“Dövlət öz insanına dəyər verməlidir"

“Dövlət öz insanına dəyər verməlidir
 

Paralel.az_ın məlumatına görə, “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri Elçin Bayramlı Facebook hesabında ölkədəki demoqrafik vəziyyəti şərh edərkən bir neçə problem sadalayır: “Ailə institutu dağılmaq üzrədir, boşanmaların sayı artır, təxminən 1000 nikaha 370 boşanma qeydə alınır. Bu dünyada demək olar ki, ən yüksək göstəricilərdən biridir. Digər tərəfdən sosial problemlər, evsizlik, işsizlik kimi problemlər uşaq sayına çox ciddi təsir edir. Əksər ailələr bir uşaqlıdır, az bir hissə iki uşaqlıdır, üç-dörd uşaqdan isə söhbət gedə bilməz”.

Ekspertə görə, sosial-iqtisadi şərtlər vadar edir ki, insanlar ya evlənməsin ya da evlənəndə də bir uşaqla kifayətlənsinlər.

Elçin Bayramlıya görə, burada həm də müasir həyat tərzinin bərabərində gətirdiyi mənəvi-psixoloji problemlər var.

Onun fikrincə, insanlar getdikcə eqoistləşir, özü üçün yaşamaq istəyir: “Yəni demoqrafik azalmada 70% sosial-iqtisadi problemlər rol oynayırsa, 30%-də mənəvi-psixoloji səbəblər yer tutur”.

“Dövlət öz insanına dəyər verməlidir ki…”

Elçin Bayramlı deyir ki, əhalinin azalmasının başlıca təhlükəsi əhalinin qocalmasıdır. O, bunun dövlətə əlavə yük olmasından danışır:

“Hər 1000 işləyənə pensiya alanların sayı artır. Əmək qabiliyyətli əhali azalır, cavan nəsil az yetişir, əhali həm qocalır, həm də sayı azalır. Əksər ölkələrdə bunun qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər görülür, uşaq pulu verilir, çoxuşaqlı ailələrə yüksək güzəştli mənzillər təklif edilir. Bizdə bunların heç biri yoxdur. Ona görə də getdikcə bu vəziyyət daha da pisləşəcək.  Nəticədə əhalinin qocalması gedəcək, əhali təzələnməyəcək, milli genofondumuz üçün təhlükədir. Bunun qarşısını almaq üçün demək olar ki, heç bir dövlət proqramı yoxdur”.

Sosioloq hesab edir ki, ev almaq insanlar üçün əlçatan olmamalıdır. O, bəzi təkliflərini bölüşür: “Bəzi ölkələrdə insanlar çox cüzi faizlə ev sahibi ola bilir. Bizdəki güzəştli ev layihələri isə praktik olaraq ağır şərtli olduğu üçün çox adam ala bilmir. Ev sahibi olmayan gənclər isə çox vaxt evlənmək istəmir. Problem çoxtərəfli və fundamentaldır.  Dövlət konkret proqram qəbul etməlidir”.
A. Nəsirli

0.015581846237183