Marneuli Meriyasının rəsmi veb saytında müsəlmanlar "Məhəmmədlilər" olaraq qeyd olunub

Marneuli Meriyasının rəsmi veb saytında müsəlmanlar
 

Marneuli Meriyasının rəsmi veb saytında bölgədə yaşayan müsəlmanlar "Məhəmmədlilər" olaraq qeyd olunub.

Paralel.az xəbər verir ki, bu barədə mülki fəal Samirə Bayramova şəxsi "facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, dəfələrlə bu barədə bildiriş edilsə də, qeyd olunan məlumat düzəldilməyib.

O, çıxış yolunu məlumatın ictimailəşdirilməsində gördüyünü qeyd edib: "Bəlkə 100 dəfə demişəm xeyri yoxdu, Marneuli meriyasının saytında müsəlman əvəzinə Məhəmmədlilər yazılıb. Burada yaşayan müsəlman sakinlərə ibtidai səviyyədə hörmət edirsinizsə, bunu düzəldin! Bəlkə ictimai tənqiddən sonra düzəliş ola! Bundan əlavə saytda burda yaşayan etnik azlıqların mədəniyyəti və dəyərləri də geniş yer almalıdır", - deyə S. Bayramova bildirib. Marneuli Meriyasının rəsmi veb saytında isə məlumatlar bu cürdür: "Marneuli Bələdiyyəsinə Marneuli şəhəri və 17 ərazi vahidliyi daxildir: Cereteli, Şaumiyan, Şulaver, Qızılhacılı, Qullar, Dəmyə-Gorarxı, Ağkörpü, Cerakvi, Alget, Qaçağan, Kürtlər, Tamaris, Xocorni, Kəpənəkçi, Sadaxlı, Qasımlı və Ofreti. Bələdiyyənin əhalisi 137 314 nəfərdir. Bələdiyyədə azərbaycanlılar, gürcülər, ermənilər və başqa millətlərin nümayəndələri yaşayır. Dini inanca görə isə, Marneuli bələdiyyəsinin əhalisinin əksəriyyəti Məhəmmədlilərdir, ardınca pravoslav xristianlar, qalanları isə əsasən erməni-qriqoryandır".

Xatırladaq ki, İslam dini mənbələrində müsəlmanlar heç bir yerdə "Məhəmmədlilər" deyə təqdim olunmur.
A. Nəsirli

0.027435064315796