“Qış gəlibdir, qış gəlib!”

“Qış gəlibdir, qış gəlib!”
 

Problemlər “xoş gəlib”

 Artıq qış fəsli Azərbaycana daxil olub. Yəni qış dünən axşam saatlarında ölkəmizə qədəm qoyub. Hərçənd, qışa aid əlamətlər bir neçə müddətdir özünü göstərir. Havaların fəslin adına uyğun sazaqlı, soyuq olması, isti və qalın geyimlərə keçid özlüyündə qışın gəlməsi deməkdir. Amma bu, rəsmi şəkildə də özünü təsdiqləməlidir ki, o mənada, qışın mübarək qədəmləri də dünəndən etibarən rəsmən elan edilib.

Ümumiyyətlə, rəsmi, yaxud, qeyri-rəsmi, baş verənlərlə ayaqlaşmaq, bəzən onunla dinc-yanaşı yaşamaq da gərək olur. Bu, mümkün deyilsə, gərəkdir dünya-aləmdən, külli-bəşəriyyətdən təcrid, cəmiyyətdən çıxdaş olasan. Axı baş verənlər fərdi deyil, kütləvi xarakter daşıyır.

Məsələn, iki ildir həyatımıza qənim kəsilən koronavirusun baş vurmadığı ölkə, şəhər, kənd, qəsəbə qalmayıb. Qəbul etməsək də, istəməsək də, onunla dinc-yanaşı yaşamalıyıq. Bəli, könüllü deyil, məcburən. Qeyri-rəsmi meydana çıxan bir virus artıq özünü rəsmi şəkildə təsdiq etdirib axı.

Qışın gəlişiylə onsuz da bahalaşan bütün məhsulların qiymətinin daha da artacağı deyilir. Rəsmilər qiymət artımını qeyri-rəsmi hesab etsələr də, bazar iqtisadiyyatı öz işindədir. Maraqlısı odur ki, insanlar rəsmilərin bazarı, yoxsa bazarın rəsmiləri idarə etdiyi barədə nə qədər düşünüb-daşınsalar da, bu məsələnin konkret çözümü, həll yolu yoxdur.

Nə olsun ki, hamı danışır, biz yazırıq, həmkarlarımız göstərir. İnsanlar sosial, iqtisadi rahatlığının bahalığın fonunda daha da azaldığını görürkən, yaşayırkən, qiymətlər artmağa doğru getməkdədir. Bu minvalla, sonun nə olacağını təsəvvür etmək də çətin deyil.

”Çətini bu qışdır, ondan çıxdıqsa, yaşayacağıq” deyimiylə, şaxtalı, sazaqlı, problemlərlə yüklü qışın kədərinin müvəqqəti olacağına ümid edənlər var hələ.

Qışı yağan qara, qar əyləncələrinə görə sevənlərin sayı isə getdikcə azalır. Ağ qar da qışın qaramat, problemli üzündən qəhətə çıxıb neçə müddətdi. Necə deyərlər, qışın simvolu qardısa, o da daha öz fəslinin üzünü ağarda bilmir…

Qışa hazırsızlıqların ilbəil təkrar olduğu məmləkətdə onun rəsmi, ya da qeyri-rəsmiliyinin hansısa əhəmiyyəti də yoxdur daha. Gərəkdir rəsmi şəkildə elan edilən bu fəslin gətirdiyi problemləri, yaşatdığı çətinlikləri həll edəsi bir qurum da rəsmi şəkildə ortaya çıxa. Hərçənd, onların adı rəsmiyyətdə, zatən, var. Fəaliyyətləri qənaətbəxş olmasa da, mövcudiyyətlərini hərdənbir gözə çarpdırırlar. Göstəriş xətrinə…

İlbəil təkrar olunan problemlərinə baxmayaraq, qışın gəlişini hamı təqvimin yenisiylə təhvil edilməsinə görə də gözləyir. Nəyinsə dəyişəcəyinə olan ümidlə, intizarla, gözləntilərlə…

Deyilənə, gəzən söz-söhbətə görə, yeni ildən qiymətlərin növbəti artımı gözlənilir. Hər halda, bu, rəsmən elan edilməyib. Amma dillərdə qeyri-rəsmi dolaşanların sonunda rəsmən özünü doğrultmasını, həyata keçməsini azmı görmüşük?!

Görəcəkli günlərimiz varmış…

 Nigar Orucova

0.011574983596802