Düşüncə belə tələb edir

Düşüncə belə tələb edir
 

 

 

Ərəstun Oruclu yazır:

Sovetin 30-cu illərində Mərkəzi Komitəyə xəbər gəlir ki, bəs Çukotkada bir nəfər var, eynilə Leninə oxşayır. Bu da azmış kimi Leninin kepkasından gəzdirir, saqqalı da eynilə Leninin saqqalındandır. Amma məsələ bununla da bitmir, adamın adı da Vladimir Ulyanovdur, ona görə də hamı ona yoldaş Lenin deyə müraciət edir.

Stalin Beriyanı çağırıb məsələni təcili araşdırmağı tapşırır. NKVD adamı tapıb Beriyanın yanına gətirir və baş çekist əmin olur ki, hər şey eynilə deyildiyi kimidir. Adını soruşur, görür ki, o da Vladimir Ulyanovdur.

Beriya deyir ki, bəlkə sən nəsə bir dəyişiklik edəsən ki, Leninə oxşamayasan. Məsələn, kepkanı dəyişəsən, saqqalı qırxasan, adını və soyadını dəyişək, yoxsa proletariatın rəhbəri kimi görünmək yaxşı çıxmaz. 

Adam cavab verir ki, hamısını eləmək olar, hətta adımı da dəyişmək, amma bir problem var. Beriya soruşur ki, nə problemdir o, adam deyir, bəs beynimdəki fikirlər, düşüncələr necə olacaq? Axı onlar da eynilə Leninin düşüncələridir.

İndi bizim işlərimiz saqqal, kepka, ad-soyad dəyişməklə düzələn deyil, çünki düşüncə konkret mağara düşüncəsidir. Gündə bir yalan uydurub baş qatırlar, di gəl anlamırlar ki, bununla əldə olunan qısamüddətli "nəfəs dərməkdən" başqa bir şey deyil. 

Bir müddət ıslahat nağılı, sonra dialoq dastanı, onun da ardınca Zəngəzurun fəthi eposu, amma mağara düşüncəsi imkan vermir ki, sadə bir həqiqəti anlayalar: insanların yeməyə ehtiyacı var. Oğruların isə gözü doymaq bilmir.

Deyəndə ki, bu, sovet törtöküntülərini rədd edin, yerinə gəncləri gətirin, elə genetik yaltaqlari, yaramazları tapıb çıxarırlar, adam az qalır Artur Rasizadənin, Ziya Məmmədovun əl-ayağına düşüb yalvara ki, qayıt yerinə. 

Belə də olmalıdır, çünki mağara düşüncəsi bir az ağlı, bir az savadı, bir azca da şəxsiyyəti olan hər kəsə qarşı ancaq nifrət doğura bilər. 

Ona görə də belə insanların niyə qədim peşə sahiblərinin belə məqbul saymadığı üsullarla hədəfə alınmasına təəccüblənmək lazım deyil.

Paralel.az

0.013465166091919