Avropa İttifaqının Brüssel mesajları

Avropa İttifaqının Brüssel mesajları
 

Siracəddin Hacı yazır:

- Avropa İttifaqı Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Brüsseldə görüşdürülməsinə Avropanın və Amerikanın Güney Qafqaz uğrunda Rusiya ilə mübarizəsinin tərkib hissəsi kimi baxır;
- Avropa İttifaqı bir sıra məsələlərdə olduğu kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında da önəmli ölçüdə Amerika və NATOilə birgə hərəkət edir;
- Bayden prezident seçiləndən sonra Amerika Trampdan öncəki demokratiya vasitəsi ilə dünyaya hakim olmaq, rəqiblərini təsir məkanlarından sıxışdırıb çıxarmaq siyasətinə qayıtdı. Azərbaycan Amerika ilə iş görməlidir, Amerika ilə Rusiya arasındakı rəqabətdən faydalanmalıdır, ancaq Amerika üçün demokratiyanın, insan haqlarının dəyər deyil, dünya ağalığı üçün vasitə olduğunu da bilməlidir. Bunlar Amerika üçün dəyər olsa idi, qatı monarxiya sistemi olan Səudiyyə Ərəbistan rejimini, Misirdə xalqın seçdiyi prezidenti devirərək hakimiyyəti ələ keçirmiş, diktator Sisini mənafeyi üçün müdafiə etməz, Əfqanıstanı xaraba qoymaz, Türkiyəyə qarşı PKK, PYD terror təşkilatlarını dəstəkləməz, İŞİD-i əlində tutmaz, İsrailin işğalçılıq siyasətinə haqq qazandırmaz, insan azadlıqlarının izi-tozu olmayan ölkələri demokratiya sammitinə çağırmaz, Azərbaycan işğal etdiyi ərazilərdən çıxmalıdır deməzdi…
- Avropa İttifaqı Güney Qafqazda təsir imkanlarını artırmağa çalışır, bunun yolu da Rusiyanın nüfuz məkanını daraltmaqdan keçir;
- Avropa İttifaqı Rusiyanı Güney Qafqazda sıxışdırmaq üçün bu bölgədə azadlıq və ədalətin təsis olunmasını ən önəmli vasitə sayır, bu məqsədlə Gürcüstanı, Ermənistanı aktiv biçimdə dəstəkləyir, Azərbaycanı da bu azadlıq məkanına daxil etməyə can atır, bilir ki, azadlıq məkanı böyüsə, Rusiyanın diktatorluğa bağlı təsir məkanı kiçiləcək;
- Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında savaşın olmasını istəmir, belə ki, savaş Güney Qafqazda Rusiyanın mövqeyini gücləndirir, iki dövləti də Rusiyadan asılı vəziyyətə salır, nifrət artdıqca, qan axdıqca Rusiyanın imkanları da artır, o, özünü xilaskar kimi tanıtmaq fürsəti qazanır, bölgəyə tam yerləşir;
- Avropa İttifaqı Azərbaycanla Ermənistanın birbaşa – Rusiyanın vasitəçiliyi olmadan görüşməsini istəyir, bu Rusiyanın önəmini azaltmağın yollarından biridir;
- Avropa İttifaqı Azərbaycanla Ermənistan sərhədində beynəlxalq müşahidəçilər qrupunun fəaliyyətə başlamasını istəyir ki, Rusiyanın müharibəni alovlandırmaq imkanı azalsın. O, təklifini öncə də tərəflərə təqdim etmişdi, Ermənistan bu təklifləri qəbul etsə də, Azərbaycan müsbət yanaşmadı;
- Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında dialoq qapısının açıq tutulmasını, siyasi, iqtisadi, diplomatik əlaqələrin qurulmasını zəruri sayır, tərəfləri bu yöndə addım atmağa təşviq edir;
- Avropa İttifaqı bir növ siyasi nüfuzunu itirmiş ATƏT-in Minsk qrupunun funksiyasını yerinə yetirməyə çalışır;
- Avropa İttifaqı Azərbaycana münasibətdə bu ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı məsələni Azərbaycan-Ermənistan münasibətlərindən ayırır ki, Azərbaycan hakimiyyətini qıcıqlandırmasın, onu dialoq masasında tuta bilsin;
- Avropa İttifaqının üç yanlış addımı var, bu addımlar Rusiya ilə mübarizədə onun əlini ciddi biçimdə zəiflədir: a) Türkiyənin bölgədə güclənməsini istəmir, Güney Qafqazdakı planını Türkiyəsiz gerçəkləşdirməyə çalışır, anlamaq, qəbul etmək istəmir ki, Güney Qafqazda, Ukraynada, gələcəkdə Türkistanda Türkiyəsiz hərəkət etmək məğlubiyyətə məhkumdur, bölgənin açar dövləti Türkiyədir. Rusiya bunu yaxşı bilir, Türkiyə ilə münasibətlərini qorumağa çalışır, Türkiyənin ondan uzaqlaşmasını istəmir, mümkün məsələlərdə Türkiyə ilə birgə hərəkət edir; b) Avropa İttifaqı Azərbaycandan Qarabağa status istəyir – o, bu yanlış mövqedən əl çəkməli, Azərbaycanın status olmayacaq, Qarabağdakı erməni vətəndaşlarının hüquqları qorunacaq modelini qəbul etməlidir; c) Avropa İttifaqı Ermənistanı məcbur etməlidir ki, beynəlxalq hüquqa hörmət etsin, Azərbaycanın ərazi bütövlüyünü tanısın;
- bu üç strateji yanlış addımdan imtina edilməsə, Avropa İttifaqının Rusiyanın bölgədəki təsir imkanlarını azaltmaq siyasəti məğlub olacaq, Rusiyanın təsir məkanında qalmaq yolunu seçmiş Azərbaycan hakimiyyətinin Rusiya sizdən yaxşıdır deməsi və xalqı buna inandırması üçün əsaslar yaranacaq, Azərbaycan xalqı ilə Avropa İttifaqı arasında güvən formalaşmayacaq;
- Avropa İttifaqı Brüssel görüşünə Azərbaycan hakimiyyətini Rusiyanın əlindən almaq imkanının olub-olmadığını test etmək fürsəti kimi də baxır. O, testin nəticələrindən asılı olaraq yeni siyasət müəyyən edəcək. Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq imkanının qalmadığını görsə, müəyyən edəcəyi siyasət Azərbaycanın və Azərbaycan hakimiyyətinin ziyanına olacaq, Qarabağ məsələsində Azərbaycanın ziyanına olan ciddi sıxıntılar ortaya çıxacaq

NƏTİCƏLƏR:

- Brüssel görüşü Rusiyanın iştirakı olmadan keçirilən ilk görüşdür, bu baxımdan önəmlidir;
- söhbət savaşdan xeyirlidir;
- dialoq qapısını açıq tutmaq faydalıdır;
- Ermənistanla birbaşa danışıqlar imkanı ortaya çıxa bilər ki, bu da Rusiyanın mövqeyinin zəifləməsinə yol açar;
- görüş Rusiyaya deyir ki, sənə alternativ var, bu da Azərbaycanın hərəkət imkanını artırır;

Paralel.az

0.013375997543335