir. Həmin məhsullara olan 70 faizlik tələbat isə idxal hesabına ödənilir. Kənd təsərrüfatı məhsullarının mövsümü dövründə idxaldan asıllıq bir qədər azalır, bunu qiymətlərin sabitləşməsində də hiss etmək olur. Amma indi artıq mövsüm bitib, ölkə daxilində ərzaq qıtlığı və enerji daşıyıcılarının bahalaşmasından dolayı xərclərin artması fonunda ərzaq məhsulları dayanmadan bahalaşır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu tendensiyanı dünya bazarlarında gedən bahalaşma bir qədər də intensivləşdirir. Çünki ölkədə yerli tələbatın ödənilməyən hissəsi idxal hesabına qarşılanır. Eyni zamanda, ölkəmizə məhsul idxalı da inhisar altındadır. İnhisarçılar isə xarakterik olaraq qiymətləri bahalaşdırmaqda maraqlı olurlar, çünki onların rəqibləri olmadığından heç nə itirmədən qiymət artımından külli-miqdarda mənfəət götürürlər. Yəni idxalın inhisarlaşması dünyada gedən bahalaşmanın Azərbaycan bazarına təsirinin optimallaşdırılmasına imkan vermir. Başqa sözlə desək, tutaq ki, dünya bazarında bahalaşma 5 faiz gedibsə, idxalın inhisarlaşması nəticəsində bu bahalaşma Azərbaycan bazarında 10-15 faiz, bəlkə də bir qədər çox özünü göstərir. Əgər idxalda rəqabət mühiti olsaydı, biz daxili bazarda idxal mallarının dünya bazarındakı bahalaşmanın eynisini - bu misaldakı kimi 5 faiz, bəlkə bir qədər də aşağı səviyyədə müşahidə edərdik. Yəni idxalın inhisarda olması da, daxili bazarda bahalaşmanı şiddətləndirən amillərdən biridir.
Ölkə daxilində bütün iri istehsal sahələri, o cümlədən, ərzaq istehsalı inhisar altında olduğundan biz eyni tendensiyanı daxili istehsal bazarında da müşahidə edirik. Sahibkarın rəqibi olmadığından o qiymətləri bahalaşdıranda heç bir tərəddüd keçirmir, araşdırma aparmır, yalnız malın yarlığındakı qiymətini dəyişir. Azərbaycanda vaxtaşırı olaraq kiçik həcmli qiymət artımları davamıl şəkildə gedir. Bizim sahibkarlar qiymətləri bahalaşdırmaq üçün yalnız bir indikatora malikdir. Nə vaxt mal dövriyyəsi artır, sahibkar da dərhal qiymətləri bahalaşdırır ki, daha çox qazansın. Təkrar qeyd edirəm ki, bu düşüncənin yaranmasında başlıca rolu inhisarçılıq oynayır. Azərbaycanda isə ərzaq mallarının təcarət dövriyyəsi, yalnız bayram ərəfələrində artır. Çünki hamı istəyir ki, daha təmtaraqlı süfrə açsın. Bundan dolayı da, ərzaq məhsullarına daha çox pul xərcləyirlər. Bu isə bazarda ərzaq mallarının dövriyyəsini artırır. Nəticədə sahibkarlar dərhal qiymətləri bahalaşdırır. Rəqabət mühiti olan bazarda isə proseslər tam əksinə gedir. Rəqibi olan sahibkar düşünür ki, sabit qiymətlə də dövriyyənin artması ona əlavə qazanc gətirir, ona görə də, bu fürsətdən istifadə edib, qiymətlərdə endirim etməklə əlavə alıcı qazana bilir. Məhz bu səbəbdən də, dünyanın inkişaf etmiş ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşdığı halda, Azərbaycanda həmişə bayram ərəfəsində qiymətlər bahalaşır.
Ümumiyyətlə, gələn il də, bu ilki kimi bahalaşma tendensiyası davam edəcək. Dəyişiklik yalnız postpandemiya dönəmində baş verə bilər. O dönəmin isə hələ dəqiq tarixi bəlli deyil.
Akif Nəsirli