"ASAN xidmət"dən "DOST"yaxşıdır

 

Sahil Babayev "ASAN xidmət"in zayını çıxardı

 Sizlərə qəribə bir əhvalat danışacağam, kimin başına gəlibsə, demək ki, bu işlərdən halidir. Əslində, bu qəribəlik deyil, biabırçılıqdıq. Sadəcə olaraq məsələni qəlizləşdirmək istəmirəm. Olay vaqe olur Abşeron rayonunda. Bu rayonda bəlkə 500 min əhali yaşayır, sadəcə hava soyuqdur deyə saya bilmədim. Yay aylarında sayıb  oxucularıma məlumat verməyə çalışacağam, inşəallah! Burada insanların sosial problemlərinin həllini asanlaşdırmaq məqsədilə sadəcə olaraq bir "ASAN xidmət" avtobus ayırıblar, o bəzən rayonun kəndlərinə səyahətə» çıxır.

Bilirsiniz ki,"ASAN xidmət" «bilavasitə prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Əsas məqsədi , müxtəlif dövlət qurumlarına müraciət etdikləri zaman insanlara zülm verən məmurlardan vətəndaşları xilas etməkdir. İnsafən onu da qeyd etmək lazımdır ki, ilk vaxtlar burada insanlar özlərinin sosial problemlərini heç bir maneəylə üzləşmədən həll edə bilirdilər. Amma yaddan çıxarmayın ki, burası Azərbaycan! Məhz bu səbəbdən , bir müddət sonra bəzi məmurların fəaliyyəti üzündən bu xidmətdə , büdrəmələr baş verməyə başladı. Bunun səbəbi "ASAN xidmət" deyildi. Dövlət qurumları "ASAN xidmət"in yaranması ilə müəyyən miqdarda gəlirlərini itirdilər, onlar isə bununla barışmaq istəmirdilər bu xidmətin fəaliyyətinə kölgə salmaq üçün əllərindən gələni əsirgəmirlər. Bəzən bu alınır. "ASAN xidmət" isə dövlət qurumlarından vaxtında lazımi məlumat ala bilmədiyindən vətəndaşlara xidmətdə çətinlik çəkir. "ASAN xidmət"in fəaliyyətinə badalaq vuran əsas dövlət qurumlarından biri , Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu nazirlik öz fəaliyyəti ilə "ASAN xidmət"in zayını çıxara bilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fəzil Talıbov isə bu yalan pramidasının ən yüksək pilləsində durur hesab edir ki, əgər o, belə bir nazirliyin təmsilçisidirsə, hamı onun yalanlarına inanmalıdır. Bu ilin dekabrın 5- isə bütün bu yalanlar faş oldu.

Gəlin əvvəldən başlayaq. 1959-cu il təvəllüdlü Əhmədova Subeybat Şərif qızı 2021-ci ilin aprel ayının əvvəlində (mart ayının 26-da 62 yaşı tamam olub) Xırdalan şəhərində səyyar xidmət göstərən (görünür Abşeron rayon icra hakimiyyətinin, dövlətin bu rayonda "ASAN xidmət"in fəaliyyəti üçün normal bina tapmaq, yaxud da inşa etmək imkanı yoxdur. Yaxud, İradə Gülməmmədova Abşeron torpaqlarını sataraq elə bir hala salıb ki, indi dövlət bu rayonun ərazisində "ASAN xidmət" üçün bina tikməyə belə, torpaq sahəsi tapmır.-Y.S) "ASAN xidmət"avtobusuna müraciət edir ki, mənim pensiyaya çıxmaq vaxtımdır, bunun üçün hara müraciət etməliyəm. Xidmətin əməkdaşı onun şəxsiyyət vəsiqəsini sosial kartını alaraq bir müddət kompüterdə qurdalanandan sonra bəyan edir ki, sizin hələ yaşınız yetərli deyil, yaşınız çatanda sizə bu barədə məlumat veriləcək. Ağır xəstə olan xanım buradan pərişan halda evinə qayıdır oktyabr ayında bir daha həmin "ASAN xidmət"ə gedərək pensiyanın üçün təyin olunmadığı ilə maraqlanır."ASAN xidmət"dən yenə eyni cavabı alır, "siz pensiyanı 63 yaşın tamamında alacaqsınız".

Bundan sonra mən həmkarım Akif Nəsirlidən xahiş etdim ki, bir həmkar kimi ƏƏSM nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova müraciət edib, bu məsələyə aydınlıq gətirsin. Akif bəyin sorğusuna cavab verən Fazil Talıbov da eyni sözləri deyir. "Xanım pensiyaya 63 yaşında çıxacaq". (Təkrar edirəm, xanım 1959-cu ildə anadan olub 40 ildən artıq stajına malikdir.) Nəhayət, bu ilin dekabırın 4- öyrəndik ki, xanıma xəstəliyinə görə 2 -ci qrup əlillik təyin olunub. Dekabr ayının 5- xanım Abşeron rayonunda fəaliyyət göstərən "DOST xidməti" yollanır. Burada insanlara göstərilən münasibətdən təsirlənən xanım, elə ilk şokunu da burada yaşayıq. Ona bildirirlər ki, artıq aprel ayının 1-dən əmək pensiyasındadır pensiyası da mütamadi olaraq kartına köçürülür. Ertəsi gün, yəni dekabrın 6-da "DOST xidməti"n binasında yerləşən "Kapital bank"ın filialından pensiya kartını alır.

Bu necə olur necə baş verir? "ASAN xidmət" deyək ki, bir dəfə səhv etdi, iki dəfə səhv etdi. Bəs, Fazil Talıbov ona müraciət edən həmkarının sorğusuna üçün bu qədər biganə yanaşıb. Çünki bu, onun fəaliyyət tərzidir. Fazil Talıbov nəinki həmkarları, hətta adi insanlarla belə, normal ünsiyyət qurmaq qabiliyyətinə malik olmayan bir insandır Sahil Babayevin onu bu vəzifədə saxlaması, ən azından təəccüb doğurur.

İkincisi,"DOST xidməti"ndə kompüterdə təkcə bir düyməni basmaqla aşkarlanan faktı avtobus "ASAN xidmət"ində üçün aşkarlaya bilməyiblər? Elə ilk dəfə, yəni aprel ayında müraciət etdiyi zaman, xanım artıq pensiyada olub. Bunu bilmək məgər o qədər çətin işdir ki, insanları süründürürlər? Bu artıq asan yox, "Çətin xidmət" olmadımı cənablar?

Sahil Babayev bütün çıxışlarında elektron xidmət sahəsində əldə edilən uğurlardan danışır. Amma bu kimi biabırçılıqlara vaxt son qoyulacağını demir. Bəlkə bunlardan xəbəri yoxdur?

Təsəvvür edin, Tibbi-Sosial Ekspert Komissiyası xəstənin qabiliyyətini itirməsi barədə qərar çıxarır, həmin qərarı təsdiq üçün mərkəzi aparata göndərməlidir. Çünki bu qərarın təsdiqindən, yaxud imtinasından sonra xəstənin xəstəlik vərəqi (bülliten) bağlanmalıdır. Bütün bunları elektron yolla bir-iki günə həll etmək mümkün olduğu halda, insanlar aylarla poliklinikanın qapısını döyür. Sonda aydın olur ki, kompüterdə bu işi görən xanıma şəxsən müraciət olunmalıdır. Bunun üçün ən azından bir həftə gəlib-getmək lazımdır ki, həmin xanımın qəbuluna düşə biləsən. Nəhayət, sənədlər mərkəzə göndərilir sizə bir bildiriş verirlər ki, gedin mərkəzdən SMS gözləyin. Əslində isə sən demə, artıq bir aydır ki, bütün məlumatlar, həmin xanıma daxil olsa da, o həkimlərə, xəstəyə bu barədə məlumat verməyib. Arada əziyyət çəkən isə xəstə insanlar olur.

Sahil Babayevin isə fəaliyyəti hələ saxta pensiya təyinatlarını araşdırmaqdan kənara çıxmır. Belə bir biabırçı sistemdə heç şübhəsiz ki, saxtakarlıqlara da geniş meydan açılır.

Hansısa səbəbdən Sahil Babayevin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da, bu biabırçı sistemin müdafiəçisi qismində çıxış edir. Çox təəssüf!

 Yusif Seyid

0.016262054443359