İsrail İranın nüvə obyektlərinə zərbələr endirmək üçün təlimlər hazırlayır
Paralel.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri komandanlığı 2022-ci ilin yazında İranın nüvə obyektlərinə mümkün zərbələrin işlənməsi üçün ən böyük təlimləri təşkil edəcək. Bu barədə “Times of Israel” məlumat yayıb.
Bundan əvvəl İsrail Yayım Korporasiyası təlimlərin Aralıq dənizi üzərində keçiriləcəyini öyrənmişdi. Onlara F-15 və F-16 qırıcıları, F-35 qırıcı-bombardmançı təyyarələri, Gulfstream G550 kəşfiyyat təyyarələri və yanacaq dolduran təyyarələr qatılacaq..
İsrail aviasiyası 1000 km-dən çox məsafədə - İranın nüvə obyektlərinə hücum zamanı İsrail təyyarələrinin qət etməli olduğu məsafədə zərbələr endirəcək.
"Times of Israel" xatırladır ki, yanvar ayında İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi tabeliyində olanlara İranın nüvə proqramına zərbələr endirmək üçün planlar hazırlamağı tapşırmışdı. Noyabrda o, Knessetdə deyib ki, İsrail ordusu İrandan gələn nüvə təhlükəsinə cavab vermək üçün təlimləri artıracaq.
Bununla belə, qəzet qeyd edir: "İsrail hakimiyyəti İrana müstəqil şəkildə zərbə endirməyə hazır olduqlarını bəyan etsə də, bu ssenari şübhələr yaradır. Cünki İran müəssisələrinin bəziləri yerin dərinliklərində yerləşir və İsrailin onları məhv etmək üçün müvafiq sursat növləri yoxdur".
Bundan əlavə, "Times of Israel" əlavə edir ki, son həftələrdə İsrail silahlı qüvvələrinin İranın nüvə təhlükəsi ilə mübarizə aparmağa hazır olmadığına dair məlumatlar var və effektiv fəaliyyət planı hazırlamaq üçün aylarla iş lazım gələcək.
Akif Nəsirlu