Qəpik-quruş gətirən neft pulları

Qəpik-quruş gətirən neft pulları
 

DNF vəsaitlərinin bir hissəsi ilə hökumət kommersiya banklarına donorluq edə bilər

Dövlət məmurlarının hər zaman güvənc yeri olan mənbərlərdən biri , Azərbaycan dövlətinin valyuta ehtiyatlarıdır. Adətən yüksək rütbəli dövlət məmurları ölkənin valyuta ehtiyatları barədə danışanda onun 45-50 milyard dollar civarında olduğunu deyirlər. Bir məsələyə aydınlıq gətirək ki, Azərbaycanda valyuta ehtiyatlarına münasibət dünyadakından fərqlənir. Belə ki, bizdə valyuta ehtiyatları dedikdə, Azərbaycan Dövlət Neft Fondunun (DNF) aktivləri nəzərdə tutulur. Dünyanın inkişaf etmiş inkişaf etməkdə olan ölkələrində isə dövlətin valyuta ehtiyatları dedikdə, iqtisadiyyatın maliyyə sferasını idarə edən Mərkəzi Banklar valyuta ehtiyatları nəzərdə tutulur. Yəni bizdə yanaşma bir qədər yanlışdır - adından göründüyü kimi, valyuta ehtiyatı xarici valyutalarda olan likvid pul kütləsidir. Bu iqtisadi göstərici iqtisadiyyatın dayanıqlığını göstərən indikatorlardan biridir. Belə ki, ölkənin valyuta ehtiyatı qədər çox olarsa, gərəkən məqamlarda onun maliyyə sferasında operativ manevr etməklə problemləri aradan qaldırmaq potensialı da çox olur. Məsələn, Türkiyənin lazımi qədər valyuta ehtiyatı olsaydı, son iki aylıq (noyabr dekabr) maliyyə böhranından asanlıqla çıxa bilərdi. Bütün bunları deməkdə məqsədimiz onu aydınlaşdırmaqdır ki, ölkənin valyuta ehtiyatı maliyyə sferasını idarə etmək üçün bir alətdir o həmişə Mərkəzi Bankın əlinin altında pul kütləsi - xarici valyuta şəklində olmalıdır. Azərbaycanda bu məbləğ təxminən 6-7 milyard civarında dəyişir Mərkəzi Bank (AMB) adətən bu ehtiyatlardan nadir hallarda istifadə edir. Ölkənin maliyyə sferasında valyutaya tələbat isə DNF-nin vəsaitlərinin hərraca çıxarılması ilə ödənilir. Əslində isə belə problem AMB-nin ehtiyatları hesabına həll edilməlidir.

DNF-nin sözügedən ehtiyatlarına gəldikdə isə bunu dövlətin sərmayəsi adlandırmaq olar. Çünki həmin vəsait dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaka, qiymətli kağızlara, digər fondlara valyutalara yatırılır ki, dövriyyədə olmaqla ölkəyə divident gətirsin. Son illər Azərbaycan hökuməti "valyuta ehtiyatı" adlandırdığı sərmayədən qəpik-quruş qazanır desək yanılmarıq. Çünki son 10 ildə DNF-nin ehtiyatlarının idarə edilməsindən əldə edilən mənfəət 1 faiz belə təşkil etməyib. Son üç ildə isə bu istiqamətdən gələn gəlirlərin həcmi 0,4 faizin altında olub.

Bu ilin doqquz ayının nəticələrinə görə, DNF tərəfindən 44 milyard 226 milyon 500 min  dollarlıq aktivlərin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis gəlir 162,1 mliyon ABŞ dolları ya 0,37 faiz təşkil edib. Xalis gəliri azaldan valyuta məzənnə fərqindən itkilər qızıl ehtiyatları olub. Belə ki, DNF-nin hesabat tarixinə məzənnə fərqi üzrə itkiləri 666 milyon ABŞ dolları təşkil edib. Valyutalar üzrə itkilərdə əsas pay avroya (502,1 mln. ABŞ dolları),  Türk lirəsinə (54,1 mln. ABŞ dolları) Yapon yeninə (52,8 ABŞ dolları) məxsus olub. Qızılın qiymətinin ucuzlaşmasından 505 milyon ABŞ dolları fərq yaranıb. 

Göründüyü kimi, Azərbaycan dövlətinin neft satışından daxil olan vəsaitin idarə edilməsindən əldə edilən gəlir, heç bir faiz təşkil etmir. Halbuki, ölkə daxilində vətəndaşa verilən kreditlərin ortalama faiz dərəcəsi 20 faiz təşkil edir. Bu kredit portfelinin 70 faizə qədərini isə ölkə vətəndaşlarının depazitə qoyduğu pullar təşkil edir. Bu o deməkdir ki, vətəndaşlarımızın bir hissəsi banklar vasitəsi ilə digər bir hissəsinə ehtiyatda olan vəsaitlərini kredit verir. Bir tərəfdən pulun depozit faizi, bir tərəfdən bankın mənfəət norması, üstəgəl AMB-nin əlavə etdiyi 3-7 faiz - bununla kreditlərin faiz dərəcəsi 20 faizi keçir. Hökumət bu prosesə müdaxilə etmək faiz dərəcələrini aşağı salmaq imkanına malikdir.

Belə ki, hər il 0,3-0,4 faiz gəlir gətirən vəsaitlərin bir hissəsi ölkə daxilindəki kredit portfelinə yönəldilə bilər. Bununla da həm hökumət, həm kreditə ehtiyacı olan vətəndaşlarımız qazana bilər.

Hazırda AMB-nin uçot dərəcəsi 7 faiz təşkil edir. Lakin bu 7 faizlik uçot dərəcəsi heç bir gücə malik deyil, işləməyən iqtisadi alətdir. Əgər hökumət DNF vəsaitlərini kredit portfelinə yönəltməklə kommersiya banklarına uçot dərəcələri əsasında donorluq etsə, bir tərəfdən ölkədə kredit faizləri aşağı düşər, digər tərəfdən isə hökumt həmin vəsaitin idarə edilməsindən indiki kimi 0,4 faiz deyil, 7 faiz qazana bilər.

Bununla yanaşı, məsələnin mənəvi tərəfi var - sərvət bu xalqa məxsusdursa, birinci növbədə hökumət xalqın bu sərvətdən bəhrələnmək imkanları barədə düşünməlidir. Daha geniş imkanlar yaradılmalıdır ki, xalq Allahın ona bəxş etdiyi sərvətdən bəhrələnsin.

Akif Nəsirli

0.10185694694519