Biganəlik bizi məhv edəcək

Biganəlik bizi məhv edəcək
 

Daş qəlbli insanları neylərdin, ilahi?!

Müasir dünyamızın inkişafını, tərəqqisini gördükcə, mənim halım pərişan olur, nədəndir, bilmirəm. Belə məqamlarda Sabir əfəndinin (Mirzə Ələkbər Sabir) şeirlərini mütaliə edirəm bir qədər təsəlli tapıram ki, hələ dünyanın sonu deyil. Belə şeylər hələ 100-120 il əvvəl onun zamanında da olub. Gözəl evlər, binalar, dəbdəbəli şəhər həyatı... Amma nədənsə, şəhərin siması gözəlləşdikcə, insanlarımız özünə qapanır, pərişan olur, müasir həyata biganəlik nümayiş etdirir, uyğunlaşmaq istəmirlər, sanki...

Var - dövlət, sərvət artdıqca, insanlar arasında təbəqələşmə güclənir. Eyni zamanda, onu da müşahidə etməmək mümkün deyil ki, cəmiyyət müasirləşdikcə, varlandıqca, mənəviyyat qıtlığı yaşanır, bu məmləkətdə.

 İnsanların bir qismi var-dövlət, sərvət dalınca elə bir kosmik sürətlə qaçır ki, ətrafındakı yaxınlarını belə unudurlar. Artıq insanlar arasında ünsiyyət, səmimiyyət tükənmək üzrədir...

Dost-tanışlar bir yana, qardaş -bacılar da əvvəlki kimi səmimi mehriban deyillər. Hamının düşüncəsində, hərəkətində bir saxtalıq, biganəlik, soyuqluq hiss edirsən bu yayın qızmar istisində belə, səni üşüdür.

Allahu-təalə insanları ona görə tayfalara, dinlərə bölüb ki, onlar biri-birilərini tanısınlar, Onun yaratdığı bu kainatda birgə yaşamağı öyrənsinlər. İndi isə biz bunun tam əksini görürük. İnsanlar təkcə dinlərə, dillərə, dərisinin rənginə görə yox, həm dünyaya baxışlarına var-dövlətinə görə , biri-birindən fərqlənirlər. Dünya malı insanları əsir edib, desək yanılmarıq. Amma hər kəs görür bilir ki, bu dünyadan köç etdiyi zaman, elə dünyaya gəldiyi kimi gedəcək-lüt-üryan. Bununla belə, var-dövlət üçün hər şeyini-dinini, imanını, vicdanını belə, hərraca çıxarmaqdan usanmayan insanlar var, bu məmləkətdə.

Yaddan çıxarmayaq ki, özümüzlə o dünyaya apara biləcəyimiz yeganə şey, əməlimizdir. Belə olduğu təqdirdə, dünya malı üçün bunca əlləşməyə dəyərmi?

Var-dövlət, sərvət sevgisi insanlar arasında elə bir biganəlik uçurumu yaradıb ki, heç kim o uçurumu aşmaq üçün, kiməsə əl tutmaq, yardım etmək istəmir.

Həyat qəribədir deyillər. Amma bu qəribəliklərin arxasında nələr var? Bunu heç kim bilmir bilməyəcək. Çünki bu qəribəlikləri dərk etmək üçün ilk növbədə insan olmaq lazımdır. Biz isə insan olmaq yox, varlı adam olmaq üçün özümüzü, ömrümüzü xərcləyirik. Ən dəhşətlisi isə odur ki, varlandıqca, insanlığımızı,  mərhəmət hissimizi itiririk onun yerini biganəlik tutur. Bu isə heç zaman qarşılıqsız olmur. Sənin biganəlik etdiyin, sabah sənə qarşı eyni cür davranır bununla da cəmiyyətin mənəvi deqradasiyası başlayır.

Mənə elə gəlirdi ki, bütün bunlar müasirliyin, elektronlaşmanın nəticəsidir. Amma Sabir əfəndinin bir şerini oxuduqdan sonra anladım ki, bu insanların xislətindən doğan bir naqislikdir. Biz çalışmalıyıq ki, bu naqisliklərdən uzaq olaq. Əks təqdirdə, həm özümüzü, həm ətrafımızı, həm , ümumiyyətlə cəmiyyətimizi itirmiş olacağıq.

Sonda Sabir əfəndinin həmin şerini hamının oxuması üçün diqqətinizə təqdim edirəm.

Daş qəlbli insanları  neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!"

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,-

Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış,-

Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış,-

Ahuləri, ceyranları neylərdin, ilahi?!"

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,-

Təxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncibərin, güc öküzün, yer özününkü,-

Bəyzadələri, xanları neylərdin, ilahi?!

Höküm eyləyəcəkmiş bütün aləmdə cəhalət,-

Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu

Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud bunların bunca nüfuzu olacaqmış,-

Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımız bacarırkən,-

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,-

Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,-

Bədbəxt Tükazbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!

Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

Yusif Seyid

0.014159917831421