Laçın və Zəngəzur dəhlizlərinin müqayisəsi 
zərərli, yoxsa uğurlu paralellərdir?

Laçın və Zəngəzur dəhlizlərinin müqayisəsi zərərli, yoxsa uğurlu paralellərdir?
 

Əli Orucov: "Biz bu iki dəhlizi eyniləşdirməməliyik, Zəngəzur dəhlizinin hansı şərtlər daxilində açılmasından asılı olmayaraq, biz Laçın dəhlizini və Yuxarı Qarabağı dövlət nəzarətinə götürməliyik"

 

 

Zərdüşt Əlizadə:Zərdüşt Əlizadə: “Heydər Əliyev mənə nazir postu təklif etdi” – Müsahibə

"Ermənistan cəmiyyəti öz mənfətini düzgün hesablamağı bacarmır"

 

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizləri müqayisə edildi. Daha doğrusu, Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizində Azərbaycan üçün Laçın dəhlizində ermənilərə yaradılan şəraitlə eyni imkanlar yaradılmalıdır. Dövlət başçısı əlavə edib ki, əgər Azərbaycan üçün Zəngəzur dəhlizində belə bir imkanlar yaradılmasa, biz də Laçın dəhlizində gömrük-nəzarət məntəqəsi və digər strukturları formalaşdırmaq məcburiyyətindəyik.

Bu bəyanat Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Hökumətyönlü siyasilər bunu uğurlu addım kimi qiymtləndirərək bildirirlər ki, ermənilər Zəngəzurda gömrük-keçid və digər nəzarət strukturlarının formalaşdırılmasında israrlı olsalar, onda Azərbaycanın da Laçın dəhlizinə nəzarət imkanları yaranacaq ki, bu da gələcəkdə ərazi bütövlüyümüzün diplomatik yolla bərpasını tezləşdirən amillərdən ola bilər. Lakin bir qrup siyasi şərhçilər hesab edirlər ki, Laçın dəhlizi ilə Zəngəzur dəhlizini müqayisə etmək, onların arasında paralellər aparmağın özü zərərli tendensiyaların inkişafına yol aça bilər. Belə ki, bu müqayisəni bir qədər də inkişaf etdirdikdə biz Naxçıvanla Yuxarı Qarabağın statusunu eyniləşdirmiş oluruq. Halbuki Qarabağ da, Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsidir. Fərq isə ondan ibarətdir ki, Qarabağ ermənilərin kompakt yaşadığı, anklav sayıla bilən, Naxçıvan isə Azərbaycanın eksklavda olan suveren əraziləridir. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi müqayisə ediləndə biz  dolayısı ilə "Dağlıq Qarabağ"ı Ermənistanın eksklavı kimi tanımış oluruq. Halbuki ərazi Azərbaycanın ayrılmaz hissəsidir, üstəlik, anklav statusuna da malik deyil. Çünki ərazidə cəmi 50-60 min erməni yaşadığı halda, Azərbaycanın digər ərazilərində yüz minlərlə etnik qrup və azsaylı xalqların kompakt yaşadığı rayonlar mövcuddur. Belə çıxır ki, biz 86 min kvadrat kilometir ərazini on-on beş anklava bölməliyik.

Politoloq Əli Orucov bu xüsusda bizimlə söhbətində bildirdi ki, mən də Zəngəzur dəhlizinin açılmasını vacib hesab edirəm və bu gec-tez baş verəcək: "Lakin bu gün Zəngəzur dəhlizinin statusu mübahisə predmetidir. Amma Laçın dəhlizi ilə Zəngəzur dəhlizini bir-biri ilə müqayisə etmək, onların arasında paralellər aparmaq Azərbaycan üçün çox xətalıdır. Bunlar tamamilə ayrı-ayrı məsələlərdir. Məsələn, Zəngəzur dəhlizi Azərbaycanın bir ərazisi ilə digər ərazisini birləşdirir. Biz kənar bir dövlətin ərazisinə keçmirik, öz ərazimizə gedirik. Daşımaları da, öz ərazimizə daşıyırıq, burada yanaşma bir qədər fərqli olmalıdır, yəni nəzarət olmamalıdır, ya da zəif xarakter daşımalıdır. Laçın dəhliziilə isə ermənilər bizim əraziyə daxil olur, bizə məlum olmayan yüklər daşıyır. Bu Azərbaycanın suverenliyi ilə ziddiyyət təşkil edir. Bu baxımdan Zəngəzur dəhlizinin statusundan asılı olmayaraq, biz Laçın dəhlizinə tam nəzarət etməliyik, biz bilməliyik ki, o dəhlizlə Yuxarı Qarabağa kim gəlir və nə daşınır. Hazırda Laçın dəhlizi ilə ermənilər Azərbaycanın suveren ərazilərinə silah-sursat, silahlı birləşmələr və s. daşıyır. Biz gələcəkdə bunun acı nəticələri ilə qarşılaşacağıq. Laçın dəhlizi ilə daşınan silah-sursat Azərbaycan əsgərinə qarşı tuşlanacaq.

Belədə isə Ermənistan bəyan edir ki, Zəngəzur dəhlizi açılacaqsa, Ermənistanın bu yol üzərindən beynəlxalq standartlara və konvensiyalara uyğun nəzarəti bərqərar olmalıdır. Yəni, Ermənistan bizə dəhliz vermək fikrində deyil, sadəcə olaraq nəqliyyat-kommunikasiya xətlərinin açılmasından söhbət gedir. Hazırda Ermənistan yalnız dəmir yolunun açılmasına razılıq verir. Avtomobil yolu barədə hələ razılığa gəlinməyib. Bu istiqamətdə danışıqlar hələ illərlə davam edə bilər.

Konkret olaraq, biz bu iki dəhlizi eyniləşdirməməliyik, Zəngəzur dəhlizinin hansı şərtlər daxilində açılmasından asılı olmayaraq, biz Laçın dəhlizini və Yuxarı Qarabağı dövlət nəzarətinə götürməliyik".

Politoloq Zərdüşt Əlizadə məsələyə münasibət bildirərkən onu vurğuladı ki, bu iki yol arasında xeyli fərqlər var: "Birincisi, Laçın dəhlizi müvəqqəti xarakter daşıyır, Rusiya sülhməramlıları nə qədər ki, Azərbaycan ərazisindədir, bu dəhliz o vaxta qədər davam edəcək: "Bu beş və ya on il davam edə bilər. Zəngəzur və ya Mehri dəhlizi isə uzun müddətə, demək olar ki, ömürlük açılmalıdır. İkincisi, Mehri yolu Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirir, Laçın yolu isə Ermənistanı Azərbaycan ərazisində rus hərbi çətiri altında yaşayan erməni əhalisinin yaşadığı ərazini birləşdirir. Bütün dünya və hətta, Rusiya da etiraf edir ki, bura Azərbaycan ərazisidir. Yalnız sözügedən ərazinin Azərbaycana aid olduğunu ermənilər tanımır, amma vaxt gələcək, onlar da tanıyacaq. Üçüncüsü, Zəngəzur yolu ətrafında o qədər lazımsız hay-küy qaldırılır, onun əhəmiyyəti şişirdilir - türk dünyası birləşir, Turan yaranır və s. Bunlar hamısı boş söhbətdi, bəyəm 44 kilometirlik yol qoymurdu Türk dünyası birləşsin? Hazırda Bakı-Axalkələk-Qars dəmir yolu açıqdır, layihə gücünün heç 10 faizi həcmində yük daşınmır. Bu hansısa kəmsavadların və ya kütlə şüuru ilə oynamaq istəyənlərin mənasız tandemləridir. Bununla heç nə əldə edilə bilməz.

Düşünürəm ki, Ermənistan cəmiyyəti öz mənfətini düzgün hesablamağı bacarmır. Əvvəla onlara ağır gəlir ki, onlar müharibəni uduzub, ikincisi, onlara ağır gəlir ki, düşmənə ərazimizdən yol veririk. Amma düşünmürlər ki, bu yol açılsa, hamıdan çox Ermənistan qazanacaq. Artıq bu barədə fikirləri Paşinyan səsləndirir. Paşinyan parlamentdə dedi ki, Mehri yolu açılsa, Ermənistan Azərbaycan vasitəsi ilə Rusiyaya, Naxçıvan vasitəsi ilə isə İrana, oradan isə Yaxın Şərqə çıxış əldə edəcək. Yeni çıxışlar isə iqtisadiyyatın şaxələnməsi və inkişafı üçün yeni inkişaf fürsətləri deməkdir.

Bununla yanaşı, məsələyə hərbi-siyasi baxımdan yanaşsaq, Laçın dəhlizi də, Mehri yolu da Rusiyanın nəzarətində olacaq. Başqa nəzarət mexanizmləri ilə yanaşı, Moskva bu yollar vasitəsi ilə də, bu iki respublikaya nəzarət edəcək.

Digər tərəfdən, bu yolların açılmasına, Qubad İbadoğlunun və Fuad Rəsulovun araşdırmasına görə, yüz milyonlarla dolar vəsait lazımdır və bu vəsaiti də Azərbaycan qoyacaq. Lakin Azərbaycanın, Naxçıvanın və Ermənistanın bu sərmayələri çıxartmaq üçün daşımağa kifayət qədər yükü yoxdur. Burada ən çox marağı olan Türkiyədir, o da, bu yolla Çinə cəmi üç qatar göndərmək fikrində olduğunu deyir. Yəni bu dəmir yollarının açılmasına iqtisadi baxımdan o qədər də tələbat yoxdur, bu daha çox siyasi məsələdir".

 

Akif Nəsirli

0.012109994888306