Seyran Səxavət: “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir"

Seyran Səxavət: “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir
 



Bahəddin Həzi yazır:
Bugünlərdə qulaq yeni bir söz eşitdi, kar olmaqdan növbəti dəfə qurtulduq: jurnalistlərin attestasiyası. Belə bir fikir ortaya atılıb. Media cəmiyyətindən buna kəskin rəylər gəldi. Belə çıxmasın ki, jurnalistlər attestasiyadan, imtahandan-filandan qorxur. Qorxmağa əsası olan, təbii ki, qorxsun. Ancaq məsələ ondadır ki, jurnalist hər gün attestasiyadan keçir. Hər gün müxtəlif insanlarla ünsiyyətdə olur, yazır, çəkir, danışır, xəbər verir, şərh edir, araşdırır... Müxtəlif mövzularda, müxtəlif janrlarda, fərqli üslublarda. Jurnalist əməyinin drammaturgiyası onun permanent attestasiyasıdır. Attestasiya edənlər də məlum: oxucular, tamaşaçılar, dinləyicilər, izləyicilər... Belə bir təklif irəli sürən deputat da hər gün bu attestasiyada iştirak edir; oxucu olur, tamaşaçı olur, dinləyici olur, izləyici olur. Başqa nə attestasiya lazımdırsa, onu daha bilmirəm. Hə, mollalar attestasiya olsun dediniz. Anlaşılandır. Daha doğrusu, mollaların kompetensiyası anlaşılmazdır; ölüləri "ərəbcə basdırır". Ən azı ərəbcəsini yoxlayarsan. Reportyor isə bir gün döyüş bölgəsindədir, bir gün... söyüş bölgəsində... Əgər hər deputat öz dairəsinin şikayətlərini dinləyirsə (gerçəkdən də dinləyirsə!), jurnalist bütün dairələrin dərd ortağıdır. Hər gün tonlarla ağırlığında qar uçqunu kimi üzərinə gələn neqativ yüklü informasiya axınının altında qalırsan... Və bu neqativ qar topası kimi böyüyür-böyüyür... Sonra çıxırsan ki, sabah yenə bu axına qarşı qayıdıb gələsən. Kəlbəcərdə minaya düşüb övladlarını yetim qoymağı, məsələn, necə attestasiya edəcəksən. Ya Gəncəbasarda QRU dəstəkli narkobaronun "ağ ölüm" laboratoriyasından reportaj yazanı. Laçında mühasirəyə düşüb iki gün su dolu arxın içində gizlənəni. Minaatandan yağan "ölüm yağışı" altında "islanan"ı. Ya da qara kürü qaçaqmalçısının izinə düşəni...

Ona görə, bəli, cümlə qurmaq dövlət qurmaq qədər çətindir. Zeynal Məmmədlinin sözünə qüvvət: cümlə quranları attestasiya edəcəksiniz, bəs dövlət quranları kim yoxlayacaq?!
Paralel.az

0.10592699050903