Ölkə daxilində gərginlik yaradanlar
Bəzi məmurlar Xalqa və Prezidentə xəyanət edir
Dünyada qüdrətli dövlətə malik olmaq üçün ilk növbədə güclü iqtisadiyyata malik olmaq əsas şərtdir və inkar edilməsi mümkün olmayan həqiqətdir. Azərbaycanın dünya dövlətləri arasında güclü iqtisadiyyata malik olması hər bir vətəndaşımızın arzusudur, ölkəmizin hər bir insanının yüksək rifaha qovuşmasıdır, 44 gün ərzində düşməni darmadağın edib, 30 il 20 faiz torpağımızı işğal altında saxlayan Ermənistan ordusunun başını əzən və torpaqlarımızı düşməndən azad edən şanlı ordumuzun gücüdür.
Lakin 30 ildir müstəqillik əldə edən Azərbaycan dövləti neft, qaz və digər təbii sərvətlərlə zəngin olsa da, bu sərvətlər vətəndaşımızı firavan həyata qovuşdura bilmir. Müstəqillik məqamından, ta bugünədək ölkəmizin bütün dövlət strukturlarını sarmaşıq kimi bürüyən rüşvət və korrupsiya nə dövlətimizin güclənməsinə, nə də vətəndaşımızın yüksək rifaha qovuşmasına imkan vermir.
Güman edirəm ki, bu konteksdə cənab Prezidentin Ağstafa və Cəlilabad rayonlarına icra başçısı təyin etdiyi hər iki şəxsi onlayn formatda qəbul edib, onlara verdiyi tapşırıq və tövsiyyələri hər kəs yaxşı xatırlayır. Prezidentin hər iki şəxsə verdiyi tapşırıq və tövsiyyələr arasında hər kəsin yaddaşına həkk olan ən vacib məqam - rayonda rüşvətə və korrupsiyaya bulaşıb, özünüzü bədbəxt etməkdən uzaq durun və bu çirkin əmələ qarşı sonadək mübarizə aparın,- deməsi oldu!
Amma nə fayda...
Bu gün ölkə mediasının gündəmini Ağstafa və Cəlilabad rayonlarında məmurların rüşvət və korrupsiya əməlindən bəhs edən yazılar zəbt edib.
Rüşvət, korrupsiya və məmur özbaşınalığı ölkənin yalnız qeyd edilən iki rayonunda baş versəydi, yəqin, bu çox sevindirici xəbər olardı! Amma dərd burasındadır ki, bəhs etdiyimiz çirkinlik ölkənin bütün dövlət strukturlarını bürüyüb! Misallara müraciət edək.
Məsələn, 3 ildir ƏƏSM naziri postuna təyin olunan, bu müddət ərzində 220 mindən çox təqaüdçünün, düz və ya saxta olmasından asılı olmayaraq, təqaüdünü kəsən, işsiz əhalinin məşğulluğu üçün dövlət büdcəsindən ayrılan milyonları dələduzlara yedizdirən, bu günlərdə bəzi media nümayəndələrilə görüşdə uşaq pulunun verilməməsinin səbəbini gülünc fərziyyələrlə əsaslandıran Sahil Babayev onsuz da, bu çirkin əməllərinə görə, xalq arasında tam nüfuzdan düşdüyü halda, verdiyi düşüncəsiz açıqlaması ilə bu dəfə artıq xalqın qəzəb və nifrətini hökumətin üzərinə yönəltdi! Xalq yaxşı başa düşür ki, onun başına fəlakət gətirən nazirin arxasında hökumət durur!
Yaxud götürək, iki gün öncə cənab Prezidentin ölkənin təhsil sahəsində aparılan islahatlarla əlaqədar imzaladığı Sərəncamla bağlı media üçün brifinq keçirən Təhsil naziri Emin Əmrullayevin mediaya söylədiyi eybəcər məzmunlu məktəblərdə pulyığma cinayətinə yaşıl işıq yandırmasını!
Nazir çox aydın şəkildə, heç nədən çəkinmədən, məktəblərdə valideynlərdən pul yığılmasına dolayısı ilə haqq qazandırdı və nazirə yaraşmayan yanlış izahı ilə xalqı qəzəbləndirdi! Görün, nazir nə deyir?! Deyir ki, mən orta məktəbdə oxuyanda da, valideynlərdən pul yığılırdı! Bu, indi də var və bunu edən ictimai təşkilat, Müəllim-Valideyn Assossiyasıdır, valideynlərdən yığılan pul könüllü olmalıdır! Bu nə deməkdir, pul yığılmasına haqq qazandırmaq bəs necə olur?!
Yəqin, bu yerdə Xızıda hərbi aerodromda baş verən müəmmalı helikopter qəzası nəticəsində 14 nəfər igid, yüksək peşəkarlığa malik zabitimizin şəhid olması barədə ilk açıqlama verən DSX rəisi Elçin Quliyevin sözlərini xatırlayanda bu ölkədə səriştəsiz və bacarıqsız məmurların olduğuna heç bir şübhə qalmır:- "qəzaya uğrayan helikopterə kənardan müdaxilə olmayıb"- ifadəsini xalq hələ bugün də qəbul etmir!
Yazını müsbət notlarla bitirmək istəsəm də, təəssüf ki, bu həftə oxuculara Xalqa və Prezidentə xəyanət edən məmurların çirkin əməllərindən başqa, ürəkaçan yeni bir şey təqdim edə bilmirəm.
Sabah doğum günü olan Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edir, Xalq-Prezident birliyi və Azərbaycanın iqtisadi-siyasi baxımdan daha da güclənməsi yolunda uğurlar arzulayıram!
Tapdıq ABBAS
Baş redaktor, “Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,Qarabağ müharibə veteranı