Multikulturalizm radikalizmə
qarşı mubarizənin bir üsuludur

Multikulturalizm radikalizməqarşı mubarizənin bir üsuludur
 

Müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı
ölkəmizdə multikulturalizm siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir

 

Bunu açıq soyləmək mümkündür ki, bu gün dünyada baş verən bütün münaqişələrin kökündə dözüm-süzlük durur. İstər dini, istər etnik, istərsə də irqi olsun fərq etməz, dözüm-süzlük özünün hər hansı bir formasında təhlükəlidir. Təkcə mövcud olduğu coğrafiya üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir. Buna görə də qloballaşan dünyamızda dözümsüzlüyə yer yoxdur, insanlar bəşəri birgəyaşayışın yollarını tapmalıdırlar. Bu yol isə heç şübhəsiz ki, tolerintlıqdan və mültikulturalizmdən keçir.

 Azərbaycan respublikası bu baxımdan dünyaya örnək, nümunə ola bilər. Buna görə də, Azərbaycan özünün uzun əsrlərin süzgəcindən keçib gələn zəngin multikulturalizm ənənələrini bir model kim dünyaya təqdim etməyə çalışır. Heç şübhəsiz ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ölkəmizin çox qarışıq bir dövründə yenidən hakimiyyətə qayıdışı, Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi, sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu baxımdan, dövlət tərəfindən bu sahədə fəaliyyət göstərən mühüm dövlət qurumlarının yaradılması da, təsadüfi sayıla bilməzi. Belə ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də, bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Bu gün Qərbdə bir sıra dövlətlər multikulturalizmin süquta uğradığını iddia etsələr də, multikulturalizmin Azərbaycan modelinin uğuru ondadır ki, müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etdirmək iqtidarındadır. Lakin universal bir model kimi təqdim etməyə çalışdıqları Qərbsayağı multikulturalizm isə digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə assimilyasiya etməyə çalışırlar və buna görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayış normalarını, adət -ənənələrini nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyəti nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir.

Bunun ən effektiv yolu isə bu sahədə maarifləndirmə işini daha da gücləndirməkdir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti artırması, eyni zamanda, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"ların təşkili, dövlətimizin məqsədyönlü multikutluralizm siyasətinin həyata keçirilməsinin bariz nümunəsidir. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər arasında "Heydər Əliyev siyasəti: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz", "İslamda Vətən və dövlət sevgisi" və s. kitablar milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Bir vaxtlar, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsi müsahibələrinin birində belə bir ifadə etmişdi ki, Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar yox, tolerantlıq da ixrac etməlidir. Bu gün ölkəmizdə dövlət səviyyəsində bu sahədə böyük bir siyasət həyata keçirilir. Belə ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunun ən bariz nümunəsi "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumudur. Eyni zamanda, ölkəmizdən kənarda da çoxsaylı tədbirlər keçirilir, Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün çox böyük işlər görülür. Dövlət Komitəsi də öz növbəsində bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir.

Bu məqsədlə Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur. Bu baxımdan DQİDK və ISESCO-nun birgə təşkilatçılığı ilə Rabat şəhərində "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfransın keçirilməsini, İstanbul şəhərində Türkiyənin İslam Araşdırmaları Mərkəzi ilə birgə "Azərbaycan - İslam mədəniyyətinin incisi" mövzusunda sərginin təşkilini misal göstərə bilərik. Bundan başqa, Belçikanın paytaxtı Brüssel şəhərində "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi" mövzusunda beynəlxalq simpozium keçirilib. Xüsusilə, BMT, ISESCO, Avropa Parlamenti, UNESCO, Avropa Şurası kimi mötəbər beynəlxalq qurumlarla, EMİSCO (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü), FEMYSO (Avropada Yaşayan Müsəlman Tələbələr və Gənclər Forumu), Beynəlxalq Sərhədsiz İnsan Haqları kimi QHT-lərlə əməkdaşlıq Azərbaycanın nümunə ola biləcək dövlət-din modelinin və tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə təbliği, həmçinin dünyada radikalizm meyllərinin güclənməsinə qarşı birgə fəaliyyətə dair beynəlxalq ekspertlərin təkliflərinin əldə edilməsi məqsədi daşıyır. Keçmiş təcrübələrimiz göstərir ki, bu cür əməkdaşlıq ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə inkişafına təkan verir. Dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və anlaşma əsasında qurulduğu xarici ölkə nümayəndələri tərəfindən qəbul olunur və Azərbaycan təcrübəsinin model kimi öyrənilməyə başlanılmasına şərait yaradır.

Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikası çoxmillətli dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir".

Bununla belə, belə bir sual ortaya çıxır, nəyə görə Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər multikulturalizm siyasətini dövlət siyasəti elan edərək, onu qorumağa çalışır, başqa bir qrup dövlətlər isə bu siyasəti təhlükəli hesab edir və özünü doğrultmadığını elan edirlər?  Bu sualdan isə başqa bir sual yaranır, ümumiyyətlə, multikulturalizmin alternativi varmı? Bu sualın cavabını isə ən mükəmməl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verib: "Multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur".

 Güclü multikulturalizmin (dövlət siyasəti müstəvisində) mövcud olduğu hər bir dövlətə bu anlayış xarakterikdir. Hər hansısa qanunu, siyasi quruluşu və ya idarəetmə formasını bir aya, bir ilə və ya bir neçə ilə dəyişmək mümkündür. Ancaq hər hansı bir xalqın mədəniyyətini yüz illər keçsə də dəyişmək mümkün deyil. Bugünkü dünyada xalqların sayı dövlətlərin sayından 10 dəfə çoxdur. Əgər hər bir xalqın öz mədəniyyətini qoruyub saxlamaq hüququ olmasaydı, dünyada etnik münaqişələrin qarşısını almaq mümkün olmazdı. Bu nöqteyi-nəzərdən multikulturalizm siyasətinin alternativi ksenofobiya, antisemitizm, islamofobiya və ayrı-seçkilikdir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.072360992431641