Qavroş (“Qarabağ hekayələri” silsiləsindən...) II hissə

Qavroş (“Qarabağ hekayələri” silsiləsindən...) II hissə
 

 

Qalib Arif

 

Balaca qisasçi

 

Atamı yolda itirmişik… Kənddəki evdən paltar-palazı çıxara bilmədik, vaxt yox idi. Hərbçilər getmişdilər, erməni gəlirdi. Qiymətdə ağır, çəkidə yüngül nə var götürüb maşina mindik. Canımızı qurtardıq dedik. Sən saydığını say… Kənddən çıxanda bizim «Niva»nın dalınca ermənilər düşdü. Maşını mən sürürdüm. Atam beşatılanı və olan güllələri götürüb döngələrin birində tullandı. Mənə də dedi ki, bərk sür, ananı, bacını aradan çıxart. Onda mənim yaşım az idi, amma uşaqlıqdan maşın sürürdüm, yolu da əzbər bilirdim. Ağdama kimi sürdüm, dalımıza çatan olmadı. Atam da gəlib çıxmadı. Sonra eşitdik ki, axırıncı gülləsinə qədər dayanıb, erməniləri buravxmayıb… 

Atamın ölüm xəbərini alandan sonra bir müddət Ağdamda, uzaq qohumların evində qaldıq. Ümidimiz vardı, deyirdik bəlkə meyitini almaq, Ağdamda torpağa tapşırmaq qismət oldu. Ağdamda saqqallı, şaqqalı bir komandir vardı, bu işlə o, məşğul olurdu. Deyirdi ki, danışmışam, ermənilər meyiti verəcəklər, amma pul istəyirlər, çox istəyirlər. Atamın köhnə «Niva»sını dəyər-dəyməzinə satdıq, anamın yadigar qızıllarını pula çevirdik. Verdik. Get-gələ düşdük. Səhər gedirdik, deyirdilər axşam gəlin, axşam gedirdik, deyirdilər səhər gəlin. Səhər gəlirdik, heç kimi tapmırdıq, kor-peşman geri qayıdırdıq. Neçə ay bu minvalnan keçdi. Günlərin bir günü gördük ki, pul da qurtarıb, saqqallı komandirlərə inam da itib. Sonuncu itən isə ümid oldu - atamı doğma torpaqda torpağa tapşırmaq ümidi. Sonralar eşitdik ki, həmin saqqallı komandir də minaya düşüb, ölüb…

Pul qurtarandan, ümid itəndən sonra Tər-tərə, anamın böyük bacısı yaşayan kəndə gəldik. Bəxtimizdən xalamın oğlanlarından biri ailəsi ilə Rusiyada yaşayırdı, evləri boş idi. Onların evində yerləşdik. Əvvəl xalam, oğlanları kömək edirdilər, anam bizi birtəhər saxlayırdı. Amma üç uşağı - məni, məndən kiçik bacımsı, balaca qardaşımı yedirmək, geyindirmək asan deyildi. Anam xalamgildən borc pul götürdü, kəndin arvadlarından biri ilə şərik alverə başladı. Tər-tərdə, Bərdədə qapı-qapı düşüb şor yığırdılar, su buraxmayan şəkər kisələrinə doldurur, sonra aparıb Gəncədə satırdılar. Anamın gecəsi-gündüzü olmasa da, məni işləməyə qoymurdu, sən oxu, bəlkə atan kimi beş kişidən biri oldun deyirdi. Mən də anamın işləməsini, qapı-qapı gəzməsini istəmirdim, gözüm götürmürdü. İnsafən pis dolanmırdıq, heç özümüz bəyənib bu şordan yemirdik. Anam deyirdi, bu «ağ şey» bizi qıracaq. Doğrudan da belə oldu. Anam Gəncədə Bayramla tanış oldu. Əvvəl o, arabir gəlir, həyət-bacaya əl gəzdirir, ot çalır, odun doğrayırdı. Sonra bizdə yaşamağa başladı. Molla kəbini də kəsdirdilər. Xalamgil istəyirdilər bizdən arxayın olsunlar, qulaqları da dinc olsun. Odur ki, bir söz demədilər, mənə də məsləhət görmədilər.

Anam yenə kəndbəkənd düşüb şor yığırdı, Bayram isə ev-eşiyə baxırdı. 5-10 kisə mal yığılan kimi qonşunun köhnə «Jiquli»sinə yükləyir, Bərdəyə, ordan da düz Bakıya gedirdilər. Bir-iki günə malı bir yerdən verib geri qayıdırdılar. Hələ bizə paltar-palaz, dəftər-kitab da alırdılar. İnsafən Bayram pis adam deyildi, 40 yaşı ancaq olardı. Boy-buxunlu, necə deyərlər «viddi» kişi idi. Hər əlində 40 litrlik bidonla suya gedirdi. Bayram əvvəllər də tez-tez içirdi, sərxoş olanda qalmaqal salırdı. Əlinə pul keçəndən sonra tamam içkiyə qurşandı. İçkiyə qurşandıqdan sonra da əli işdən soyudu. Son vaxtlar Bayram daha anamla alverə getmir, evdə oturub içir, onu gözləyirdi. Gələn kimi pulun hamısını əlindən alırdı. Əvvəl xoşluqla, sonra zorla alırdı. Bir dəfə yenə içib dava-dalaş saldı, anama əl qaldırdı. Daha dözmədim, ağacı əlimə alıb onun üstünə cumdum… Ayılanda gördüm anam-bacım ağlayır, kiçik qardaşım da üzümə su çiləyir. Bir həftə çörək yeyə bilmədim, çənəm ağrıdı. Həftənin başında Bayram özü gəldi. Mənə heç fikir vermədi, anamı döyüb zorla əlində olanı aldı, getdi…

Həmin vaxtdan da həyatımız zəhərə döndü. Xalam oğlanlarını qarışmağa qoymurdu, qoxurdu ki, Bayram küsər, birdəfəlik gedər, biabır olarıq. Anam gözümün qabağında əriyirdi. Səhərdən axşama kimi işləyir, axşamdan səhərə kimi ağlayırdı.

Bacım da ona qoşulurdu. Evimizin bərəkəti qaçmışdı, dişə dəyən şey tapılmırdı. Bəyənmədiyimiz şoru yeyə bilmirdik, satmağa saxlayırdıq. Pulunu da Bayram göyə sovururdu. Anam mənə bir söz demirdi. Amma qonşular danışırdılar ki, Bayram Gəncədə cavan bir qəhbə saxlayır, evinə gedib-gəlir. Daha dözmək olmazdı, bütün bunlara - anamın əzablarına, bacımın göz yaşlarına son qoymaq lazım idi. Mən qət etmişdim, fürsət gözləyirdim.

Günlərin bir gecəsi Bayram yenə gəldi. Dəhşətli gecə idi. Yağış yağır, göy guruldayırdı, ildırım çaxırdı. Amma Bayramın səsini göylərin gurultusu da batıra bilmirdi. Anam daha ağlamırdı - bizdən utanır, Bayramdan qorxurdu. Bayram istədiyini almamış əl çəkmədi, pul azdır deyə anamın ölüsünə-dirisinə «əl çəkdi». Mən bu dəfə qarışmadım, mən bu dəfə gözləyirdim…

Atam neçə il meşəbəyi işləmişdi. İki tüfəngi vardı, biri bahalı ov tüfəngi idi - altı «16», üstü «yivli». O biri «adi» beşatılan idi. Atam Ağdam yolunda düşəndə hər iki tüfəng maşında idi. O, ikincini götürmüşdü - canavar ovuna beşatılanla gedərlər. Birinciniisə bizə saxlamışdı, dar gündə satarsız demişdi. Biz isə satmamışdıq, Ağdamda pulumuz qurtaranda da, Tər-tərdə bir tikə çörəyə möhtac olanda da satmamışdıq. Anamın yadigar qızıllarını satmışdıq, amma atamın yadigar tüfənginə dəyməmişdik. Tüfəngdən Bayramın da xəbəri yox idi, olsaydı, çoxdan satıb arağa vermişdi.

Mən həmin dəhşətli gecənin səhəri işıqlanmamış yerimdən qalxdım. Onsuz da çimir almamışdım. Atamın yadigarını çardaqdan götürmüşdüm, gecədən döşəyin altına qoymuşdum. Tüfəngi islanmasın deyə klyonkaya bükmüşdüm, kəsə yolla Tər-tər yoluna çıxmaq istəyirdim. Bayram istədiyini almışdı, gecəni də yağışdır deyə qalmışdı. Səhər tezdən yola düşməli, özünü alverə gedən tanış maşınlardan birinə yetirməli idi. Yağış yavaşısa da, hələ yağırdı. Kəndin kənarından axan çayın üstündəki körpüyə çatıb dayandım. Yağışdan sonra qalxan lilli su «körpünü apardım» deyirdi. İslanmamaq üçün özümü yolun qırağındakı cökənin altına verdim. Yarpaqları saralsa da, seyrəlsə də, hələ tam tökülməmişdi, yağışdan qoruyurdu. Çox gözləmək lazım gəlmədi. Hava azca bozaran kimi Bayramın hündür silueti kənd yolunda göründü. Ayı kimi yanını basa-basa gəlirdi, elə bil alçaq dağları bu yaratmışdı. Səbrlə onun körpüyə çatmasını gözlədim - atamla o qədər pusquda qaban gözləmişəm ki… Bu da biri… Tüfəngi üzümə qaldırdım, «yivli» lülənin tətiyini basdım. Mən ümumiyyətlə yaxşı atıram, «yivlə» isə quşu gözündən vururam. Bu dəfə də gözündən vurdum. Bayram yüngülcə səntirlədi, əlini alnına doğru apardı. Müvazinətini saxlaya bilmədi. Yıxıldı…Yumalanıb çaya düşdü. Anamın pulları axdı, getdi…

Mən bu dəfə həyətimizə qapıdan yox, çəpərdən girdim. Anam, bacım, kiçik qardaşım oyanmasın deyə. Əvvəlcə çardağa çıxdım, tüfəngi ancaq anamla ikimizin bildiyimiz yerdə gizlətdim. Sonra «ağ şeyə» son dəfə haram qatdım. Yolum uzaqdır deyə bir çörək içi doldurdum, qoltuğuma qoydum. Onların - atamın bu dünyada canlı yadigarlarının yatdığı otağın qapısı ağzında ayaq saxladım, halallıq istədim. Anamın qisasını almışdım, atamın qisasını almağa gedirdim…

(Ardı olacaq…)

Paralel.az

0.012517929077148