Qala bələdiyyəsinin torpaq alverinin qurbanı

Qala bələdiyyəsinin torpaq alverinin qurbanı
 

 

 

Bugünlərdə redaksiyamıza şikayət məktubu ilə müraciət edən Xəzər rayon Qala qəsəbəsi, ev 29-da yaşayan Hüseynov Rasim Bahadur oğlu ona qarşı qəsəbə bələdiyyəsi tərəfindən reallaşdırılan qanunsuzluğa etiraz edir və hüquqlarının bərpası üçün mətbuatdan kömək istəyir. Buna qədər isə Hüseynov ölkə prezidenti də daxil, əksər dövlət qurumlarına oxşar müraciətlər edib. Fəqət kimsə vətəndaşın haqqına girənlərə-Qala bələdiyyəsinin yol verdiyi aşkar qanunsuzluq və nələrinsə hesabına özgə əmlakını ələ keçirmək istəyən şəxsə qarşı qanuni ölçü götürməyə cəhd eləmir.

R. Hüseynov Prezidentə ünvanladığı şikayət məktubunda yazır ki, Xəzər (keçmiş Əzizbəyov) rayon icra hakimiyyəti başçısının 1.07. 1997-ci il tarixli 575 saylı sərancamıyla mənə Qala qəsəbəsində fərdi ev tikmək üçün 12 sot (1200 kv.m) torpaq sahəsi ayrılıb (Sərancamın surətin yazıya əlavə edirik-S). 2003-cü ildə ayrılmış torpaq sahəsinin 7 sotunda ev tikmiş, qonşularımın gediş-gəlişi üçün dalan ayırmış, qalan 2 sotu isə hasarlayaraq çirkab suların müvəqqəti axıdılması üçün saxlamışdım. 2013-cü ildə istifadəmdə olan həmin torpaq sahəsində tikinti aparıldığını gördüm. Polisə şikayətimdən sonra məlum oldu ki, tikintini Hatəm İbrahimov adlı Naxçıvan Pespublikası sakini aparır. Şəxs özü Bakı qeydiyyatında olmadığına görə Qala bələdiyyəsi ilə əlbir olub  mənim 2 sot torpağıma Müşfiq adlı adamın adına saxta sərancam alıb. Dərhal aidiyyatı üzrə rayonun 1-ci polis bölməsinə şikayət etdim. Ədalət naminə polis vəzifə borcunu ləyaqətlə yerinə yetirərək həmin şəxsi dəvət edərək ona qanunsuz əməldən çəkinməsi barədə proflaktik söhbət edərək rəsmi xəbərdarlıq etdi və bu barədə mənə 16.09.2013-cü il tarixli 9/1, 3448/H 110 saylı məktub da göndərdi. 

Bir müddət sonra məni yenidən polis bölməsinə dəvət etdilər və məlum oldu ki bu dəfə Qala bələdiyyəsi həmin torpaq sahəsinə Anar adlı şəxsin adına sərancam verib. Və əlindəki sənəd qanunsuz olan həmin Anar məndən tələb edirdi ki, 15 il istifamdə olan, sərancamla da mənə məxsus 2 sotda olan anbarımı sökərək ərazini ona verim.

Və müraciətin sonunda hamı kimi haqsızlıqla üzləşmiş Rasim Hüseynov da ölkə başçısından ona köməklik göstərməsini xahiş edir. Vətəndaşı qınamaq da olmur, çünki “doğulan kimi adına torpaq alverçisi” adı verilmiş ölkə bələdiyyəsinin şəxsi mənfəətə görə yol verdiyi çoxsaylı qanunsuzluğa müvafiq dövlət qurumları ya təmənnalı şərik çıxır, ya da “orada xeyri” yoxdursa eləcə göz yumub keçir. Nəticədə hər yerdən əli üzülən vətəndaşlar son ümid yeri kimi ölkə prezidentinə müraciət edir, ondan ədalət, kömək gözləyir.

Bəla burasıdır ki, ölkədə normal, müstəqil məhkəmə sistemidə yoxdur ki, insanlar ədaləti orda axtarsın. 

Səma, Paralel.az

0.012953042984009