Dünyanın 17 aparıcı universitetində
"Azərbaycan multikulturalizmi" fənni tədris edilir

Dünyanın 17 aparıcı universitetində
 

İsveçin Malmö Universitetinin qafqazşünaslıq bölməsində
Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə başlanılıb

 

Bildiyiniz kimi, son illər Azərbaycanda mövcud olan tolerant və dözümlülük mühitinin bir çox dünya dövlətlərində təbliği üçün dövlət səviyyəsində bəzi işlər görülür. Görünür bu işlər yetərli deyil.

Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi çox böyük işlərə başlayıb. Mərkəzin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Oktyabr ayının sonlarından etibarən bu sıraya daha bir xarici universitet də əlavə olunub. İsveçin Malmö Universitetinin qafqazşünaslıq bölməsində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə başlanılıb. Dərslərin təşkili barədə razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Malmö Universitetinin Qafqazşünaslıq bölməsi arasında bu ilin fevral ayında rəsmiləşdirilib. Dərslər ingilis dilində keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən "Azərbaycan multikulturalizmi"nin tədrisi prosesində isveçlı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya Universitetləri ilə də gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilən "Azərbayan multikulturalizminin ədəbi-bədii qaynaqları" və bu yaxınlarda işıq üzü görən "Azərbaycan multikulturalizmi" dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksələcəyinə əminlik yaradır. Dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək "Azərbaycan multikulturalizmi" fənninin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürürlər. Bu təkliflərin bəziləri artıq həyata keçirilir.

Onu da diqqətinizə çatdıraq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi barədə danışıqlar aparılıb, təkliflər müsbət qarşılanıb.

Bu layihə çərçivəsində 2017-ci ilin fevralında Qəbələ, Oğuz, Şəki, Qax və Bakıda "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" devizi altında IV Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbləri təşkil edilib. Bu məktəblərin təşkili də, Azərbaycanda mövcud multikutlural mühitin təbliğatı xarakteri daşıyıb.

Keçən həftə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, "Yaşamaq sənəti" Beynəlxalq fondunun direktoru Svami Cotirmaya ilə görüşüb. Görüşdə Rəvan Həsənov  BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, sivilizasiyaların qovuşuğında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan Respublikasında bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, "Yaşamaq sənəti" Beynəlxalq fondunun direktoru Svami Cotirmaya öz növbəsində bildirib ki, Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkə ilə tanışlıqdan məmnundur. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin öyrənilməsi və istifadə olunması zəruridir.

Daha sonra tərəflər arasında 2018-ci ildən başlayaraq Hindistanın Sri Sri Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədris edilməsi barədə müqavilə imzalanıb.

Bu ilin Dekabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2017-ci il üçün illik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib. Müşavirəni BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla açaraq 2017-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, multikulturalizm sahəsində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, Mərkəz Prezident İlham Əliyev tərəfindən qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün il boyu çox böyük işlər görüb. Bu işlər arasında xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi, qış və yay multikulturalizm məktəblərinin keçirilməsi, Azərbaycan universitetlərində multikulturalizm fənni üzrə tədrisin təşkili və onun davamı, eyni zamanda, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının davamı kimi "Azərbaycan multikulturalizminin elmi-ictimai əsasları" kitabının hazırlanması, eyni zamanda, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı "Heydər Əliyev 95: multikulturalizm və tolerantlıq ideyaları" mövzusunda beynəlxalq konfransın təşkili əsas yer tutur.

Bu da məlumdur ki, bu gün bir çox ölkələrin universitetlərində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları da fəaliyyət göstərirlər. Gələn ilin aprel ayından bir sıra xarici universitetlərdə beynəlxalq konfransın bölmə iclasları keçiriləcək. Bu iclaslarda Azərbaycandan da nümayəndələr iştirak edəcəklər. May ayında isə Bakıda "Ulu öndər Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideyaları" beynəlxalq konfransının yekun toplantısı təşkil ediləcək. Bu iclasa həmin xarici universitetlərdən nümayəndələr də qatılacaqlar.

Akademik Kamal Abdulla multikulturalizm və tolerantlıq sahəsində tədbirlərin təşkilində ölkəmizdə yaşayan müxtəlif dini icmaların yaxından iştirakını da xüsusi vurğulayıb.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov 2017-ci ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, keçən dövr ərzində ölkə daxilində müxtəlif mövzular ətrafında 1 müşavirə, 5 elmi-metodiki seminar, 6 konfrans, 7 təqdimat, 13 "dəyirmi masa", eləcə də ölkə xaricində 3 "dəyirmi masa", 3 mühazirə-təqdimat, 4 konfrans təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu il təşkil etdiyi mühüm tədbirlərdən biri də "Alban Apostol kilsəsi: tarixi baxış" mövzusunda "dəyirmi masa"nın təşkilidir. Bu tədbirdə çıxış edən Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov  "dəyirmi masa"nın əhəmiyyətindən söz açıb. Mərkəzin son illər gördüyü işlərdən danışaraq sözügedən tədbirin mərkəzin təşəbbüsü ilə həyata keçirildiyinə diqqət çəkib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin baş məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın moderatorluğu ilə reallaşan "dəyirmi masa"da nəşrin əhəmiyyətindən, ölkəmizin tarixini öyrənmək baxımından faydalı olduğundan söz açılıb. Həcər Verdiyeva əvvəlcə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlərdən danışıb.

Sonra Alban Apostol avtokefal kilsəsi haqqında ətraflı məlumat verərək vurğulayıb ki, baş redaktoru akademik Kamal Abdulla olan "Alban Apastol kilsəsi: tarixi baxış" kitabı Azərbaycan tarixinin reallıqlarına işıq tutur, ölkəmizin multikultural dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi önəm kəsb edir. Kitab, eyni zamanda, Azərbaycan tarixinin tərkib hissəsini təşkil edən Alban Apastrol kilsəsinin de-fakto və de-yure bərpası bu irsə, ilk növbədə ölkəmizin tarixinə kənardan sahib çıxmaq istəyən qüvvələrin önünə sədd çəkir. Alban Apostol kilsəsinin tarixindən söz açan natiq deyib ki, bu kilsənin əzəli patriarxlıq tarixi eramızın I əsrindən başlayaraq Qüdsdən gələn apostların adı ilə, ilk növbədə Hindistandan Qafqaz Albaniyasına gələn və Ordubadda Alban kilsəsinin əsasını qoyan Varfolomeyin və apostol Faddeyin şagirdi, Kiş (Gis) kilsəsinin əsasını qoyan Yeliseyin adı ilə bağlıdır.

 

Yazının hazırlanmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məlumatlarından istifadə olunub.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.073040962219238