“112 Zəng xidməti”nin mobil versiyası nə zaman aktiv olacaq ?

“112 Zəng xidməti”nin mobil versiyası nə zaman aktiv olacaq ?
 



Osman Gündüz

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Bu münasibətlə qurumun bütün heyətini təbrik edirik.
Ötən 16 il ərzində FHN fövqəladə hallarla mübarizə sahəsində, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması sahəsində, yanğından mühafizə və insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı xeyli işlər görüb.

Amma maraqlıdır ki, bütün bu müddət ərzində dəfələrlə məsələ qaldırılmasına baxmayaraq “112 Zəng Xidməti”mobil versiyası, “112 SOS Xidməti ” və ya “112 Mobil xilasedici” ortada yoxdur.
 Bir neçə dəfə bu resursun FHN tərəfindən sifariş olunaraq hazırlanması və istifadəyə veriləcəyi ilə bağlı mesajlar olub. Hətta onu hazırlayan şirkət də “112 SOS Xidməti” mobil tətbiqinin hazırlandığını açıqlamışdı.

Lakin maraqlıdır ki, "112 Zəng xidməti" aktiv fəaliyyət göstərsə də, indiyədək bu xidmətin mobil resursu yoxdur.

Adətən “112” qaynar xəttinə zəng edən şəxs hadisə barədə ətraflı məlumat (ünvan, hadisənin xarakteri, mövcud vəziyyət və s.) verməli, operatorun suallarını cavablandırmağa çalışmalıdır.
Bu isə uzun zaman alır, məlumat verən və qəbul edən üçün, həm də icraçılar üçün problemlər yaradır.
Mobil versiya, daha operativ reaksiya üçün, məlumatın qəbulu və emalı üçün, məlumatın multimedia formada ötürülməsi üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.

Geniş resurslara və İT imkanlara malik olan bu dövlət qurumunun indiyədək belə bir mobil rəqəmsal həllin hazırlanmasına diqqət yetirməməsi təəccüblü və düşündürücüdür.

"112 Zəng xidməti" bütün Avropa ölkələrində, qonşu ölkələrdə fövqəladə hallarda yardım üçün qəbul edilmiş vahid nömrədir və bütün ölkələrdə mobil versiyası aktivdir.

Bir daha FHN-nin bütün əməkdaşlarını təbrik edirik və ümid edirik ki, növbəti bayramlarınadək “112 SOS xidməti ” mobil resursunu aktiv edə biləcəklər.
Paralel.az

0.012163877487183